Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı ölən məktəb direktorundan danışdı: “VHP-nın üzvü olub, dəyərli insan idi”

Sabir Rüstəmxanlı ölən məktəb direktorundan danışdı: “VHP-nın üzvü olub, dəyərli insan idi”

Bir neçə gündür ki, ATV-nin “Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı Xətai rayonu Zaur Məmmədov adına 171 saylı orta məktəbin direktoru Telman Qardaşovun ölümü mətbuatın əsas gündəminə çevrilib. Mərhum direktorun yaxınları T.Qardaşovun ölümündə günahı ATV telekanalının əməkdaşı Azər İsmayılovda görürlər.
Mərhumun qızı saytımıza açıqlamasında deyib ki, atasının vəfatına səbəbkar olan Azər İsmayılovdur: “O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik. Hər şeyə görə cavab verməlidir”.
ATV telekanalının isə yaydığı rəsmi məlumatda bildirilib ki, verilişdə heç bir qanunauyğunsuzluq yoxdur: “Məktəbdə çəkiliş aparmışıq və 11.01.2017-ci il tarixdə o veriliş efirdə yayımlanıb. Hər şey ictimaiyyətin gözü qarşısında baş verib. Verilişin efir gününə qədər ünvanımıza yönəldilən şər və böhtanlar da, yalanlar da… Veriliş efirə getdikdən sonra isə bütün həqiqətlər ortaya çıxdı. Biz öz işimizi görmüşük. Nə Təhsil Nazirliyindən, nə Bakı Şəhər Təhsil İdarəsindən, nə də digər qurumlardan ünvanımıza irad bildirilməyib. MTRŞ isə açıqlamasında verilişdə heç bir qanunauyğunsuzluğun olmadığını bildirib. Məlum verilişin çəkilişindən və efir günündən bu qədər vaxt keçdikdən sonra belə bir üzücü hadisənin baş verməsini kanalımızla əlaqələndirmək bütün məntiqi yanaşmalara ziddir. Ictimaiyyətə bəyan edirik ki, bu cür söz-söhbətin, dedi-qodunun tərəfi deyilik və qətiyyən də olmaq istəmirik”.
Teleaparıcı Azər İsmayılov isə ittihamları qəbul etmir. O, öz işini gördüyünü qeyd edib.
Ötən gün isə sosial şəbəkədə mərhum direktor haqda daha bir məlumat yayılıb. Onun VHP-nın üzvü, hətta qurucularından biri olduğu bildirilib.
Musavat.com yayılan məlumatla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ilə əlaqə saxlayıb. O, bildirib ki, T.Qardaşov partiyaya ilk qoşulanlardandır: “Vətəndaş Həmrəyliyi Partiyası yaradılan zaman partiyaya qoşulan ilk insanlardan biri də Telman Qardaşov idi. Partiya üzvü olaraq, o illərdə çox çalışdı. Onu yaxşı xatırlayıram, dəyərli, gözəl insan idi. Təəssüf ki, 15 il idi ki, əlaqəmiz itmişdi. Məktəb direktoru kimi fəaliyyət göstərməsindən xəbərsiz olmuşam. Onun ölümü haqda mətbuatdan məlumat almışam. Əlbəttə, Telmanın vəfat etməsi məni  kədərləndirdi. Bakıya dünən gəlmişəm. Yaxın günlərdə ailəsinə baş çəkəcəyəm və hadisələri bir də onların dilindən dinləyəcəyəm”.
Direktorun ölümü və ailəsinin ittihamları ilə bağlı Baş Prokurorluqla əlaqə saxladıq. Ordan musavat.com-a bildirdilər ki, məsələ daxili işlər orqanlarında araşdırılır. 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın