Ana səhifə / Siyasət / “Rusiyanın milli təhlükəsizlik konsepsiyasında postsovet ölkələrində öz təsir imkanlarını artırması ön sıradadır”

“Rusiyanın milli təhlükəsizlik konsepsiyasında postsovet ölkələrində öz təsir imkanlarını artırması ön sıradadır”

Rusiyanın Ermənistanı Tovuz döyüşləri ərəfəsində silahlandırması bir sıra müzakirələrə və suallara səbəb olub. Çünki Paşinyan hakimiyyəti ilə Kreml arasında ciddi fikir ayrılıqlarının olması kontekstində Rusiyanın işğalçı tərəfə belə tez qahmar çıxması təəccüblə qarşılanır. Maraq doğuran məsələlərdən biri də indiki məqamda bunun səbəbidir. O baxımdan bunun kökündə qaz amili ola bilərmi?

Məsələ ondadır ki, Türkiyənin Rusiyadan qaz idxalı xeyli azalıb. Bir neçə il əvvəl istfadəyə verilən “Türk axını” kəməri, demək olar, boş qalıb. Türkiyə sıxılmış qaza və Azərbaycandan idxal edilən təbii qaza üstünlük verir. Rusiya Türkiyəyə qaz ixrac edən ölkələr sırasında üçüncü pilləyə geriləyib. Belə ki, Rusiya may ayında Türkiyəyə qaz ixracını illik göstəricidə 62 faiz azaldaraq, indiyə kimi tutduğu ikinci pilləni Qətərə verib.

Türkiyə may ayında qaz idxalını illik göstəricidə 2,667 mlrd. kubmetrə qədər 0,51 faiz azaldıb. Bu həcmin 1,221 mlrd. kubmetri qaz kəmərlərindən, 1,445 mlrd. kubmetri isə slans qazı, yəni sıxılmış qaz olub. Bununla yanaşı, Türkiyəyə qaz kəmərləri vasitəsilə idxal olunan qazın həcmi də 45 faiz azalıb, sıxılmış qazın idxalı isə əksinə, 2019-cu ilin may ayının göstəricisi ilə müqayisədə 3 dəfə artıb.

Aylıq göstəricidə Türkiyənin qaz idxalı 1,3 faiz artıb. Rusiyadan Türkiyəyə qaz ixracı may ayında illik göstəricidə 62 faiz azalaraq 340 milyon kub metr təşkil edib. Aylıq göstəricidə isə bu azalma 38 faiz olub. Türkiyənin Qətərdən qaz idxalı isə illik göstəricidə 4 dəfə, aylıq göstəricidə 2 dəfə artıb. Bununla da Qətər Türkiyəyə qaz tədarükündə Rusiyanı qabaqlayaraq ikinci pilləyə yüksəlib.

Türkiyənin qaz tədarükündə siyahıda ilk pillədə qərarlaşan Azərbaycan isə öz mövqeyini qoruyub saxlaya bilib. Azərbaycan ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə 14,5 faiz çox və ya 882 milyon kubmetr qaz ixrac edib. Türkiyənin qaz bazarında Rusiyanın payı may ayında 12,74 faizə qədər azalıb. Aprel ayında bu göstərici 17,86 faiz olub. Azərbaycanın bu bazarda payı 33 faiz, Qətərin isə 19,5 faiz olub.

Bütün bunlarla yanaşı, üstəlik Qərb perspektivdə Türkmənistan qazının Azərbaycan üzərindən ötürülməsini istəyir. Bununla bağlı zaman-zaman müxtəlif təşəbbüslər göstərilib. Xəzərin statusu məsələsi həllini tapandan sonra bu yöndə gözləntilər artıb. Türkmən qazının da Avropaya çıxarılmasının ən optimal variantı bunun Azərbaycan üzərindən reallaşdırılmasıdır. O üzdən, qaz amilinin bu məsələdə nə kimi rolu ola bilər?

Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov bu versiyanı istisna etmədi, amma məsələyə fərqli prizmadan yanaşdı:“Ümumilikdə, Rusiyanın Ermənistanı silahlandırmasını qaz amili ilə də bağlayanlar var. Əvvəla,Türkiyə təbii ehtiyatlarla zəngin deyil. Türkiyə qaza olan tələbatının 42 faizini İraq, 20 faizini isə İran hesabına təmin edir. Türkiyə Ərəb ölkələrindən də qaz alır. Türkiyə Azərbaycandan ildə 6 milyard kubmetr qaz idxal edir. Belə fikirlər səslənir ki, Azərbaycanın qaz tədarükçüsü kimi mövqelərini gücləndirməsi və Türkmənistan qazını Avropaya ötürməsi perspektivi Ermənistanı silahlandırmağa sövq edir. Qaz məsələlərinin bu işdə müəyyən təsiri olsa da belə, bunu həlledici saymıram. Niyə? Məsələ ondadır ki, Avropa İttifaqı ölkələrinin ildə 500 milyard kubmetr qaza ehtiyacı var. Onun 130-150 milyard kubmetri Rusiya hesabına ödənilir. Azərbaycan 2021-ci ildən Avropa bazarına 16 milyard kubmetr qaz ixrac edəcək. Bunun 6 milyardı Türkiyəyə çatacaq. Göründüyü kimi, Rusiya Aİ-yə 150 milyard kubmetr qaz ixrac edir, biz isə 10 milyard kubmetr satacağıq. Perspektivdə bu ixrac arta bilər, amma hər halda bu heç bir halda Rusiya ilə rəqib olmaq anlamına gəlmir. Ona görə ki, Rusiya nəhəng qaz tədarükçüsüdür. Avropa qaz bazarının təxminən 40 faizi Rusiya hesabına təmin edilir. O baxımdan Moskvanın Ermənistanı qaza görə silahlandırması məntiqi cəhətdən düz gəlmir. Hətta Türkmənistan qazı Cənub Qaz Dəhlizi ilə ötürülsə belə, yenə də arada fərq böyükdür”.

E.Nəsirov qeyd etdi ki, Rusiyanın Ermənistanı silahlandırması daha çox digər amillərlə bağlıdır: “Rusiyanın milli təhlükəsizlik konsepsiyasında postsovet ölkələrində öz təsir imkanlarını artırması ön sıradadır. Cənubi Qafqaz da bu baxımdan Rusiya üçün önəmli əhəmiyyət kəsb edir. Necə ki, ABŞ-ın analoji konsepsiyasında təsir istiqaməti Yaxın Şərq regionu göstərilib, Rusiya üçün bu, postsovet məkanıdır. Bütün hallarda Rusiyanın məlum addımı doğru deyil. Prezident İlham Əliyev rusiyalı həmkarı ilə telefon danışığında Azərbaycan xalqının narahatlığını ifadə etdi”.

Millət vəkilinin fikrincə, Kreml bu məsələ ilə bağlı anlaşılan mövqe ortaya qoymalıdır. Çünki belə davranış Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinə kölgə salır. (Bakı-Xəbər)

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …