Ana səhifə / Siyasət / Rusiya xarici və daxili siyasətinin QIZIL aləti

Rusiya xarici və daxili siyasətinin QIZIL aləti

Bildiyimiz kimi enerji olmadan bütün yer kürəsində həyat “donmuş” vəziyyət alar. Buna görə də müasir dövrdə təbii ehtiyatlarla zəngin – xüsusilə neft və qaz idarəetməsinə malik ölkələr beynəlxalq mövqeyi ilə seçilir. Bu sırada ÜDM-nin yarıdan çoxunu enerji gəlirləri təşkil edən ölkələr ön sırada durur. Rusiya hal-hazırda ən çox qaz ixrac edən ölkə olaraq dünya üzrə birinci yerə çıxmışdır. RF öz enerji gücünün fərqində olaraq digər ölkələri öz “oyun qaydaları” ilə oynamağa hətta bəzən məcbur belə edə bilir. ABŞ-a qarşı qlobal lider iddialarından əl çəkməyən, hər addımında bu məqsədi gizlədən RF, haqlı olaraq, xarici siyasətində enerji amilindən vasitə kimi istifadə edir. Xırda bir məqam da vardır ki, əvvəllər RF (SSRİ) üçün enerji ehtiyatları gəlir mənbəyindən daha çox, siyasi fəaliyyətin həyata keçirilməsi aləti hesab olunsa da, günümüzdə beynəlxalq vəziyyət dəyişmiş, gəlir mənbəyi funksiyası digərini geridə qoymuşdur. Putin adminstrasiyası tərəfindən aparılan ağıllı enerji siyasəti isə RF-in bu cəhətdən daha da maraqlı edir. OPEC, BEA, Aİ ilə münasibətlərdə Rusiya Federasiyasının enerji amilindən necə istifadə etməsi də diqqətlə izlənir və gələcək proqnozlar verilir. Ukrayna ilə qaz böhranı zamanı Avropanın da təhlükəyə məruz qalması, RF-in istədiyi vaxt belə bir yola əl ata biləcəyini dünyaya göstərdi. Rusiya Federasiyası mahiyyət etibarilə digər güclü dövlətlərlə əhatələnmiş və asan müdafiə olunmayan sərhədlərə malik həssas dövlət hesab oluna bilər. Rusiya ərazisində mövcud olmuş hakimiyyətdən narazı etnik qruplar hal-hazırda da ölkə əhalisinin mühüm bir faizini təşkil edir. Bu da öz növbəsində federativ dövlətin qarşısında bir dövlət kimi öz vahidliyini qoruyub saxlamaq və regional qüvvə kimi ön plana çıxma məqsədləri qoyur. Bu zaman isə aydın olur ki, RF ilk növbədə öz əhalisini vahid qüvvə altında birləşdirməlidir. Daha sonra öz mövqeyini qonşu ərazilərə yaymalı və digər qüvvələr əleyhinə bufer zonalar yaratmalıdır (SSRİ bu məqsədlərin həyata keçirilməsinin əsas nümunəsidir).

Nəhayət dünya səviyyəsində balanslaşdırma siyasəti üçün öz təbii ehtiyatlarından düzgün istifadə etməlidir. 1800-cü illərin sonlarından başlayaraq ruslar enerji resurslarını öz həyati əhəmiyyətli ehtiyatları üzərinə əlavə etdi. Və yenidən bu ehtiyatlar vasitəsilə öz strateji məqsədlərinə doğru irəliləməyə başladı. 1950-ci illərə qədər enerji sektoru ölkənin iqtisadi və siyasi gücünün əsas sütünlarından birinə çevrilmişdi. Enerji sektoru Rusiyanın daxildən də sabitləşməsində mühüm rol oynamışdır. Burada enerji istehlakı yüksəkdir. Bunun da səbəbi ilin əksər vaxtı soyuq iqlimin ölkə ərazisində hakim olması ilə əlaqədardır. İxrac olunan enerji qiymətlərinin yüksək olmasına baxmayaraq, rəsmi Moskva öz əhalisi və fəaliyyət göstərən iş yerləri üçün aşağı qiymətli enerji ilə təchiz edir. Enerji amilinin Rusiya ətrafı regionlarda dövlət mövqeyinə müsbət təsirindən danışmamaq mümkün deyil. Moskvanın bufer zonalarda enerji ilə bağlı təsir edə bildiyi məsələlər ölkədən ölkəyə dəyişir. Regional enerji istehsalına nəzarətdən tutmuş (Əvvəllər Azərbaycan və Qazaxıstana qarşı bu mövqedə idi), ucuz enerji mənbələrinə subsidiyaların qoyulması və enerji nəqliyyat infrastrukturuna nəzarətə qədər bir çox sahələri əhatə edir. RF Avropanın iki ən böyük enerji təchizatçısından biridir. Və bu ölkələr ilə fiziki əlaqələrinin əsasında enerji amilindən istifadə edərək istənilən Avropa dövlətini yerinə oturtmaq əminliyi dayanır. Təkcə Avropa ölkələrinin qaza olan ehtiyacının 33%-ni (2011-ci il, Avropa Komissiyası hesabatı) öz enerji ehtiyatları ilə ödəyən RF öz enerji ixracatını şaxələndirərək təkcə Avropa üçün yox, digər regionlar, məsələn, Şərqi Asiya və s. üçün də əvəzedilməz mövqe qazanmağa çalışır. Neft ehtiyatı 2009-cu ilin hesabatlarına görə RF ixracının 33%-ni (neft məhsulları ilə birgə 49%-ni) təşkil etmişdir və hələ də əsas ixrac məhsulu sayılır. Qeyd etmək lazımdır ki, digər bir ixrac məhsulu olan təbii qazın da qiyməti neft və neft məhsullarının qiymətindən asılı olaraq dəyişir və beynəlxalq arenada RF alıcıları üçün həyati əhəmiyyətli məhsula çevrilmişdir. Müstəqil siyasətə can atan RF 1998-ci il neft qiymətləri düşməsindən anladı ki, qarşılıqlı şəkildə enerji təşkilatları ilə məsləhətləşmələr qaçınılmazdır. Danışıqlar və 1999-cu il Putin adminstrasiyasının rəhbərliyə başlamasından sonra vəziyyət stabilləşməyə, hətta öz yüksək həddinə doğru irəliləməyə başladı. 2008-ci il böhranına qədər artıq RF-də enerji ixrac etdiyi ölkələrin ondan müəyyən mənada asılı olması ideyası yaranmışdı. Əslində bu doğru vəziyyət idi. Lakin RF-in özünün də enerji gəlirlərindən asılılığı bu cür oxşar və mənfi vəziyyət hesab oluna bilər. Lakin nə qədər ki, enerji idxal edən ölkələr öz tələbatlarını maksimum ödəyəcək RF “rahat nəfəs ala bilər”. Çoxsaylı böhranlar Rusiyaya büdcə gəlir mənbələrinin şaxələndirilməsi məsələsinin vacibliyini göstərmişdir. Putin adminstrasiyası RF-in enerji sektorunda qarşısına çıxa biləcək problemlərdən xəbərdardır. Keçən onillikdə RF-in sənayenin inkişafına çalışaraq enerji ixracatından asılılığı azaltmaq cəhdləri elə də uğurlu olmadı. Və demək olar ki, ölkənin taleyi enerji sektorunun taleyinə bağlı qalıb. RF-in enerji ixracatını həm xarici siyasət aləti, həm də gəlir mənbəyi kimi istifadə etməsi, əslində, öz-özlüyündə ziddiyyətli haldır. Xarici siyasət aləti kimi istifadə zamanı Moskva enerji qiymətini lazım olanda qaldırıb, lazım olanda endirməyi bacarmalıdır. Bu isə daimi gəlir mənbəyi kimi enerji istehsalına mane olur. Qlobal və regional vəziyyət dəyişdikcə RF bu iki alternativdən birini seçmək məcburiyyətində qaldı və o, birmənalı şəkildə gəlir mənbəyi funksiyasını üstün tutdu. Bu asılılığın nə dərəcədə möhkəm olduğunu göstərdi. RF bu istiqamətdə gələcək 20illik üçün sənədlər qəbul etdi (2030-cu ilə kimi enerji strategiyası və s). Buna baxmayaraq RF hələ də enerji ixrac etdiyi Avropa ölkələrinə bunun davamlı zəmanətini vermir. Ust-Luga neft terminalının tikintisi RF-ə Belarus boru kəmər sistemini təcrid etməyə, birbaşa öz alıcılarına enerji resurslarını çatdırmağa imkan yaradır. “Şimal axını” layihəsi də Ukrayna və Belorusiyanı təcrid edərək enerji nəqlini təmin edir. Beləliklə RF həm də Qərb MDB dövlətlərini öz enerji layihələrindən kənar qoymağa çalışır. “Şimal Axını” layihəsi Avropada uzunmüddətli Rusiya əlaqələri tərəfdaşlarının yaranmasına səbəb olmuşdur. Bu da qeyd edilməlidir ki, uzunmüddətli enerji layihələri son zamanlar RF-in uzunmüddətli enerji gəliri əldə etmək siyasətlərindən biridir. Bu zaman yaxın gələcəkdə alternativ enerji mənbəyi tapılacağı təqdirdə RF tərəfdaşı müqavilə şərtlərinə görə əməkdaşlığı davam etdirmək məcburiyyətində olacaq. Əslində isə “Şimal Axını-1” və “Şimal axını-2” layihələri Avropaya səs salmış və fikir ayrılığına səbəb olmuşdur. Şərqi Asiya ölkələrinin həyatında da RF mühüm rol oynamağa başlayıb. Enerji ixrac marşrutlarının şaxələnməsi RF-in özünə də müsbət təsir edir. Rusiyanın gələcək enerji layihələrinin bir ortaq cəhəti – onların yüksək kapital tələb etməsidir. Yüksək kapitallı bu cür layihələrə qoşulan dövlətlər üçünsə aydın görünür ki, onlar üçün enerji idxalının zəmanətli idxalı necə vacib amildir. Lakin enerji amilinin tükənməz olmadığını nəzərə alsaq, gələcəkdə hansı amillərin Rusiyanın əlində vasitə olacağını təyin etmək asan deyil. Hətta ekspertlər qeyd edirlər ki, Kremlin növbəti 20 illik ərzində daha bir enerji periodunun sona çatacağından xəbərdardır. Lakin RF kifayət qədər təcrübəli dövlətdir və Brejnev və Qorbaçovdan fərqli olaraq Putin Rusiya Federasiyasının enerji sektorunun dəyişikliklərinə qarşı effektiv siyasət apara bildiyini sübut etmişdir. Hərçənd, hələ də Rusiya modelinin uzunmüddətli davamlı olacağı şübhə altındadır.

Simuzər Fərəczadə, Dövlət İdrəçilik Akademiyasının I kurs magistrantı

İnarə Məmmədova, Dövlət İdarəçilik Akademiyasının I kurs magistrantı

Azinforum.az İnformasiya Portalı

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …