Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?

Səhiyyə naziri postuna real namizədlər: Ehtimallar özünü doğruldacaqmı?

Bu gün Prezident İlham Əliyevin hökumətin tərkibini yenidən şəkilləndirən yeni sərəncamı ölkə gündəmində bomba effekti yaratdı. Gözləntilərin əksinə olaraq total kadr islahatlarına gedilmədi və demək olar ki, köhnə komandanın əsas fiqurantları öz kreslolarını qoruya bildi. Amma hələ ki,  təyinatlar tamamailə başa çatmadığından Prezidentin kadr islahatları aparmadığını iddia etməkdə haqsızlıq etmiş olarıq. Nəzərə almaq lazımdır ki, hələ 20 strateji posta təyinat gerçəkləşməyib və bunlardan cəmiyyət üçün ən çox aktuallıq kəsb edəni təbii ki, yeni təhsil və səhiyyə nazirlərinin kim olacağıdır. 

Təhsil naziri postu bir neçə aydır ki, boşdur və maraqlıdır ki, hökumətin yeni tərkibində ilk sırada məhz yeni təhsil nazirinin kimliyinə aydınlıq gətiriləcəyi gözlənilsə də dövlət başçısı cəmiyyəti bir az da intizarda qoymaq yolu tutdu.
Diqqətçəkən bir məqamsa səhiyyə naziri təyinatının “yaddan” çıxması oldu. Bir çoxları Oqtay Şirəliyevin öz kreslosunu qoruyacağını iddia etsə də dövlət başçısı fərqli yol tutmaqla əslində ölkənin baş həkiminin fəaliyyətindən razı qalmadığını ifadə etmiş oldu. Ona görə də artıq onun da yola salınanlar arasında olacağı ehtimalı artmağa başlayıb. Ancaq onu kimin əvəz edəcəyi məsələsi çox önəmlidir və nəzərə alsaq ki, məmləkət insanı ölkə səhiyyəsindən çox narazıdır, bu baxımdan yeni nazirin kimliyi, peşəkarlıq dərəcəsi, millətin sağlamlığı keşiyində hansı kriteriyalarla dayanacağı məsələsi aktuallıq kəsb edir.
Bəzi mənbələr millət vəkili, məşhur ürək cərrahı Rəşad Mahmudovun yeni nazir postunda əyləşəcəyini iddia edirlər. Onun cəmiyyətdə kifayət qədər nüfuza sahib olmasını əsas gətirən iddiaçılar R. Mahmudovdan yaxşı səhiyyə naziri ola biləcəyini deyirlər.
İndiki nazir müavini Elsevər Ağayevin və Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun da şanslarının ola biləcəyi dövriyyəyə buraxılan ehtimallar arasındadır.
Amma Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin səhiyyə naziri postunda ən layiqli kadrlardan biri olduğunu iddia edənlər də az deyil. Xüsusən də Aprel döyüşləri zamanı MN Tibb Baş İdarəsinin bütün personalının sərgilədiyi unikal fəaliyyət, səhra qospitallarına və Bakıdakı Mərkəzi Qospitala çatdırılan bütün yaralıların həyatının xilas edilməsi, bir dənə də əsgər-zabitimizin tələf olmaması general Natiq Əliyevin rəhbərliik etdiyi quruma cəmiyyətdə simpatiyanı birə beş artırıb.
Yeri gəlmişkən, təkcə cəmiyyət hərbi həkim personalımızdan razılıq etmir, elə Ali Baş Komandan İlham Əliyev və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva də MN Tibb Baş İdarəsinin son illərdəki fəaliyyətini çox yüksək qiymətləndiriblər. Bu azmış kimi Natiq Əliyev obrazlı desək, köhnə kadrdır və Heydər Əliyevin dövründən onun komanda üzvü kimi tanınıb və Ulu Öndər tərəfindən qiymətləndirilib. Bu baxımdan Natiq Əliyevin səhiyyə naziri postuna təyinat alması heç də təəccüblü qarşılanmaz və əksinə, “çörəyi ver çörəkçiyə, birini də üstündə” məsəlində olduğu kimi məhz generalın səhiyyə naziri postuna gətirilməsindən dövlət də udar, cəmiyyət də, çoxminli pasiyentlər də.
Amma təbii ki, bütün bu ehtimallar sadəcə cəmiyyətdən gələn siqnallardır və əsas söz sahibi bu təyinatları gerçəkləşdirən dövlət başçısıdır. Məhz o bütün bu məqamlara aydınlıq gətirəcək və o zaman dəqiq fikir, mülahizə yürütmək olacaq ki, təyinatlarda hansı kriteriyalar əsas götürülüb. Hələlik cəmiyyət intizarla yeni təyinatların sorağındadır…

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …