Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Səfir: Azərbaycan Vətən müharibəsi dövründə Gürcüstan əsilli 22 şəhid verib

Səfir: Azərbaycan Vətən müharibəsi dövründə Gürcüstan əsilli 22 şəhid verib

Azərbaycanda dövlətçiliyin bərqərar olunmasında Gürcüstan azərbaycanlıların rolu böyükdür.

Bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneulidə Milli Məclisin deputatları ilə birlikdə şəhid valideynləri, eləcə də azərbaycanlı icmasının nümayəndələri ilə görüşü zamanı deyib. “Ulu öndər Heydər Əliyev və Gürcüstandakı azərbaycanlı icması” mövzusunda keçirilən görüşdə səfir qeyd edib ki, Qarabağ müharibələri zamanı Gürcüstan azərbaycanlıları 54 şəhid veriblər və təkcə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın Gürcüstan əsilli 22 şəhidi olub. Səfir Gürcüstan əsilli şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində fəal işlər aparıldığını vurğulayıb:

“44 Günlük müharibənin Azərbaycanın zəfəri ilə başa çatmasında dünya azərbaycanlılarının vəhdəti və birləşməsi böyük rol oynayıb, biz bu dəstəyi Gürcüstan azərbaycanlılarından da hiss etdik. Verilən bu dəstəyə görə sizə və Gürcüstan dövlətinə təşəkkür edirəm”.

Səfir qeyd edib ki, Azərbaycan müharibə dövründə Ermənistana silah-sursat daşınmaması üçün xarici dövlətlərə öz quru və hava məkanlarını bağlamaq çağırışları edirdi və Gürcüstan bu çağırışlara müsbət cavab verən ölkələrdən olub.

Faiq Quliyev Gürcüstanda yaşayan azərbaycanlıların məsələlərinin Azərbaycan dövlətinin diqqət mərkəzində olduğunu bildirib. Əlavə edib ki, Gürcüstan azərbaycanlılarının rifahının yaxşılaşdırılması üçün bir sıra bölgələrdə müxtəlif layihələr həyata keçirilir və müharibə dövründə belə bu layihələrin icrası davam etdirilib.

Səfir vurğulayıb ki, Azərbaycanın Gürcüstan azərbaycanlılarına ən çox dəstək verdiyi istiqamətlərdən biri ali təhsil istiqamətindədir:

“Təhsilə verilən dəstək nəticəsində hazırda Gürcüstanda minlərlə azərbaycanlı tələbə var, lakin bu rəqəmlər bizi qane etmir, əminik ki, onların sayı daha da çox olacaq”.

Faiq Quliyev qeyd edib ki, Azərbaycan bu vaxtadək Gürcüstana 3,6 milyard dollar sərmaye qoyub. Əlavə edib ki, birgə layihələr Azərbaycan Türkiyə və Gürcüstanı dünyanın aparıcı ölkələrinə çevirib.

Səfir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Gürcüstanda da silsilə tədbirlər keçirildiyini, bu çərçivədə poçt markasının da buraxılacağını bildirib.//APA

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …