Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Sabitlik və inkişaf ölkələrin öz bölgəsində söz sahibi olması şəraitində mümkündür”

“Sabitlik və inkişaf ölkələrin öz bölgəsində söz sahibi olması şəraitində mümkündür”

Gürcüstanın aktiv vasitəçiliyilə Bakı ilə İrəvan arasındakı əsir-mina xəritələri anlaşması azad olunmuş torpaqların təhlükəsiliyindən daha böyük əhəmiyyətə malikdir. Əlbəttə, ən önəmli budur ki, ən azı Ağdam ərazisində istər mülki şəxslərin, istərsə də hərbçilərimizin minaya düşmək ehtimalı yüzlərlə dəfə azalır.

Bu sözləri Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib.

Politoloq hesab edir ki, məsələnin digər aspekti onun iqtisadi çıxarlarıdır:

“Mütəxəssislər hesab edirlər ki, xəritələrin əldə olunması ərazilərin minalardan təmizlənməsinə xərclənməli olan vəsaitdən 100 mln dollaradək qənaət edərək, onun başqa məqsədlərə yönəldilməsinə imkan verəcək. 

Xəritələrin əldə olunması sayəsində ərazilərin minalardan təmizlənməsi sürətlənəcək ki, bu da öz növbəsində onların daha tez məskunlaşdırılmasına imkan verəcək. Nəhayət, bunların 3 Cənubi Qafqaz ölkəsinin iştirakilə baş tutması bir çox mübahisəli məsələlərin də həmin formatda həlli üçün model ola bilər.

Bu yaxınlarda “Düzdanışaq” kanalına müsahibəmdə bildirmişdim ki, Cənubi Qafqaz regionu ölkələri onlara kənardan verilən reseptlər üzrə çalışdıqca, yaşadıqca başqalarının oyununda onların qaydaları üzrə oynamalı olacaqlar. Yeganə təskinliyimiz isə oyunun öz “meydançamızda” aparılması olacaq ki, bu da əksinə, daha pisdir.

Çünki belə oyun heç vaxt “meydança” sahibinin qələbəsilə nəticələnə bilməz, çünki oyunu və onun qaydalarını təyin edənlər onları öncədən öz maraqlarına uyğun müəyyənləşdiriblər və qələbə də onların olur. Bu praktika davam etdikcə bölgə ölkələri hadisələrin arxasınca getməyə məhkum olacaqlar.
Bundan çıxmağın yeganə optimal və etibarlı yolu isə “meydançamızda” aparılan bütün oyunları da, onların qaydalarını da özümüzün müəyyənləşdirməyimizdir. Bu alınarsa, o zaman yerlər də dəyişəcək və hadisələrin önündə gedən, onları idarə edən artıq bölgə ölkələrinin özləri olacaqlar. Buna narrativi dəyişmək deyə bilərik. 

Amma bütün bunun həyata keçməsi və uğur qazanması üçün ilk növbədə qarşılıqlı etimad olmalıdır ki, onu yaratmaq da ən çətin iş olacaq. Hələlik baş tutmuş mübadilə bunun çox kiçik, amma ümidverici qığılcımıdır. Çünki istənilən bölgədə sabitlik və inkişaf yalnız oradakı ölkələrin öz bölgəsində söz sahibi olması şəraitində mümkündür” – deyə Ə.Oruclu bildirib.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …