Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rza Zərrabı müdafiə edərsinizmi? – SORĞU

Rza Zərrabı müdafiə edərsinizmi? – SORĞU

Böyük rezonans yaradan Rza Zərrab işi davam edir. Xüsusilə də Rza Zərrabın məhkəmə proseslərində sensasiyalı açıqlamaları hələ bu məsələnin bir müddət davam edəcəyini göstərir. Zərrab məhkəməsi Türkiyədə birmənalı qarşılanmır. Ekspertlər bildirirlər ki, ABŞ Zərrab işi ilə Türkiyə iqtisadiyyatını çökdürüb, onun siyasi mövqeyinə ciddi zərbə vurmaq niyyətindədir. Eyni zamanda fərqli fikirdə olanlar da var. Hələ ki, məhkəmə prosesi yekunlaşmayıb və Zərrabın nələri düz, nələri isə yalan söylədiyi məlum deyil. Həmçinin bu işin sonu barəsində də proqnoz vermək çətindir.

Cənubi Azərbaycandan olan  Rza Zərrab, böyük iş adamı kimi tanınıb. Hazırda isə məlum olayların nəticəsində onun  mülklərinin böyük bir hissəsi əlindən alınıb.

“Yeni Müsavat” olaraq azərbaycanlı siyasilərdən, hüquqşünaslardan sorğu keçirdik. Onlar cənubi azərbaycandan olan Rza Zərrabı müdafiə edərlərmi? Siyasilər və hüquq müdafiəçiləri hazırda ABŞ məhkəməsində mühakimə olunan milyonçu soydaşımız Rza Zərrabın müdafiəsi ilə bağlı onlara ünvanladığımız suala fərqli cavablar verdilər. Bəziləri bu məsələyə hüquqi müstəvidən yanaşmağın lazım olduğunu bildirdi, digərləri isə istənilən halda Zərrabı müdafiə etməyə hazırdır…

Related image

Hüquq müdafiəçisi Novella Cəfəroğlu söylədi ki, Rza Zərrabı birmənalı olaraq müdafiə edər: “Zərrab biznesmen adamdır və Türkiyəyə də külli miqdarda pul gətirdi, xeyir verdi. Türkiyənin isə bu gün ondan imtina etməsi doğrudan da yaxşı hal deyil. Zərrab  İranın nefti ilə də Türkiyəyə çox fayda verdi. Bu gün onun haqqında nalayiq sözlər deməyi isə onlara həm yaraşdırmıram, həm də tövsiyə etmirəm. Zərrab gördü ki, onu müdafiə etmirlər, buna görə də danışmağa başladı. Əgər onu əvvəlcədən müdafiə edən olsaydı, əminəm ki, o, danışmayacaqdı. Sona qədər də susacaqdı. Necə ki, Türkiyədə həbs olunan zaman Zərrab bir söz belə demədi. Hər dəfə Türkiyənin tərəfində durdu. Rza Zərrab sadəcə olaraq biznesmendir. Düzgün satıb, satmayıb bunu biz deyə bilmərik. Ancaq hesab edirəm ki, bu adam həbs olunmamalıdır”.

Related image

Deputat Fərəc Quliyev bildirib ki, belə məsələlərdə hüquqa əsaslanmaq lazımdır:

“Biz təəssübkeşliklə məsələyə yanaşa bilmərik. Məhkəmə bir adamın cinayətkar olub-olmamasını müəyyənləşdirməlidir. Hər kəsin təqsirsizlik prezumpsiyası deyilən bir hüququ var. Adam haqqında məhkəmə hökmü və qərarı yoxdursa, biz onu cinayətkar adlandıra bilmərik. Eyni zamanda istintaq da gedirsə biz yenə də onu təmiz biri kimi də xarakterizə edə bilmərik. Ona görə də yalnız məhkəmənin hökmündən sonra hansısa fikir bildirmək mümkündür. Biz birisinin Azərbaycan türkü olduğuna və digər bu kimi arqumentlərə görə məsələyə münasibət bildirməli deyilik. Dünyanın hər yerində, elə Azərbaycanın özündə də cinayət törədən və sağlam davranan azərbaycanlılar da var. Ona görə də məsələyə o prizmadan yanaşmaq olmaz. Hüquq sonluğunu gözləyib, daha sonra fikir bildirmək olar”.

Image result for Mübariz Əhmədoğlu

Politoloq Mübariz Əhmədoğlu hesab edir ki, Türkiyə əvvəlcədən məsələyə ciddi şəkildə müdaxilə etsəydi, indiki durum yaranmazdı: “Əslində vəziyyət olduqca qəlizdir. Rza Zərrab, çox kasıb bir ailədə doğulub, ancaq savadı və bacarığı nəticəsində İranın elitasında yer tapa bilən bir adamdır. Onun bəzi bacarığından istifadə edən İran hökuməti Zərrabı, Türkiyə ilə İran arasında pul əməliyyatlarına qoşa bildi. Sonra da neft müqavilələri gündəmə gəldi. Nəhayət ki, iş o qədər böyüdüsə bu, ABŞ-ın da diqqətini cəlb etdi və Zərrab həbs olundu. Düşünürəm ki,  Rza Zərrab həbs olunan zaman Ərdoğan kifayət qədər diqqət ayırıb onu həbsxanadan çıxara bilərdi. Çünki Zərrab həbs edilən zaman ABŞ-Türkiyə münasibətləri çox yüksək səviyyədə idi. Ona görə də ciddi cəhd olunsaydı, vəziyyət dəyişə bilərdi. İndi isə artıq Rza Zərrab sırf Ərdoğanın əleyhinə çevrilmiş bir silahdır. Amerika isə bundan Ərdoğana təzyiq üçün sona qədər istifadə edəcək. Mənşəyinə görə bəlkə də ona kömək edərdim. Ancaq düşünürəm ki, elə məsələlər var ki, onları ayırmaq mənim üçün də çətindir. Hər-halda arzulayıram ki, Zərrab həbsxanadan çıxsın. Əlimdən isə bir şey gəlmir. Gəlsəydi, çalışardım ki, tək onun həbsxanadan çıxması üçün yox, ümumilikdə vəziyyətin aradan qaldırılması istiqamətində öz imkanlarımdan  istifadə edim”.

Image result for Vəkil Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev də məsələyə hüquqi aspektdən yanaşmağın tərəfdarıdır. Ancaq o, Zərrabın vəkili olmağa hazır olduğunu söylədi:

“Hüquqi imkanlar yaradılsa, iştirak edərdim. Hər bir şəxsin müdafiə olunmaq hüququ var. Güman edirəm ki, məndə belə bir hüquq olsaydı, müqavilə bağlayıb, müdafiə edərdim. Adi bir kriminal işdir. Bu işi siyasi məsələ kimi qiymətləndirmirəm. Ona görə də bir vəkil kimi bu işdə iştirak edərdim. Xüsusilə də böyük məbləğli bir işdir. Ancaq nə etməsindən asılı olmayaraq etnik əsası götürüb hansısa addım atmaq da doğru deyil. Vəkil peşəsi həkimlik kimi bir işdir. Yəni vəkil hər hansı bir insanla bağlı dini, siyasi, cəmiyyətdə tutduğu yerə görə seçim etməməlidir. Əgər o adam müraciət edirsə və istəyirsə ki, mən vəkil olum, imkanım və vaxtım varsa o işi götürməliyəm. Burada digər amillərin heç bir əhəmiyyəti yoxdur.  Ona görə də Rza Zərrab işini də götürüb, onu vəkil kimi müdafiə edərdim”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …