Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Sərdar Həmidova Milli Qəhrəman adı verilməməsində qərəz yoxdur”

“Sərdar Həmidova Milli Qəhrəman adı verilməməsində qərəz yoxdur”

“Sərdar Həmidova Rəhimova Allah rəhmət eləsin. O, doğurdan da Tərtər ətrafında gedən döyüşlərdə həm icra başçısı, həm də bir vətənpərvər kişi kimi əlindən gələn etmişdi və bunu da kimsə dana bilməz”.

Bunu Moderator.az-a açıqlamasında sabiq müdafiə naziri Rəhim Qazıyev bildirib.

Rəhim Qazıyev deyib ki, o, vətən yolunda canla-başla xidmət göstərib, döyüşən qeyrətli kişilərə havadarlıq edib, Ağdərə alınandan sonra həmin ərazilərdə, əkin sahələrində böyük işlər gördü:

“Tərtərin iqtisadi durumunu bərpa etməkdən ötrü xeyli kənd təsərrüfatı işləri görmüşdü. İndiki bir çox icra başçılarından fərqli olaraq Qarabağ qazilərinə, şəhid ailələrinə hər zaman havadarlıq edirdi, maddi təminatlarını həll edirdi. O, bütün işləri ürəkdən görürdü, elə könüllü batalyona da ürəkdən köməklik göstərirdi. Sərdar Həmidovun qardaşı İsgəndər Həmidov, oğlu Şəhriyar başda olmaqla bütün doğmalarına başsağlığı verirəm. Allah ailə üzvlərinə, doğmalarına, döyüş yoldaşlarına səbr versin. Hamımız bu yolun yolçularıyıq, sadəcə geci-tezi var. Allah yerdə qalanlarının canını sağ eləsin. Allah ruhunu şad eləsin!”.

R.Qazıyev daha sonra Qarabağ müharibəsi iştirakçılarnın dövlət rəhbərliyinə müraciət etmələrinə baxmayaraq Sərdar Həmidova Milli Qəhrəman adının verilməməsinə də münasibət bildirib:
“İlk növbədə onu deyim ki, Sərdar Rəhimov Tərtər batalyonunun rəsmi olaraq komandiri olmayıb. Mən nazir olduğum zaman elə bir əmr verməmişəm. O, rəsmi şəkildə icra başçısı idi, icra başçısı olduğuna görə də Milli Qəhrəman adı verilməsi ilə bağlı Prezident Aparatı tərəfindən prezidentə təqdimat göndərilməliydi. Qarabağ qazilərinə mənim böyük hörmətim var və bu məsələni də eşitmişəm, amma o, Müdafiə Nazirliyinin yox, Prezident Administrasiyasının əməkdaşı olub. Ona görə də Milli Qəhrəman adının verilməsi ilə bağlı ya həmin dövrdə icra strukturunun şöbə müdiri olan Arif Hacılı, ya da uzun müddət dövlət katibi olmuş Pənah Hüseyn prezident Əbülfəz Elçibəyə təqdimat verməliydi. Mən Tərtərdə, eləcə də digər rayonlarda vuruşan ləyaqətli oğulların əksəriyyətinə Milli Qəhrəman adı verilməsi ilə bağlı təqdimatlar yazmışam. Ancaq elə oğullar var ki, əvəzsiz igidliklər göstərmələrinə baxmayaraq kölgədə qalıblar. Yaddan çıxan da olub, yerli komandirlərin qərəzinə görə qəhrəmanlıqları qeydə alınmayanlar da. İnsanların naqisliyi həmişə olub, elə indi də var, həmin naqisliklərə görə qədir-qiymətini ala bilməyənlərin ən layiqli dəyərini Allah verəcək. Mən o dövrdə döyüş bölgəsində olan bütün rayonların icra başçılarının rütbəsini bir pillə artırmışdım, Sərdar Həmidov da ehtiyatda olan kapitan idi, ona ehtiyatda olan mayor rütbəsi verdim. Bir məqamı da qeyd edim, rəhmətlik Çingiz Mustafayev döyüş bölgəsində həlak oldu. O zamankı televiziya rəhbərliyi Məmməd İsmayıl ona Milli Qəhrəman adı verilməsi ilə bağlı təqdimat yazdı, Əbülfəz bəy də Çingiz Mustafayevə Milli Qəhrəman adını verdi. Bunu deməkdə məqsədim odur ki, Sərdar Həmidova Milli Qəhrəman adı verilməməsində qərəz-falan yoxdur. Onu da qeyd edim ki, rəsmi şəkildə komandir olmasa belə Sərdar Həmidov batalyonun bütün problemləri ilə yaxından ilgilənib, təminat və təchizat məsələlərini həll edib, əlingən gələnindən də artığını edib. Allah ona rəhmət eləsin!”

Xatırladaq ki, Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandanı, 1992-94-cü illərdə Tərtər rayonunun icra başçısı işləmiş Sərdar Həmidov ötən gecə 1 saylı Mərkəzi Kliniki Xəstəxanasında dünyasını dəyişib.

S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Birinci Qarabağ savaşında və Tərtər rayonunun erməni işğalına məruz qalmaması uğrunda qəhrəmanlıqlar göstərən S. Həmidov uzun illərdir yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın