Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sərdar Cəlaloğlu: “Onların minnəti olsun ki, mənə dəstək verəcəklər”

Sərdar Cəlaloğlu: “Onların minnəti olsun ki, mənə dəstək verəcəklər”

“Müsavatçılar bir vəfa borcu olaraq nə üçün məni dəstəkləməməlidirlər?”

Prezidentliyə namizədliyini irəli sürən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müxalifətin vahid namizədi ola biləcəyi barədə yayılan xəbərlər siyasi çevrələrdə müzakirə mövzusudur.

S.Cəlaloğlu ilə seçki prosesin, müxalifətin vahid namizədi ola biləcəyi iddiası və digər məsələlərlə bağlı söhbət etdik.

– Sərdar bəy, imzatoplama kampaniyanız necə gedir?

– İmzatoplama ilə bağlı qeyri-sağlam bir təfəkkür var. Əslində imzatoplamaq çətin bir şey deyil. 45 min imza toplamaq üçün 200 nəfər cəlb olunsa, kifayət edir. Açığı, biz seçkidə iştirak etmək istəmirdik. Müsavat iştirak edərdisə, onun namizədini dəstəkləməklə bağlı öz aramızda razılığa gəlmişdik. Müsavat üçün imzatoplama kampaniyasında iştirak etməklə bağlı qərarımızı vermişdik. Müxalifətin 12 partiyasının təmsil olunduğu Koordinasiya Mərkəzi də belə qərar vermişdi. Çox təəssüflər olsun ki, bunların heç biri olmadı. Hazırda bir sıra siyasi partiyalar var ki, imzatoplama kampaniyasında mənə dəstək verirlər. Çoxsaylı insanları imza yığmağa cəlb etmişik. İmza vərəqələrini alandan sonra tanımadığımız xeyli insan bizə müraciət edib, imza toplamaq istədiklərini bildirdilər. Həddindən artıq qəribə bir təşəbbüskarlıq müşahidə edirik. Düzü, bunları gözləmirdim. Vaxtilə üzvlərimiz olan və sonradan əlaqələrini zəiflədənlərin özləri bizimlə əlaqə saxladılar. İmza vərəqələrini bütünlüklə paylamışıq.

– Doldurulub geri gətirilən varmı?

– Var. Amma 70 vərəqi hələ geri almamışıq. Onların hamısına tapşırmışıq ki, ayın 8-nə qədər vərəqələri qaytarsınlar, bütün imzalar əlimizdə olsun. Taliyət Əliyev seçki qərargahının rəhbəri və MSK-da səlahiyyətli nümayəndəmizdir. Daha dəqiq məlumatları mətbuat ondan ala bilər. Əgər maneələr olmasa, bu mərhələni uğurla başa vuracağıq. Parlament seçkilərində imza toplamaq indikindən qat-qat çətindir. O seçkilərdə bir dairədən imza toplamalısan. Dairədə də yaşayanların yarıdan çoxu ya orada deyillər, ya da müvəqqəti yaşayanlardır. Amma prezident seçkilərində bütün ölkə üzrə istənilən yerdən imza yığa bilərsən. Məsələn, istənilən bir metro stansiyasının qarşısında durub, gün ərzində mindən çox imza yığmaq olar. Parlament seçkilərində bir də pasport qeydiyyatı tələb olunur. Hələ ki bizə heç bir maneə yaradılmır. Görünür, hökumət bizim seçkidə iştirakımızda maraqlıdır. Vaxtında imzaları yığıb təhvil verəcəyik.

“5-10 minlik mitinqi bu gün tək keçirə bilərəm”

– Müxalifətin vahid namizədi olacağınızla bağlı yayılan xəbərlər də maraq doğurub. Doğrudur, Müsavat başda olmaqla, digər siyasi partiyalar daxilində gedən müzakirələrdə bunun əleyhinə olanlar çoxluq təşkil edirlər. Xüsusilə müsavatçılar sosial şəbəkələrdə açıq şəkildə buna qarşı çıxırlar. Necə düşünürsünüz, vahid namizəd ola biləcəksiniz? Bununla bağlı partiyalarla danışıqlar aparırsınız?

– Müsavatın üzvlərini anlaya bilmirəm. Biz həmişə Müsavatı dəstəkləmişik. 2003-cü ildə bu partiyanın seçkilərinə görə 4 il yarım həbs cəzası aldım, işgəncələrə məruz qaldım. Evimi dağıdıblar, ailə üzvlərimə aid qızılları aparıblar, övladlarımı incidiblər. Müsavat üçün bu qədər əziyyət çəkmişəm, halal xoşları olsun. Bunları üzə vurmaq üçün demirəm. Bu seçkilərdə də İsa Qəmbərə dedim ki, əgər namizəd olsanız, ADP sizi dəstəkləyəcək. 25 illik siyasi həyatımızda Müsavatı bu və ya digər formada dəstəkləmişik. Görəsən, bu müsavatçılar bir vəfa borcu olaraq nə üçün Sərdar Cəlaloğlunu dəstəkləyə bilməzlər? Nəyim bunlar üçün yetərli deyil ki, onlarda “Biz Sərdar Cəlaloğlunu dəstəkləyə bilmərik” kimi diskussiyalar başlayıb. Təvazökarlıqdan uzaq olsa da, mənə Əbdürrəhman Vəzirov, Əbülfəz Elçibəy, Heydər Əliyev vəzifələr təklif ediblər, imtina etmişəm. Mənim vəzifədə gözüm yoxdur. Guya prezident olanda Sərdar Cəlaloğlu olacam, olmayanda yox? Sadəcə olaraq, xalqımı sevirəm, istəyirəm xalqım böyüsün, inkişaf etsin. Bunun üçün prezident kimi də, sıravi vətəndaş kimi fəaliyyət göstərməyə hazıram və göstərirəm də. Mənim üçün prezident olmaq, yaxud kiminsə prezidentliyini dəstələmək kompleksi yoxdur. Bəzi şəxslər milli maraqlardan çıxış etmirlər. Məhz bu şəxslər üçün çətindir Sərdar Cəlaloğlunu dəstəkləmək.

– Sizcə, səbəb nədir?

– Guya mən sizləri dəstəkləyəndə alçaqlıq olur, siz məni alçaqlıq olmasın deyə dəstəkləmirsiniz? Açığı hələ ki namizədliyimin qeydə alınıb-alınmaması məlum olmadığından bu cür məsələləri düşünmürəm. Amma bir neçə partiya var, özləri mənə müraciət ediblər ki, əgər qeydə alınsanız sizi seçkilərdə dəstəkləyərik. Bu dəqiq olacaq. Eləcə də seçkidə iştirak edən dostum Əli Əliyev deyib ki, qeyri-qanuni və ya başqa şəkildə seçkidə iştirak edə bilməsəm, mənə maneələr yaradılsa, nəinki sizi dəstəkləyəcəm, hətta seçki ittifaqı yaradıb seçkilərə gedərik. Kimin ümumi müxalifət mövqeyində marağı varsa, müxalifətin güclənməsini istəyirsə, onlar üçün məni dəstəkləmək problemi yoxdur. Kimisə vahid namizəd kimi seçmək o demək deyil ki, bu şəxs hamıdan ağıllı, təcrübəlidir, üstündür. Allah Əbülfəz Elçibəyə rəhmət eləsin. Onun siyasi tərbiyəsi altında olan insanların bu cür düşünmələri ürəyimi ağrıdır. Yaxşı yadımdadır, 1998-ci ildə müxalifətin böyük birliyi olan SİDSUH seçkiləri boykot etmişdi. O zaman Etibar Məmmədov seçkilərə gedirdi. Elçibəy o zaman dedi ki, Etibar seçkiyə gedir deyə ona pis yanaşmamalıyıq, əksinə, həm onun mitinqlərinə, həm də seçki kampaniyasına dəstək verməliyik, özümüz də boykot siyasətimizi aparmalıyıq. Onu da dedi ki, dünya görməlidir ki, seçkidə iştirak edən müxalifət bu qədər səs toplayıb, hələ müxalifətin böyük bir hissəsi də seçkiləri boykot edib. Həmin seçkilərdə Etibar Məmmədov 35% səs topladı. O səslərin də böyük hissəsini bizlər təşkil etdik, mitinqlərinə, seçkisinə adamlar göndərdik ki, ona səs verin. Gərək Əbülfəz Elçibəy qədər ürəyin olsun, onun qədər milli təəssübkeş olasan, eyni zamanda, onun kimi müxalifətin güclənməsində maraqlı olasan. Bunlar olan zaman başqa bir müxalifət liderini dəstəkləmək ürəyin olur.

“Gərək Əbülfəz Elçibəy qədər ürəyin olsun, onun qədər milli təəssübkeş olasan, eyni zamanda onun kimi müxalifətin güclənməsində maraqlı olasan”

– Seçki ərəfəsində müxalifət liderləri ilə görüşünüz olmuşdu, orada bu haqda danışmışdınızmı?

– Seçkilərdən öncə Sabir Rüstəmxanlının yanında İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı, Pənah Hüseyn və digər liderlərin iştirakı ilə toplantı olmuşdu. O toplantıda müxalifətin bir araya gəlməsi, qarşıdan gələn seçkilərdə vahid namizədlə çıxış etməsi məsələsini qoydum. İlk olaraq, buna Əli Kərimli etiraz edib dedi ki, müxalifət çox bir araya gəlib, sonradan dağılıb. 11 aprelə seçkilər təyin olunan kimi İsa bəylə görüşdüm və dedim ki, seçkilərə gedin, sizi dəstəkləməyə hazıram. Hətta başqa partiyaları da bu prosesə qoşacağımıza Pənah bəylə birlikdə söz verdik. İsa bəy iştirakdan imtina etməyib, Müsavat bu qərarı verib. Bundan sonra müxalifətin Koordinasiya Mərkəzi toplandı və dedim ki, vahid qərar qəbul edək, yəni ya seçkilərdə vahid namizədlə iştirak edək, ya da vahid şəkildə boykot verək. KXCP, ALDP, VİP kimi qurumlar artıq qərar verdiklərini dedilər, İqbal Ağazadə isə partiyasının Məclisinin qərarına tabe olacağını dedi. Nəticədə bir mənzərə yarandı ki, müxalifət düşərgəsində vahid mövqedən çıxış etmək mühiti yoxdur. Biz bu seçkidə müxalifətin iştirakında maraqlı idik. Çünki Azərbaycanda müxalifətin mövcudluğunu dünyaya göstərmək, siyasi aktivliyi artırmaq istəyirik. Seçkilər də bunları etməyin ən ideal üsullarından biridir. Müxalifətin bu seçkilərdə olmaması onların özlərinin əleyhinədir. Seçkidə bir neçə namizəd varsa, o seçkilər qanuni sayılır. Bizim başqa cür hakimiyyəti dəyişmək yolumuz yoxdur. Qeyri-müəyyən durum yarandığını görüb, qərarımızı verdik. Gücümüz Müsavat və AXCP-nin birgə gücü qədər olmaya bilər, amma ADP-nin ölkədə kifayət qədər nüfuzu yüksəkdir. Sadəcə, son illərdə özümüz fəallıq göstərmirdik. Açığı deyim ki, 5-10 minlik mitinqi bu gün tək keçirə bilərəm. Mənim Milli Şura kimi 50 təşkilatın dəstəyinə ehtiyacım yoxdur. Mənə hörmət edən kifayət qədər bitərəf insanlar var. Nobel mükafatında ölkəmi təmsil edib, son mərhələyə qədər gedib çıxmışam. Bu baxımdan xalq partiyama niyə də səs verməməlidir? Bütün bunları nəzərə alıb seçkilərə getdik. Namizədliyim qeydə alınarsa, ilk növbədə Milli Şuraya, Müsavata müraciət edəcəm ki, namizədliyimi dəstəkləsinlər. Onlar namizədlə seçkilərdə iştirakdan imtina ediblər, ümumilikdə imtina etməyiblər. Qanuna görə, heç kəs vətəndaşı seçkilərdə iştirakdan yayındıra bilməz. Bu baxımdan onların üzvləri mütləq seçkilərdə iştirak edəcəklər. Həmin üzvlər də seçkilərə gedib hakimiyyətə səs verəsi deyillər, mənə səs verəcəklər. Etibar Məmmədov, Lalə Şövkət kimi siyasi liderlərə də müraciət edəcəm. Biz nümayiş etdirə bilərik ki, müxalifət mövcuddur, seçkilərdə mübarizə aparır. Məni dəstəkləyən partiyaların fikir və iddialarını seçkidə ifadə edəcəm. Dəstəkləməsələr, bundan sonrakı həyatın olduğunu düşünmək lazımdır. Müxalif lider olan bir dostum dedi ki, biz seçkiləri boykot etmişik. Ona dedim ki, əgər bir halda ki, mənə dəstək vermirsiniz, o zaman seçkilərdən sonra mənə bir blokda olmaq, birlikdə iştirak etmək təklifləriniz olarsa, cavabım sənin verdiyin cavab kimi olacaq. Bu seçki ilə həyat bitmir. Məni dəstəkləyən hər bir insana minnətdaram. Amma bəzi şəxslərin minnəti olsun ki, məni dəstəkləsinlər. Nədən bunların dəstəyinə layiq olmayım?! Müsavat seçkilərə getmədi, mən getdim, indi niyə də məni dəstəkləməməlidir?

– Seçkidə iştirakdan imtina edən Müsavat, Milli Şura və REAL birgə mitinqlər keçirməklə bağlı razılığa gəliblər. Namizəd kimi ola bilərmi ki, o mitinqlərdə iştirak edəsiniz?

– Əgər o mitinqlər seçkiləri boykot etməklə bağlı olacaqsa, orada iştirakım məntiqli olmaz. Əgər mitinqlər seçkilərin demokratik keçirilməsi üçün olacaqsa, mən də seçkilərdə demokratik müxalifəti təmsil edən biri kimi həmin mitinqlərdə iştirak edəcəm, xalqı mənə səsverməyə çağıracam. Amma bir şeyi deyim ki, Müsavat və AXCP arasındakı ittifaqın uzunömürlü olması mümkün deyil. O vaxt mümkün olar ki, burada üçüncü tərəf də olsun. Baxsanız görərsiniz ki, bu iki partiyanın ittifaqı o zaman uzunömürlü olub ki, orada ADP olub. Bunların arasında 25-30 ildir daxili ziddiyyətlər var. Üçüncü qüvvə qoşulanda, bu ziddiyyət səngiyir. Bu baxımdan uzunömürlü ittifaq yaratmaq istəyirlərsə, hökmən bizi də o ittifaqa daxil etməlidirlər. Belə bir ittifaq da mümkündür. “Azadlıq” blokuna oxşar bir birlik yaratmağa hazırıq. REAL Müsavat-AXCP birliyinə heç zaman qoşulmaz. Əvvəla, onların elektoratı, keçdikləri yol, Azərbaycanın gələcəyi ilə bağlı baxışları bu iki partiya ilə üst-üstə düşmür. Mitinqlərə dəstək verə bilərlər. Baxmayaraq ki, İlqar Məmmədov həbsdədir, amma REAL seçkiləri boykot etmədi. AXCP isə boykot qərarı verib. Əgər Müsavat və AXCP birlikdə mitinq keçirib, mənə iştirak üçün müraciət etsələr, mən də qeydə alınmış namizəd olaramsa, böyük məmnuniyyətlə o mitinqlərdə iştirak edib, çıxış edərəm.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …