Əvvəlcə onu deyək ki, biz hər iki prezidentin bəyanatını xüsusi bir diqqətlə izləməyə çalışdıq – orada nə KTMT-a, nə də ki, AİB-ə aid hər hansı işarə tapmadıq.

Düşünmürük ki, bu, daha ciddi və əsas görüş üçün bir giriş, ya da müqəddimə idi və yaxud da hansısa razlılaşmalar görüşün əsas sənədləri və ya bəyanatları xaricində qalmışdı – misal var, deyirlər ki, indi Yerin də qulağı var; Soçi görüşündə hansısa fərqli bir qərar qəbul edilsəydi və yaxud da buna işarə olsaydı, dərhal xəbər tutardıq.

Dedik ki, Dağlıq Qarabağ məsələsi də diqqətdən kənarda qalmadı və bu problemə də toxunuldu. Amma necə? Birbaşa deyək ki, bizi artıq “Rusiya Minsk Qrupunun üzvü kimi…” ifadələr-ibarələr bezdirib, çünki Rusiya problemə münasibətdə sıradan bir dövlət deyildir və onun özünü ABŞ və Fransa ilə eyniləşdirməsinin heç bir əsası yoxdur.

Ona görə ki, o, post-sovet məkanındakı digər münaqişələr kimi elə Dağlıq Qarabağ probleminin də ən əsas memarı və idarə edənidir, yetər ki, Kreml problemlərə münasibətdə siyasətini dəyişsin, o halda məsələ bəlkə də bircə həftənin içində çözülər.

O ki qaldı bizim fürsətdən istifadə edərək Rusiyadan nəsə qoparmağımıza, bu da başqa bir məsələdir. Özümüz də dəfələrlə belə fikirlər yazmışdıq ki, gec-tez Ermənistan-Rusiya münasibətlərində “çat” yaranacaq, çünki İrəvanı Moskvaya bağlayan əsas amil – Dağlıq Qarabağ münaqişəsi getdikcə uzanır, ölkə isə sürətlə iqtisadi cəhətdən çökür. Aydın məsələdir ki, bu, əbədi olaraq belə davam etməyəcək və gec-tez münasibətlərdə “çat” yaranacaq, İrəvan yeni dost və hamilər axtaracaq. Biz bu “çat”dan yararlana bilərik, amma bir şərtlə: Azərbaycanın müstəqilliyinə xələl gətirmədən.

Mümkündürmü bu? Hesab edirik ki, mümkündür, çünki Azərbaycan hərbi bloklara qoşulmamaq siyasətilə bölgədə həm də Rusiyanın maraqlarını nəzərə alıb və indiyədək Kreml bunun əvəzini Azərbaycana ödəməyibdir, hərçənd, ödəməli idi. Hazırda Bakı ilə Moskvanın münasibətləri sonuncunun İrəvanla münasibətlərindən daha stabil və etibarlı təsir bağışlayır. Bunun özü az məsələ deyil. Bakının Rusiyanın iqtisadi həyatında iştirakı AİB və KTMT üzvü olan İrəvanın payından qat-qat artıqdı. Doğrudanmı Kremldə zərrə qədər praqmatizm qalmayıbdır və yaxud bu ölkədə iqtisadi maraqlar tamamilə siyasətə və geosiyasətə təslim olunubdur ki, bu cür apaydın məqamları belə nəzərə almasınlar?

Bəli, bu günədək yetərincə nəzərə almayıblar, amma situasiya dəyişir, regionda yeni bir əvhal-ruhiyyə duyulur, ona görə də nəzərə almalıdırlar.

Amma Kremldən belə dönüş müşahidə olunmur. Üstəlik, özünü təlxəkliyə vuran, amma həqiqətdə Moskvanın istək və arzularını dilə gətirən bəzi rusiyalı siyasətçilər də “Qarabağ Azərbaycanındır!” demir, “Qarabağ bizimdir!” deyirlər. Bəli, yəni Qarabağ həm də Rusiyanın olaraq qalır, necə ki, sovet vaxtı Dağlıq Qarabağ həm bizim idi, həm də onların.

Ruslar on illərdir baş sındırır ki, Stalin bizə nə verib? Halbuki uşaq da bilir ki, İosif müəllim Rusiyanı sənaye ölkəsinə çevirdi, müharibəni uddu, Rusiyanı nüvə dövləti etdi. Amma onun bir xidməti də olub: Stalin elə bir xəritə cızıb ki, təkcə onun köməyilə ruslar imperiyalarının özəl maraqlarını təmin edə bilərlər.

Həmin xəritənin bir elementi də Dağlıq Qarabağdır və biz rusları məhz bu xəritədən imtina etməyə çağırırıq.

Bu səbəbdən də axımlı diplomatik ifadələr-ibarələr, Kremlin özünü buradan on min kilometrlərlə uzaqlıqda olan Ağ Ev və Yelisey sarayı ilə bərabər tutması artıq hamını bezdiribdir. Nə vaxtsa bu tamaşa bitməli və qrimlər silinməlidi. Yoxsa ki, bəlağətli diplomatik ritorikanın, dostluq və qardaşlıq haqqında, “starateji tərəfdaşlıq” haqda deyilənlərin bir mənası yoxdur – ya səmimi və bərabər tərəfdaş olmalıyıq, ya da birmənalı şəkildə hər şeyi olduğu kimi bəyan etməliyik…

Hüseynbala Səlimov