Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Şəhriyar Del Gerani müxalifətə üsyan pükürdü: “Allahınız olsun, əxlaqınız olsun”

Şəhriyar Del Gerani müxalifətə üsyan pükürdü: “Allahınız olsun, əxlaqınız olsun”

Tanınmış şair Şəhriyar Del Gerani özünün Facebookdakı səhifəsində maraqlı və aktual yazı paylaşıb.

***

“Yenə bir qrup aztərbiyəli müxalifətçi öz saxta, qəlp təfəkkürləriylə “vicdan manipulyasiyası” edir, durduq yerdə qanqaraçılıq yaradırlar. Məni vicdanımın səsinə qulaq asmamaqda ittaham edən zümrəyədir sözüm, buyurun:

Neçə gündür dirəşmisiniz ki, “Ölkədə repressiya var, niyə susursan?” Ay ərköyünlər, ay şıltaq vətəndaşlar, repressiyanın mahiyyəti istedada, işığa, milli aydına qarşı mübarizədir, sizin kimi qaramatlara, millət düşmənlərinə, istedadsızlara qarşı niyə repressiya olunsun ki? Azərbaycan ziyalılarını zaman-zaman repressiya ediblər ki, sizin kimi bir nəsil yetişsin. Bəs sizi niyə repressiya etməlidirlər? Hansı məntiqlə? Absurddur. Komikdir. Bu, bir. İkincisi, mənə deyirsiniz Prezidentin köməkçisi Anar Ələkbərova məktub yazım ki, həbs olunan partiya yoldaşlarınızı azad etsinlər. Tamam. Mən də normal insan kimi, təmiz Azərbaycan dilində deyirəm ki, mənim ölkədə həbs olunanlar barədə heç bir məlumatım yoxdur, maraqlanmıram, öz darmadağın həyatım, öz yaradıcılığımla məşğulam, maraqsızdır mənə ölkə ərazisindəki cinayət işləri və digər təfərrüatlar.

“Mənim nə qədər ömrüm qalıb ki, onu da sizin illərdir sürən, getdikcə daha idbar hal alıb iyrəncləşən hakimiyyət iddianıza, bu yolda verdiyiniz “qurbancıqlara” xərcləyəm?”

Bunlardan ötrü hüquq mühafizə orqanları, Dövlət Təlükəsizlik Xidməti var. Amma yenə də həbsin motivlərini, cinayət işini göndərin, maraqlanım, hüquqşünas dostlarla məsləhətləşim, gerçəkdən ədalətsizlik varsa, bir şair kimi, yazıçı kimi Prezidentin köməkçisinə də, özünə də məktub yazım. Bəs siz nə edirsiniz? Mənim dediklərim qalır bir yanda, yüksək şövqlü arsızlıqla ittihama, aşağılamaya, təhqirə keçirsiniz. Mən bundan artıq nə deyim axı? Başa düşmürsünüz ki, hərənin öz işi var, öz həyatı var, öz problemləri var? Mənim nə qədər ömrüm qalıb ki, onu da sizin illərdir sürən, getdikcə daha idbar hal alıb iyrəncləşən hakimiyyət iddianıza, bu yolda verdiyiniz “qurbancıqlara” xərcləyəm? Adamın abır-həyası olar axı. Nə qədər demək olar, ay sırtılmış məxluq, mənim sənin kimi siyasi ambisiyam yoxdur, mənim milli maraqlarım var, mədəni maraqlarım var, işıqlı cəmiyyətdə yaşamaq ehtirasım var. O cəmiyyəti də siz yox, hazırkı hakim partiya edə bilər.

Üfüqlərdə nicat yalnız hakim partiyada görünür, sizdə yox. Siz xərabət əhlisiniz, çoxdan tanışsınız bizə. Fəaliyyətiniz boyu bir kitab adamının yanında olmadınız. Şəxsən mən, sizə inanmıram. 52 ədəd də səbəbim var. Yetkin, şüurlu inamsızlıqdır bu. Vəssəlam. Mənim vəzifəm yoxdur, illərdir işsizəm, bircə nəfər çıxıb deməyib ki, gəl filan yerdə işlə, bu maaşı al. Nə “vicdan etalonu” adlandırdığınız öz partiyanızdan, nə müxalifət adlanan digər partiyalardan, nə də düşmən kəsildiyiniz iqtidardan heç kimsə mənə iş təklifi etməyib. Ad almamışam, təltif olunmamışam, ev almamışam, heç bir qruplaşmada deyiləm, nəinki siyasi, heç qələm dostlarım fərdi votsap qruplarına da qoşmurlar məni, nə istəyirsiniz axı məndən? Bu vaxta qədər bir Allah bəndəsi soruşmayıb ki, “Şəhriyar, nəylə dolanırsan, necə yaşayırsan?” Yalan deyənin atabatasına lənət! Elə bir Allah bəndəsi varsa, elə statusun şərhində yazsın ki, “Yalan danışırsan!” Düz 5 (beş) ildir işsizəm.

Heç kimsənin yardım əlini uzanan görmədim, hey dışlandım, hər addımda uzaqlaşdırıldım hər yerdən. Utanmaz-utanmaz ittiham da edirsiniz hələ. Allahın verdiyi istedaddır, şeirlərimdir, hekayələrimdir, kitablarımdır, bir də özüm. Bir köhnə avtomobilim vardı, onu da 2018-ci ildə satıb getdim Kiyevdə magistr təhsili almağa. O da elə getdi. Mənim bu gözəlim dünyada bir kreslom var – o da Yazı Masası. Ora məni Allah qaldırıb, yalnız və yalnız Allah da endirə bilər. Bu da belə. İndi deyin görüm, niyə aman vermirsiniz yaşayaq? Ümumiyyətlə, niyə sənin kimi düşünməliyəm axı? Ay mışqırxanlar, mən illərdir borc-xərc öz fərdi təhsilimə, inkişafıma yatırım edirəm ki, sizin kimi düşünməyim, sizin ağılda olmayım, niyə məni israrla öz səviyyənizə sürükləyirsiniz? Niyə məcbur edirsiniz belə kəskin şeylər yazım? Özümə də yaraşdırmıram axı. Allahınız olsun, əxlaqınız olsun. Bəs deyil? Ayıb deyil? Bu qədər məhrumiyyətlərlə, bu qədər ağrılarla adamı niyə mövcud olduğuna görə peşman edirsiniz? Allah bütün haqsız qərarlarla məhbus olmuş insanların qapısını açsın. Mən də həbsxana görmüşəm, bilirəm necəliyini. Amma adamların taleyi üzərindən manipulyasiya edib siyasi sürtüklük göstərmək ən yekə şərəfsizlikdir. Bunu qanın. Heç kimsə də mənə şərəf-ləyaqət dərsi keçə bilməz. Buna heç kimə icazə verməmişəm. Heç atama da! Həddinizi bilin. Keçərəm şeytan tərəfə, bircə cümləylə od qoyaram, ömrü boyu tüstüləyə-tüstüləyə gəzərsiniz. Ovuc içi boyda məmləkətdir, hamı-hamını yaxşı tanıyır. Mənim də, ailəmin də vicdanı, əxlaqı, şərəfi hamının gözü qarşısında. Buyurun, nə qədər istəyirsiniz təftiş edin. Allah necə haqdı!”

Yekunda şair kəskin ifadələrə görə oxucularından üzr istəyib. Musavat.com

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …