Ermənistanda siyasi hakimiyyət dəyişikliyi baş verdikdən sonra Rusiya ilə münasibətlərdə gərginlik yaranıb. Buna səbəb isə baş nazir Paşinyanını və onun yeni siyasi komandasının qərbyönümlü siyasət yürütməsi ilə əlaqələndirilir. Paşinyan özü Rusiya ilə münasibətlərin əvvəlki kimi qalacağını bəyan etsə də, Ermənistanda gedən siyasi proseslər, həbslər bunun əksini göstərir. Rəsmi Moskva bir müddət əvvələ qədər bunu sükutla qarşılasa da, artıq Ermənistanda baş verənlərə ciddi reaksiya verməyə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatı Ermənistanın indiki hakimiyyətinə qarşı qəzəbi açıq şəkildə ortaya qoymuş olub. Belə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun birinci kurs tələbələri qarşısında çıxış edən S.Lavrov bildirib ki, yaxın günlərdə RF prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulur: “Yaxın zamanlarda prezident Putinlə baş nazir Paşinyanın daha bir görüşü planlaşdırılır. Düşünürəm ki, Ermənistanın yeni liderinin öz ölkəsində vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək bizim üçün vacibdir.
Əlbəttə, biz indiki vəziyyətdə Ermənistanın KTMT qarşısında öhdəliklərinin necə göründüyünə biganə qala bilmərik. Belə ki, bu öhdəliklər qüvvəsindədir və onlar tam həcmdə icra edilməlidir, o cümlədən ümumi təşkilatımızın nüfuzunun və imicinin möhkəmləndirilməsi baxımından”.
Buradan aydın şəkildə bəlli olur ki, Rusiya Paşinyanı “ağıllandırmaq” niyyətindədir. Bəs görəsən rəsmi Moskva bunun üçün hansı addımlar atacaq?
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, millət vəkili Aydın Mirzəzadə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri zamanı ümumilikdə kompleks məsələlər müzakirə ediləcək: “Çünki yeni hakimiyyət dövründə Rusiya ilə Ermənistan arasında bir sıra problemlər yaranıb. Paşinyan birmənalı şəkildə xarici siyasət kursunu Qərbə doğru yönləndirir. Rusiya ilə əvvəlki möhkəm dostluq və strateji müttəfiqlik atmosferi artıq çox az hiss olunur. Həmçinin Paşinyan bu gün Rusiyanın Ermənistan üçün etdiyi iqtisadi güzəştlərin saxlanılması, lakin bununla belə Ermənistanın sərbəst siyasət yürütməsini həyata keçirməyə çalışır. Əlbəttə, Rusiya buna gedə bilməz. Ona görə də hesab edirəm ki, Rusiya-Ermənistan münasibətləri gözlənilən görüşdə kompleks şəkildə müzakirə ediləcək”.
A.Mirzəzadə əlavə etdi ki, necə olmasından asılı olmayaraq, Ermənistan düşdüyü dalandan çıxmaqda çox çətinlik çəkəcək: “Çünki qonşu dövlətlərə torpaq iddiası etməsi Ermənistanın əl-qolunu bağlayır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, hazırda Rusiya ilə Ermənistanın baş naziri arasında soyuqluq yaranıb: “Baxmayaraq ki, bu ölkə Rusiyadan tamamilə asılıdır və buna rəğmən Paşinyan müstəqil siyasət yürütməyə çalışır. Bu isə mümkün deyil. Birmənalı şəkildə bilmək laızmdır ki, bu ölkə vassaldır. Ona görə də Rusiyada bunu belə başa düşürlər ki, qul ağasına qarşı qiyam qaldırır. Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etmək istəyi Rusiyanın birbaşa maraqlarına toxunurdu. Bu qurumun baş katibini həbs etmək rəsmi Moskvanın imicinə zərbədir. Çünki Rusiya KTMT-ni NATO-ya rəqib bir təşkilat olaraq yaradıb. İndi Qərb ölkələri Rusiyaya baxıb gülürlər ki, öz təşkilatındakı baş katibi hansısa ölkə həbs etmək istəyir. Eyni zamanda, Paşinyanın keçmiş prezident Koçaryanı həbs etmək istəyi də Rusiyanın müəyyən dairələrində narazılıq doğurdu. Çünki Rusiya prezidenti Vladimir Putinin Koçaryanla dostluq münasibətləri var. Təsadüfi deyil ki, Putin bir neçə gün əvvəl Koçaryana zəng edərək onu ad günü münasibətilə təbrik edib. Bu, əslində Paşinyana bir mesaj idi. İndiki halda Rusiya kimi bir ölkənin prezidenti heç bir vəzifəsi olmayan Koçaryana zəng edirsə, bu, artıq Paşinyana xəbərdarlıqdır ki, dostlarımla işin olmasın. İndi isə Paşinyanı Rusiyaya çağırırlar ki, bu məsələlərə aydınlıq gətirsin. İki ölkə arasında elə bir iqtisadi-ticarət müqaviləsi də yoxdur ki, Moskva görüşündə hansısa böyük layihə müzakirə olunsun. Çünki Ermənistan kasıb, iflas olmuş ölkədir və Rusiyaya təklif edəcək elə bir böyük layihəsi yoxdur. Yenə də ermənilər Rusiyadan kredit, ya da silah üçün dilənə bilərlər. Bunu da indiki halda Rusiya verməyəcək”.
E.Şahinoğlu əlavə etdi ki, Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı çox mövzular müzakirə edilib: “İki ölkə arasında predmetli müzakirələr getdi, iqtisadi-ticarət əməkdaşlıq artırılır. Azərbaycan Rusiyadan 5 milyard dollar həcmində silah alıb və bunu dövlət başçısı da vurğuladı. Eyni zamanda, Rusiya Şimal-Cənub nəqliyyat dəhlizindən istifadə edəcək. Bunu Rusiya prezidenti dönə-dönə vurğuladı. Qeyd edilən mövzular Rusiya ilə Ermənistan arasında yoxdur. Baxmayaraq ki, sözdə Ermənistan guya Rusiya ilə strateji müttəfiqdir. Amma reallıqda Azərbaycanla Rusiyanın əməkdaşlığı Ermənistandan daha böyükdür. Rusiya Azərbaycan vasitəsilə milyardlarla dollar qazanc əldə edir. Çox təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Rusiya münasibətlərinə mane olur. Biz bilirik ki, Rusiyanın bu münaqişənin həll etmək imkanları var və yetər ki, bunu istəsin və Paşinyanı ağıllandırsın. İndiki vəziyyətdə isə Paşinyan danışıqlara hazır deyil. Onun yeganə istəyi erkən parlament seçkilərində qələbə qazanmaqdır”. (kaspi)