Ana səhifə / Siyasət / Sən demə, bu adda da deputatımız var imiş – MİRZƏCAN

Sən demə, bu adda da deputatımız var imiş – MİRZƏCAN

Editor.az qanunverici orqan-Milli Məclis üzvlərinin fəaliyyətinə “dördüncü hakimiyyət” təmsilçiləri-jurnalistlərin mövqeyini əks etdirən “Deputat kürsüsü” rubrikasını davam etdirir. Bu dəfə rubrikanın qəhrəmanı 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputat Mirzəcan Xəlilovdur.

Aqil Ələsgər(www.yenicag.az): O kimdir? Doğrudan? bu adda deputat var? Mən 16 ildir ki, siyasi jurnalistika ilə məşğulam, bu adı bir neçə dəfə parlamentə düşmək istəyən oliqarx olaraq, eşitmişəm. Ancaq seçildiyindən xəbərim yox idi. Seçilibsə, gec də olsa, təbrik edirəm. Ancaq imkanınız olsa, özündən də soruşun, mandatı MSK-dan götürüb, ya yox? Birdə imkanınız olsa, deputatlardan da soruşun, neçəsi Mirzəcan müəllim adlı həmkarlarının olduğundan xəbərləri varmı?

Zaur Əhməd(www.mia.az): Mirzəcan Xəlilov mənim yaşadığım ərazi üzrə deputat seçilib. Jurnalist olmasaydım, belə bir deputatın varlığından xəbərsiz olacaqdım. Çünki bu gün bizim ərazidə yaşayanların 99 faizi deputatının kim olduğunu bilmir. O, həm seçiciləri ilə münasibətdə, həm də Milli Məclisdə passivdir. Odur ki, onun varlığı ilə yoxluğu bilinmir.

Hacıbəy Heydərli(www.azxeber.com): Bildiyim qədərilə Mirzəcan Xəlilov Sumqayıtdan deputat seçilib. Ancaq onun haqda məlumatım elə bu qədərdir, bu adam deyəsən mandatı alandan sonra yoxa çıxıb və ya danışmağa tövbə edib. Sumqayıt kimi aktiv bir şəhəri belə deputatın təmsil etməsi çox məyusedicidir, yaxşı olar ki, Mirzəcan müəllim adına layiq olaraq seçicilərinə can deyib, can eşitsin. Ancaq mənə elə gəlir ki, seçiciləri onun səsinə həsrətdir. Bu baxımdan da deputatın fəaliyyəti fəaliyyətsiz hesab edirəm.

Zülfüqar Hüseynzadə(www. moderator.az): “Mən tanımadığım bir deputatın fəaliyyəti ilə bağlı nə yazım ki? Görünür bu adam o qədər aktiv deputatdır ki, bir dəfə də onun gül camalını yüz minlərlə oxucusu olan Moderator.az -da kimsə görməyib.

Elməddin Muradlı:(“Üç Nöqtə” qəzeti): “İnanırsınız ki, onu üzdən görsəm tanımaram. Media ilə çalışan deputat deyil. Hər hansı açıqlamasına rast gəlməmişəm. O üzdən mənə tanış deyil. Seçki dövründə eşitmişdim ki, imkanlı namizəddir, özünü güclü reklam edir, nəhayət deputat seçildi. Parlamentin ilk sessiyasında fəallığını görməmişəm.

Taleh Şahsuvarlı(www.tezis.az): O kimdir? Elə bir millət vəkili də var?! Hardan seçilib? Kim seçib? Nə danışıb? Harda danışıb? Ölkənin hansı taleyüklü məsələsində adını duymuşuq? Bu ölkə üçün, bizim Azərbaycanımız üçün çalışan prezident İlham Əliyev üçün hansı prinsipial məsələdə iradə, nüfuz, ağıl sərgiləyib? Bu cür deputat adını işğal eləmiş fərdlər, mənim fikrimcə, Azərbaycan dövlətinin, respublikasının, bizim demokratiya təcrübəsinin düşmənləridir. Elələri bu dövlətin və millətin yaxasından düşməli, saxta nişan daşıdıqları üçün həbs olunmalıdırlar!

Nahid Canbaxışlı(www.veteninfo.az): 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkili seçilən “Azərsutəchizattikinti” ASC-nin sədri Mirzəcan Xəlilov Milli Məclisin yeni simalarından biridir. Onun daha çox ilk illərdə, yəni bir-iki il seçicilərlə işin təşkili və onların problemlərinin həllinə yönəlik fəaliyyət quracağı qənaətindəyəm. Mirzəcan Xəlilovun secicilərlə münasibət-seçildiyi Sumqayıt şəhərində keçirilən ictimai tədbirlərdə fəallığı daha çox müşahidə edilir. Bu da onun əhali ilə əməkdaşlığın təşkilində hansısa problemlər yaşamadığını göstərir. Milli Məclisdə isə daha çox təmsil olunduğu komitələrdə fikirlərini bildirir. Plenar iclaslara çıxış etməməsi onun passiv olması qənaətin yaratmamalıdır.

Bu məntiqlə Milli Məclisdə elə deputatlar var ki, illərdi mandat məşğul etməklə yanaşı, eyni zamanda ağızlarına “leykaplastr” yapışdırıblar. Onların asqırdığın belə görən yoxdu. Digər bir tərəfdən Milli Məclisin plenar iclaslarında danışmaq o demək deyil ki, deputat aktivdi. Elə millət vəkilləri vadır ki, onlar təkliflərini yazılı formada parlament rəhbərliyini təqdim edirlər. Mirzəcan Xəlilov da ola bilsin təkliflərin yazılı şəkildə MM rəhbərliyinə təqdim etsin. Ona görə, mən Mirzəcan Xəlilovla bağlı hansısa bir mənfi fikir səsləndirə bilmirəm. Həm də Mirzəcan Xəlilov da yəqin ki, müəyyən bir dövrdə ictimaiyyətə hesablamış açıqlamalar verər. Hələlik onun belə bir kurs götürməyəcəyi qənaətindəyəm.

Səbuhi Abbasov(www.7news.az): Mən bu şəxsin adını birinci dəfədir ki, eşidirəm. Bilmirəm, bu mənim səhvimdi, ya deputatın… Yuxarıda adını qeyd etdiyiniz Mirzəcan Xəlilov kimi 30-a yaxın deputat var ki, onlar sadəcə Milli Məclisdə mandat məşğul ediblər. Dünyanın şərtləri dəyişir. Bugün daha çevik, enerjili, intellektual və dövrün tələblərinə cavab verən millət vəkillərinə ehtiyacımız var. Deputat bilməlidir ki, mövcud statusu onun əsas peşəsidir. Biznesmen, həkim və digər kateqoriyadan olanlar deputatlıq iddialarında əl çəkməlidirlər.

Azər Niftiyev(www.aktual.az): Vallah, belə bir deputatın mövcudluğundan sizin vasitənizlə xəbər tutdum. Onun hər hansı fəaliyyətindən məlumatım yoxdur, heç yerdə rastlaşmamışam. Siz deyəndən sonra araşdırdım ki, Milli Məclisin yeni üzvlərindəndir. Bununla belə, 9 aydır mandat daşıyan bir şəxslə bağlı jurnalistlərdə hər hansı məlumatın olmaması onun fəaliyyətsizliyinə dəlalət edir.
Editor.az

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın