Ana səhifə / Siyasət / “Rusiya səfiri Azərbaycanı açıq-aşkar iki yerə parçalanmaqla hədələyirdi…”

“Rusiya səfiri Azərbaycanı açıq-aşkar iki yerə parçalanmaqla hədələyirdi…”

“1994-cü ilin bu günlərində, təəssüf ki, hərbi üstünlük Ermənistan tərəfdə idi. Daha doğrusu, Rusiya Ermənistana hərtərəfli kömək etdiyindən bu, belə idi.  Azərbaycanda isə ordunun formalaşması prosesi hələ başa çatmamışdı.  Yəni nizami ordunun yaradılması prosesi hələ davam edirdi. Amma ordunun silah və texnika ilə, eləcə də gərəkli kadrlarla təminatında  böyük problemlər yaşanırdı”.

Bu fikirləri AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov “28 il öncə – 1994-cü lin mayında Azərbaycanın Ermənistanla atəşkəs razılığı əldə etməsi  nə dərəcədə zəruri idi, başqa yol yox idimi?” sualını cavablandırarkən ifadə edib.

“O günlər Rusiya da Ermənistanın tərəfində duraraq Azərbaycanı hədələyirdi ki,  erməni qüvvələrinin Kürə çıxmasıyla ölkə iki yerə parçalana bilər. Təbii ki, bu halda Gəncə də təhlükə altında qalırdı. Və Rusiyanın Azərbaycandakı o vaxtkı səfiri Vladimir Kazimirov işğal barədə belə hədələri açıq-aşkar ifadə edirdi.  Bir sözlə, Azərbaycanın hərbi-siyasi mövqeyi yetərincə güclü deyildi.  Müttəfiqləri də yox səviyyəsində idi. Çünki olan müttəfiqləri də kömək etmək iqtidarında deyildi. Bütün bu səbəblərdən 1994-cü ildə Ermənistanla atəşkəs haqda razılıq əldə olunması məcburi bir addım idi. Hamı, o cümlədən biz də narazı olsaq da, hakimiyyət atəşkəsə getməyə məcbur idi” –deyə açıqlamasının davamında istiqlalçı deputat vurğulayıb.

“Bəs atəşkəsin 26 ilədək uzanmasında daxili, yoxsa xarici amillər əsas rol oynadı” sualını isə partiya lideri belə cavablandırıb:

 “Burada həm xarici, həm də daxili amillər böyük rol oynayırdı. 1994-1995-ci illərdən başlayaraq atəşkəs müddəti dövründə həm Qərb, həm də Rusiya tərəfindən Azərbaycana reallıqla, yəni işğal altındakı torpaqların Ermənistana məxsusluğuyla barışması və bunun rəsmiləşdirilməsi üçün təzyiqlər vardı.  Həm Şuşa da daxil olmaqla keçmiş Dağlıq Qarabağ ərazisi Ermənistana birləşməli idi, həm də ətraf 6 rayondan Ermənistan ordusu o şərtlə çıxmalıydı ki, həmin ərazilərdə Azərbaycan Silahlı Qüvvələri yerləşdirilməsin. Buna demilitarizasiya deyirdilər. Eyni zamanda Laçın və Kəlbəcər rayonları da qeyri-müəyyən müddətə Ermənistanın nəzarətində qalmalı idi. Təbii ki, Azərbaycan hökuməti bütün bunlarla razılaşmayaraq dözüm gətirirdi. Amma xalq da, əksər siyasi qüvvələr də Qarabağ məsələsinin birdəfəlik hərbi yolla ədalətli həllini tələb edirdi. Lakin hakimiyyət də problemin siyasi-diplomatik yollarla həllinin mümkünlüyündə inad edirdi. Nəhayət, sonda iqtidar da tam əmin oldu ki, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolu hərbi-siyasi yoldur. Yəni hərbi qələbədən sonra bu, siyasi cəhətdən rəsmiləşdirilməliydi. Bu da, nəhayət, 2020-ci ildə baş verdi”.Moderator.az

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …