Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / “Səidin dəstəsi” işi üzrə prezidentə müraciət edildi

“Səidin dəstəsi” işi üzrə prezidentə müraciət edildi

Həbsdə olan Səid Dadaşbəylinin və onunla birlikdə həbs olunanların – Emil Mehbalıyev, Fərid Ağayev, Mikayıl İdrisov, Cahangir Kərimov, Samir Qocayev, Rəşad Əliyev, Ceyhun Əliyev, Bəybala Quliyev və Rasim Kərimovun hüquqlarını müdafiə komitəsi, məhbus anaları dövlət başçısı İlham Əliyevə və milli təhlükəsizlik nazirinin I müavini, nazirin səlahiyyətlərini icra edən Mədət Quliyevə və baş prokurora müraciət ediblər.

Komitə müraciətin bir surətini də virtualaz.org saytına göndərib.

Müraciətdə deyilir ki, “Səid Dadaşbəylinin qrupunun işi” adlanan bu iş MTN-in əvvəlki rəhbərliyi tərəfindən saxtalaşdırılıb və həmin şəxslər qurama ittihamlarla həbs olunub.

Eldar Mahmudovun və digərlərinin işdən azad olunmasının və bəzilərinin həbsinin onlarda bu işə ədalətlə baxılacağına ümid yaratdığını deyən məhbus anaları bildirir ki, onlar övladlarının nəhayət azadlığa buraxılmasını gözləyirlər.

Müraciətdə bildirilir ki, həbs olunan şəxslər 2007-ci il, yanvarın 13-də MTN-in Antiterror Mərkəzi tərəfindən restoranda, əyləncə mərkəzində, çayxanada, bəziləri də öz evlərində həbs olunaraq MTN-in təcridxanasına aparılıb: “Onların bəziləri bir-birini tanıyıb, bəziləri isə heç tanımayıblar. Bu cür süni şəkildə bir yerə yığılmış günahsız adamlara cinayət işi açaraq onları absurd ittihamlarla – Cinayət Məcəlləsinin 278-ci və digər maddələri ilə ittiham etdilər. Gənclərə qarşı dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirmə, qanunsuz silah-sursat və narkotik maddə saxlama ilə bağlı (şahidsiz, sübutsuz, əsassız olaraq işgəncə verdilər, hətta toyuna bir ay qalan Emin Məmmədov işgəncə nəticəsində öldü) ittihamlar irəli sürüldü. Nəticədə onlar 12-14 il müddətinə azadlıqdan məhrum olundular.

Hər kəs dövlət çevrilişi olmadığını bildiyi halda ordusu, milyonları olmayan sıravi vətəndaşlar məhz bu ağır maddə ilə ittiham olunub. Bu cinayət işi sifarişli xarakter daşıyır. MTN-in Antiterror Mərkəzinin keçmiş rəhbərliyi isə bu sifarişi belə kobud, qeyri-professional icra edib.

Övladlarımızı “Hizbullah”, “Fəth”, “Həmas”, “Hizbi-Təhrir” dini təşkilatları ilə əlaqədə, hətta masonluqda ittiham etdilər. Guya oğullarımız da içində olmaqla 10 nəfər bir-birinə zidd olan dinlərə, təriqətlərə və təşkilatlara mənsub olublar.

Bir daha demək istəyirik ki, bizim balalarımız Bakının beynəlmiləl tolerant mühitində böyüyüb. Onlar dini-ekstremist ideyalardan tamamilə uzaq ola-ola sifarişli bir işin qurbanları olublar”.

Valideynlər övladlarının işi aparan hakim Ənvər Seyidov tərəfindən sabiq nazir Eldar Mahmudovun adına yazılmış məktubu da müraciətə əlavə edib: “Hakim heç bir araşdırma aparmadan ittihamı təsdiq etdi. Hətta axırda Eldar Mahmudovun adına təbrik məktubu da göndərib xahiş etdi ki, Antiterror Mərkəzinin bu işin qurulmasında iştirak edən işçiləri mükafatlandırılsın. Fikrimizcə, iş materiallarında olan məktub həmin işin sifarişli və saxta olmasının açıq sübutudur”.

Prezidentdən kömək istəyən məhbus anaları bildirir ki, onlar və ailələri ilk gündən hazırkı hakimiyyətin siyasətini dəstəkləyiblər, həmişə bu iqtidara səs veriblər: “Biz sizdən başqa bu ölkə üçün prezident görmürük. Sizdən artıq dərəcədə xahiş edirik, yaşlı anaların səsinin eşidib 9 ilə yaxın məhbus həyatı yaşayan övladlarımızın işinə yenidən və ədalətlə baxılmasının təmin edilməsinə sərəncam verəsiniz”.

Xatırladaq ki, MTN hələ 2007-ci ildə bəyanat yayaraq Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqla, xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət etmiş bir qrup şəxsin həmin ilin əvvəlində ifşa olunaraq zərərsizləşdirildiyini bildirmişdi.

Bəyanatda deyilirdi: “Müəyyən edilib ki, Bakıda yerləşən “Azeri M-İ Drillinq Fluids” ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycanda hakimiyyəti zorla ələ keçirib, dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoyub. O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyevlə əlbir olub “North İmam Mehty Army” (“İmam Mehdinin Şimal Ordusu”) ingilis sözlərinin baş hərflərindən ibarət “NİMA” adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaradıb.

Səid Dadaşbəyli hakimiyyət orqanlarının zorla ələ keçirilməsi üçün bu və ya digər ağır cinayətlərin törədilməsi məqsədilə təşkilat üzvlərinin müvafiq hərbi təlimlər və xüsusi fiziki hazırlıq keçmələrinin zəruriliyini nəzərə alaraq, fondun hesabına onların Günəşli qəsəbəsində yerləşən Qarabağ Veteranları Cəmiyyətində və Azərbaycan Respublikası DİN-in güllə atıcılığı tirində hərbi, habelə bu qurumun İdman Cəmiyyətində fiziki hazırlıq məşqləri keçmələrini təşkil edib.

Həmçinin müəyyən maliyyə vəsaiti müqabilində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı da məqbul sayan Səid Dadaşbəylinin razılığı əsasında təşkilatın üzvləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu – “SEPAH” ilə məxfi əməkdaşlıq edib. Belə ki, təşkilatın rəhbəri Səid Dadaşbəylinin razılığı ilə 2005-2006-cı illərdə, müxtəlif vaxtlarda Ceyhun Əliyev və Cahangir Kərimov İranın Qum, Tehran, Rəşt və Məşhəd şəhərlərinə səfər etmiş, burada həmin ölkənin xüsusi xidmət orqanının konkret əməkdaşları ilə tanış olmuş, onların ABŞ, İsrail və digər Qərb dövlətlərinə qarşı, habelə Azərbaycanın Qərbə inteqrasiyadan çəkindirilməsi və ölkəmizdə şəriət qanunları ilə idarə olunan rejimin qurulması istiqamətində mübarizə aparılmasının zəruriliyi barədə fikirləri ilə həmrəyliklərini bildirmişlər.

Bu təklifləri qəbul edən Ceyhun Əliyev və Cahangir Kərimov xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilib, bu barədə yazılı iltizam alınaraq, onlara “Mustafa” və “Həsən” təxəllüsləri verilib. Bundan sonra Ceyhun Əliyevə və Cahangir Kərimova İranda topoqrafik xəritələrdən, kiçik və iriçaplı silahlardan, partlayıcı qurğulardan istifadə, onların konkret obyektlərə yerləşdirilməsi qaydaları, həmçinin məxfi müşahidə aparmaq və müşahidədən yayınmaq üsulları üzrə nəzəri və praktiki təlimlər keçirilib”.

MTN-in o zamankı bəyanatında Səid Dadaşbəyli, Ceyhun Əliyev və təşkilatın digər üzvü Rasim Kərimovun ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumatı və materialları İran xüsusi xidmət orqanına çatdırdığı qeyd edilirdi.

İnarə Rafiqqızı

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın