Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Rusiyanın Azərbaycan seçkilərinə fəallaşan dəstəyi, geosiyasi hədəflər və siyasi yanaşmalar…

Rusiyanın Azərbaycan seçkilərinə fəallaşan dəstəyi, geosiyasi hədəflər və siyasi yanaşmalar…

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı fərqli reaksiyalara şahid oluruq. Qərbin ənənəvi antipiar maşını yenidən işə düşüb. Hətta ABŞ-dakı bəzi dairələrin də onlarla iş birliyində olduğuna dair məlumatlar var.
Onlardan fərqli olaraq, məkanca bizə bir qədər yaxın, iqlimi soyuq olan Rusiyadan isti münasibətin bəsləndiyinə şahid oluruq. Fərqli peşə sahiblərinin verdiyi açıqlamalarda qarşıdan gələn parlament seçkilərinə yüksək qiymət verilir.
Rusiyalı jurnalist, ictimai-siyasi xadim, Rusiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Maksim Şevçenko bildirib ki, çətin geosiyasi vəziyyətdə, həmçinin ərazilərinin 20 faizinin işğalına baxmayaraq, Azərbaycan inkişaf edir: “Mənə elə gəlir ki, Azərbaycan xalqı bu dəfə də müdrik seçim edəcək”. Qərbin seçkiöncəsi Azərbaycana qarşı təzyiq cəhdlərinə gəlincə, rusiyalı jurnalist bildirib ki, bu, Moskva ilə Bakı arasında müşahidə olunan siyasi yaxınlaşmadan yaranan qıcıqlanmanın nəticəsidir. “Qərb bu yaxınlaşmadan çox narahatdır. Amma rəsmi Bakının Qərbin nazı ilə oynamaq niyyəti yoxdur. Azərbaycan rəhbərliyi başa düşür ki, Qərb bu ölkənin ən başlıca probleminin həllində maraqlı deyil. Dağlıq Qarabağ münaqişəsi isə Qərb üçün, demək olar, xal toplamaq üçün vasitədir”, – deyə M.Şevçenko vurğulayıb.

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərilə bağlı Rusiyanın NTV kanalı reportaj hazırlayıb. Reportajda seçkilərə hazırlıq prosesinin beynəlxalq standartlara uyğun səviyyədə aparıldığı qeyd olunur. Baki-xeber.com-un Seçki-2015.az saytına istinadən xəbərinə görə, reportajda bildirilir ki, 125 mandat uğrunda 800-ə yaxın namizədin mübarizə aparması həm də böyük rəqabət mühitinin yaranmasından xəbər verir. “Seçkilərdə barmaq izlərinin yoxlanması şəffaflığın təmin edilməsinə xidmət edir. Digər tərəfdən, səsvermə prosesi çoxlu sayda ölkədən olan müşahidəçilər tərəfindən izlənəcək”, – deyə reportajda vurğulanır.
Dünya bazarında neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda son 10 ildə iqtisadiyyatın yüksək sürətlə inkişaf etdiyini vurğulayan rusiyalı jurnalist Svyatoslav Qordin xüsusilə qeyri-neft sektorunda müşahidə olunan tərəqqiyə diqqət çəkir.

Bəzi dairələr isə yaranmış vəziyyətə fərqli yozum verir və iddialar səslənir ki, Azərbaycan Rusiyanın təsirinə düşdüyü üçün belədir. Bu fikirləri nə dərəcədə əsaslı saymaq olar?

Rusiyadakı Azərbaycan icmasının fəallarından olan Mirkazım Seyidov qəzetimizə açıqlamasında bildirdi ki, belə iddialar tamamilə yersizdir:

“Azərbaycanla Rusiya arasındakı münasibətlər hər zaman normal olub. Müstəqillik qazanandan sonra isə Azərbaycan Rusiya ilə bərabərtərəfli dövlət səviyyəsində münasibətlər qurub. Bizim ölkənin heç kimdən asılılığı olmayıb. Məhz bunu qəbul etmədiyimiz üçün Qərbdən və okeanın o tayından təzyiqlərə məruz qalırıq. Rusiyanın bəzi dairələri tərəfindən bizə yönəlik qərəzli addımlar atılanda da biz ölkə olaraq lazım olan cavabı vermişik. Azərbaycan mediası və ictimaiyyəti belə məsələlərə çox həssasdır. Verilən reaksiyalar da impulsiv olur. Hazırda rusiyalı ekspertlər məsələyə obyektiv prizmadan yanaşdığı üçün belə nəticə ortaya çıxır. Bunun Azərbaycanı təsir altına salmaqla bağlı şirnikləndirməyə heç bir aidiyyəti yoxdur. Əminəm ki, Qərb və ABŞ-dan olan dairələr də gəlib burada obyektiv araşdırma aparsaydılar, eyni qənaətə gələrdilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın