Ana səhifə / Siyasət / Səfirliklərimiz bu il necə işlədi? – Politoloq qiymət verdi

Səfirliklərimiz bu il necə işlədi? – Politoloq qiymət verdi

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin üzərinə ölkəmizin maraqlarının müdafiəsi, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin təbliği baxımından böyük iş düşür.

Başa vurmağa hazırlaşdığımız 2017-ci ildə səfirliklərimiz hansı işləri gördülər, nə ilə yadda qaldılar?

Politoloq, sabiq diplomat Fikrət Sadıqov AzVision.az-ın sualına cavabında deyib ki, 2017-ci il üçün səfirliklərimizin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Politoloq hesab edir ki, 2017-ci il xarici siyasətimiz üçün uğurlu ildir.

“Azərbaycanın diplomatik nümayəndəlikləri bu il bir sıra problemləri həll edərək dövlətimizin maraqlarına cavab verən addımlar atıblar. Onlar Azərbaycanın xeyrinə olan ardıcıl fəaliyyət göstəriblər. Bəllidir ki, Azərbaycanın xarici siyasəti Bakıda müəyyən olunur. Səfirliklərimiz isə icraçılardır. Bir sıra aparıcı ölkələrdə – Rusiya, ABŞ, Avropa ölkələrindəki səfirliklərimiz bu il kifayət qədər keyfiyyətli işlər həyata keçiriblər. Bəzi ölkələrlə münasibətlərimizdə müəyyən problemlər vardı. Bu məsələlərin həllində səfirliklərimizin rolu böyükdür”.

Politoloqun sözlərinə görə, Azərbaycan 2017-ci ildə də çalışıb ki, heç bir qütbə söykənməsin. Səfirliklərimiz vasitəsilə buna nail ola bilmişik.
“Aparıcı ölkələrlə münasibətlərimiz yaxşı formatda inkişaf edir, bir sıra mühüm layihələrə imza atmışıq. Burada sözsüz ki, səfirliklərin rolu böyükdür.

“Qazanılan uğurlar çoxvektorlu, balanslaşdırılmış siyasətimizin əsas göstəriciləridir. Səfirliklərimiz Azərbaycanı layiqincə təmsil və təbliğ edirlər, bu istiqamətdə mütəmadi tədbirlər keçirirlər. Dünya ictimaiyyətinə Xocalı faciəsi, Dağlıq Qarabağ məsələsi ilə bağlı kifayət qədər geniş məlumatlar verilib, ciddi bəyanatlar qəbul olunub. Bir sıra ölkələrin Xocalını soyqırım kimi tanımasına nail olunub. Bu, xarici siyasətimizin uğurudur, oradakı nümayəndəliklərimizin fəaliyyətinin nəticəsidir. Əsas odur ki, bizim marağımıza uyğun hadisələr baş versin. Diplomatik fəaliyyət çox mürəkkəbdir. Burada bir sıra incəliklər var. Hesab edirəm ki, bu il diplomatik nümayəndəliklərimiz bir sıra problemləri həll edərək Azərbaycanın maraqlarına cavab verən işlər görüblər. Ümumilikdə səfirliklərimizin bu il üçün gördüyü işləri müsbət qiymətləndirmək olar”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …