Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rusiya ordusu Azərbaycandan vaxtında çıxarıldımı?

Rusiya ordusu Azərbaycandan vaxtında çıxarıldımı?

1993-cü il mayın 25-də keçmiş sovet –Rusiya qoşunlarının razılaşmaya əsasən çıxmalı olan sonuncu hissəsi Azərbaycan dövlətinin nəzarətində olan ərazini tərk etdi. Yalnız Moskvaya icarəyə verilən Qəbələ RLS-də bir qrup rus əsgəri qaldı. Əcnəbi qoşunların ölkədən çıxarılmasını təmin edən AXC hakimiyyətinin sonuna da sayılı günlər qalırdı. Bəs görəsən, Rusiya qoşunlarının ölkədən çıxarılması vaxtında atılmış addım idimi; tez, yaxud gec deyildimi?

Rusiya ordusu çıxdı, amma rus kəşfiyyatı və “”KQB” agenturası qaldı

AXC hakimiyyəti nümayəndələri öz dövrlərində həyata keçirdikləri ən uğurlu addımlardan birini məhz Rusiya qoşunlarının Azərbaycandan çıxarılmasını hesab edir və vurğulayırlar: “Qafqazda ilk olaraq rus qoşunlarını öz ərazisindən Azərbaycan çıxardı”. Sual olunur: bəs nəticə? Bəs torpaqlar? Digər bir çox vacib sual-problem ortaya çıxır: Keçmiş sovet-Rusiya ordusu ölkədən çıxdı, bəs Rusiya kəşfiyyat və xüsusi xidmət orqanlarının iki əsrə yaxın bir dönəmdə bütün ölkə boyu formalaşmış özəklərinin ifşası, ləğvi və s. barədə hansısa tədbirlər görüldümü? Söhbət xüsusən “QRU” deyilən sovet ordusunda Baş Kəşfiyyat İdarəsindən, Baş Siyasi İdarədən və DTK-dan gedir. 1992-1993-cü illərdəki hərbi-siyasi prosesləri, o dövrün hərbi və təhlükəsizlik strukturlarının davranışları, sonradan mətbuata və Şuşa, Laçın və Kəlbəcərin işğalı ilə bağlı verdikləri müsahibə və ifadələri təhlil etdikdə bu istiqamətdə ciddi bir iş görülmədiyi qənaətinə gəlirsən. Digər tərəfdən, AXC rəhbərliyi guya ölkədə vətəndaş müharibəsi olacağı bəhanəsiylə keçmiş sovet DTK-nın arxivlərini də açmadı. Bu minvalla on minlərlə keçmiş sovet hərbçisi ölkədən çıxarılsa da, bütün siyasi proseslər və hərbi döyüş və kəşfiyyat əməliyyatları neçə-neçə orduya bərabər nəhəng bir hərbi-siyasi agentura şəbəkəsinin nəzarətində qaldı. Üstəlik, SSRİ dağılandan sonra ölkədə qalan sovet hərbi birləşmələri kortəbii və pərakəndə şəkildə çıxmağa başlasalar da, çıxdıqları hərbi hissələrdəki silah-sursat və texnikanı mümkün qədər məhv etməyə çalışırdılar. Və eyni zamanda Qarabağda erməni hərbi birləşmələrinə qarşı əməliyyatlara bəzən gizli, bəzən açıq şəkildə Azərbaycanın ziyanına müdaxilə edirdilər. Xocalı, Şuşa, Laçın və s. faciələrdə bu, özünü əyani şəkildə göstərdi. Doğrudur, 1992-ci lin iyun-avqust aylarındakı Ağdərədən Xankəndinin 5-10 km-dək torpaqların azad edilməsi ilə nəticələnən əməliyyatlar məhz Gəncədəki 104-cü diviziyanın dəstəyi ilə baş tutdu. Ancaq o dövrkü müdafiə naziri Rəhim Qazıyevin etiraf etdiyi kimi, bu, yalnız rus komandirlərə, o cümlədən general Şerbaka verilən yüz minlərə dollarlıq para və hədiyyələr hesabına başa gəlib.

Rusiya AXC hakimiyyətini cəzalandırdı?

Rus mətbuatında da səslənən və bir qədər inandırıcı görünən digər bir iddia da ondan ibarətdir ki, 1992-ci ilin avqustunda artıq rus qoşunlarının ölkədən çıxarılmasına rəsmi start verilməsini görən Rusiya rəhbərliyi bunu Azərbaycanın xəyanəti kimi dəyərləndirdi, Ağdərə əməliyyatına dəstək verməyindən peşiman oldu və AXC hakimiyyətini cəzalandırmağa qərar verdi. Nəticədə Ağdərə əməliyyatında azad edilmiş demək olar ki, bütün mövqelər itirildi, eləcədə Kəlbəcər və Qubadlı istiqamətindən irəliləyərək, artıq Gorus-Laçın-Şuşa-Xankəndi yolunu tam nəzarətə götürən millli ordu və polis hissələri Rusiya aviasiyasının da müdaxiləsi nəticəsində tam geri çəkildi. Bundan sonra isə 1992-ci ilin payızından başlanan silsilə məğlubiyyətlər 1993-cü ilin yazında Rusiya ordusunun bilavasitə dəstəyi ilə Kəlbəcərin də işğalı ilə nəticələndi. Bəziləri, xüsusən Ayaz Mütəllibov tərəfdarları belə hesab edirlər ki, Azərbaycanın ilk prezidentinin öz hakimiyyəti dövründə təklif etdiyi kimi, bir neçə il müddətində öz peşəkar hərbi kadrlarımızı yetişdirdikdən sonra Rusiya ordusunu ölkədən mərhələlərlə çıxarmaq lazım idi. Beləliklə, həm şəbəkələri açılmamış məşhur rus kəşfiyyat xidmətləri müqabilində əks-kəşfiyyatın çox zəifliyi və peşəkar hərbi kadrların azlığı baxımından belə qənaətə gəlmək olar ki, AXC hakimiyyəti Rusiya ordusunu vaxtından əvvəl ölkədən çıxarıb. Sabiq müdafiə naziri R.Qazıyev bu iddianın qarşısında belə bir arqument qoyur: Əgər rus ordusunu gec çıxarmaqla nəsə uğur qazanacağıqdısa, bəs onda yalnız 2007-ci ildə rus ordusunun çıxarılma prosesini yekunlaşdırmış Gürcüstan niyə Abxaziya və Osetiyanı faktiki itirdi və üstəlik, rus ordusu hələ 2006-cı ildə bu ölkəyə müdaxilə etdi. Ancaq bu arqument də dayanıqlı deyil. Çünki Azərbaycan kimi güclü yeraltı, yerüstü sərvtlərə, xüsusən neft-qaza malik olmayan Gürcüstandakı sabitlik beynəlxalq güclər, transmilli korporasiyalar tərəfindən dəstəklənmədiyindən rus qoşunlarının 1992-1993-cü illərdə çıxaracağı təqdirdə Gürcüstan dövlətçliyini də tam itirə bilərdi. İkincisi də, dediyimiz səbəbdən bu ölkənin ordusunu tez bir zamanda formalaşdırıb gücləndirmək üçün iqtisadi imkanları yox idi.
Bu suallara dolğun cavab tapmaq üçün həmin prosesin daha əvvəlinə 1991-ci ilin payızına qayıtmalı olacağıq. Öncə SSRİ-nin dağılması ərəfəsində Güney Qafqazdakı sovet hərbi birləşmələrinin necə yerləşməsinə baxaq. Sovet ordusunun “cənub cinahı” adlandırılan Zaqafaqaziya Hərbi Dairəsinə əsasən aşağıdakı hərbi birləşmə və hissələr daxil olub:

-Azərbayacanda yerləşən 4-cü Ümumqoşun Ordusu;
-Ermənistanda yerləşən 7-ci ümumqoşun ordusu;
-Gürcüstanda yerləşən 31-ci ordu korpusu.
Bundan əlavə, birbaşa mərkəzi komandanlığa tabe olan 19-cu əlahiddə Hava Hücumundan Müdafiə ordusu, 34-cü hava ordusu, Xəzər Hərbi Dəniz Donanmasının hissələri, Qara Dəniz Hərbi Donanmasının gəmi briqadaları, müxtəlif baza və arsenallar da bu hərbi dairənin tərkibində olub.

Azərbaycana Rusiya ordusundan 160 min atıcı silah və 11 min vaqon sursat qalıb?

1992-ci ildən hər üç keçmiş müttəfiq respublika Rusiya ilə öz ərazilərindəki sovet ordusuna məxsus olmuş mülkiyyət, hərbi texnika və sursatın özününküləşdirməsi prosedurunu ehtiva edən sənədlər imzlamağa başladı. Hərbi analitik Marat Kenjetayevin yazdığına görə, SSRİ-nin Güney Qafqazda ən çox hərbi güc cəmləşdirdiyi ölkə məhz Azərbaycan olub. Bölüşdürmə nəticəsində 4-cü ümumqoşun ordusu (4 motoatıcı diviziya). 3 HHM briqadası, xüsusi təyinatlı briqada, Hərbi Hava Qüvvələrinin 4 bazası və Xəzər flotiliyasının bir hissəsi qaldı. Bundan əlavə, Azərbaycana bütün silah-sursat anbarları (Giləzidəki strateji sursat anbarı, Ağdam və “Nasosnı”dakı(indiki Z.Tağıyev qəsəbəsi-S.L.) dairə, Güzdək, Gəncə, Lənkəran və Naxçıvandakı diviziya anbarları). Həmin atbarlardakı silahın ümumi həcmi təxminən 11 min vaqon edir. Rusiya Ordusu Baş Qərargah rəisinin sabiq məsləhətçisi olmuş, hərbi jurnalist polkovnik Viktor Baranetsin 22 oktyabr 1998-ci il tarixli “Qafqazı belə silahlandırdıq” adlı məqaləsində yazdığına görə, sovet ordusunun Güney Qafqazdakı hərbi hissə və anbarlarındakı 160 min ədəd atıcı silahın 100 mindən çoxu(təxm. 60-70 faizi) Azərbaycan dövlətinin nəzarətində qalıb. V.Baranets yazır ki, Zaqafqaziya HD-nin ən az hissəsi Ermənistanda olduğundan guya ona daha az silah qalıb. Ermənistanda yalnız 7-ci ordunun 2 diviziyasının hərbi texnika və silahları saxlanılıb. Silah-sursata gəldikdə Ermənistana təxminən 500 vaqon həcmində silah-sursat qalıb. Bu isə Azərbaycana qalandan 20 dəfə çoxdur…

“Rusiyanın 4-cü ordusu Azərbaycanda qalsa Qarabağ işğal olunmayacaqdı…”

1991-ci ilin sonunda Respublika Müdafiə Şurasının fəal üzvlərindən olmuş ASDP sədri Araz Əlizadə hesab edir ki, Rusiya qoşunlarının çıxarılması labüd bir hadisə olsa da, bunu ağılla həyata keçirmək lazım idi. AXC –nin bu tələsik addımı ucbatından Rusiyanın Azərbaycana təzyiqləri artdı və torpaqlarımız işğal edildi. “O vaxt parlamentdə təklif etdim ki, Rusiyanın 4-cü ordusu bütün heyət və silah-sursatıyla Azərbaycanda saxlanılmalı, orada xidmət edən rus əsgərlər tədricən tərxis olunduqca yeni çağırılan Azərbaycan əsgərləri də rus zabitlərinin komandanlığı altında yüksək səviyyəli təlim keçməklə peşəkar hərbçi kadrlarımız yetişsin. Prezident Mütəllibovun göstərişi ilə 1991-ci il dekabrın 29-da Moskvada MDB müdafiə naziri Şapoşnikovla və Azərbaycan müdafiə naziri Tacəddin Mehdiyev və A.Əlizadə 4-cü ordunun Azərbaycanın tabeliyinə verilməsi haqda razılaşma imzlayır. Lakin “AXC üzvləri və iradəsiz kommunist deputatlar” buna etiraz etdiyindən həmin müqavilə parlamentdə ratifikasiya olunmur. A.Əlizadənin sözlərinə görə, 4-cü ordu zərbə, Ermənistandakı 7-ci ordu isə köməkçi ordu idi. Odur ki, 4-cü ordunun Azərbaycanda qalacağı təqdirdə Qarabağ heç vaxt işğal olunmazdı…
1991-ci ildə müdafiə şurasının üzvü olmuş sabiq müdafiə naziri Rəhim Qazıyevin təsvir etdiyi Rusiya qoşunlarının çxarılması istiqamətində görülən işləri qısaca belə göstərmək mümkündür:
-1991-ci il oktyabrın 18-də Azərbaycan prezidenti respublika ərazisində yerləşən sovet ordu hissələrinin əmlakının milliləşdirilib MN-ə təhvil verilməsi haqqında fərman imzalayır. Həmin fərmanın icrası Nazirlər Kabinetinin sədri Həsən Həsənova və onun müavini Vahid Əhmədova tapşırılır. Lakin bu istiqamətdə, demək olar ki, heç bir iş görülmür. Bunun nəticəsində ərazimizdəki sovet hərbi birləşmələrində hərc-mərclik baş alıb gedir və komandirlər özbaşına və pərakəndə şəkildə əmlak və hərbu texnikanı respublikadan çıxarır. Çıxara bilmədikərini isə məhv edir, yandırır, partladırdılar. Hətta stasionar binaların da damlarını sökür, rabitə sistemini sıradan çıxarırdılar.
-Demokratik qüvvələrin təşəbbüsü və təzyiqi ilə prezident A.Mütəllibovun sədrliyi ilə yaranmış və R.Qazıyev, Etibar Məmmədov, Tahir Əliyev, Araz Əlizadə, Mustafa Mustafayev, Azər Cəbiyev, Akif Salayev və b. daxil olduğu Müdafiə Şurası sovet hərbçiləriinin silah-sursat və texnikanı qanunsuz şəkildə ölkədən çıxarmaq cəhdlərinin qarşısını xeyi ala bilir.

Araz Əlizadə:”Rəhim Qazıyev yalan deyir…”

Maraqlıdır ki, Müdafiə Şurasının digər üzvü Araz Əlizadə R.Qazıyevin Rusiya ordusunun texnika və silah-sursatı ölkədən çıxarmasının qarşısını alması haqda dediklərinin yalan olduğunu söyləyir. Və əksinə, onun Rusiya hissələrinə yersiz hücumlar təşkil etməklə onları Azərbaycana qarşı qaldırdığını vurğulayır. “Məsələn, Pereküşküldəki hərbi hissədən ruslar bizə hər şey verirdilər. Rəhim isə özünün qəhrəman obrazını yaratmaq üçün 1991-ci ilin oktyabrında oraya hücum təşkil etdi və nəticədə iki azərbaycanlı şəhid oldu, biri isə yaralandı. Digər tərəfdən R.Qazıyev Gürcüstana silah satırdı…”

Qraçovla R.Qazıyev protokol imzalayır

Hadisələrin xronologiyasını davam etdiririk:
– 18-20 aprel 1992-ci il tarixlərində Xəzər hərbi flotiliyasının Azərbaycan ərazi sularında yerləşən gəmilərinin gizli şəkildə Rusiyaya qaçırılmasının qarşısı alınıb. Nəticədə 23 hərbi gəmi, Ali Hərbi Dənizçilik Məktəbi və 4 hərbi gəmi təmiri zavodu bütün əmlak və avadanlığı ilə Azərbaycanın nəzarətinə keçib.
-Müdafiə naziri R.Qazıyevin 14-15 aprel 1992-ci ildə Rusiyaya məxsus 366-cı alayın Xocalıda törədilmiş dəhşətli soyqırımın həyata keçirilmsinə dəstək verməsi və belə bir ordunun Azərbaycan ərazisində hansı əsaslarla qalması barədə bəyanatından sonra MDB ölkələrinin müdafiə naziri marşal Şapoşnikov Azərbaycan müdafiə nazirini Moskvaya dəvət edir. 4-cü ordunun komandanı general N.Q.Popvun və sonradan Rusiya müdafiə naziri təyin olunmuş P.Qraçovun iştirakıyla keçən görüşdə MDB müdafiə naziri hədə-qorxu ilə Azərbaycanın da MDB-yə daxil olmasını tələb etsə də, R.Qazıyev bunu rədd edir. Nəticədə general P.Qraçov aprelin 29-da Rusiya qoşunlarının Azərbaycandakı hərbi birləşmələrinin texnika və əmlakının ölkəmizə təhvil verilməsi şərtlərini müzakirə etmək məqsədilə Gəncəyə gəlməyə qərar verir.
-1992-ci il aprelin 29-30-da Şəkidə Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında keçmiş SSRİ-yə məxsus hərbi birləşmələrin əmlak və texnikasının Azərbaycana təhvil verilməsi barədə ilkin işçi protokol imzalanır və 1992-ci il mayın 15-də Daşkənddə keçiriləcək MDB sammitində yekun protokol imzalanması nəzərdə tutulur. Mayın 30-da general P.Qraçov Bakıya gələrək prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovla həm R.Qazıyevin iştirakı, həm də təkbətək görüş keçirir.
Qraçov R.Qazıyevi Daşkəndə çağırır
-1992-ci il mayın 14-də Daşkənddə olan Azərbaycan nümayəndə heyətinin üzvü, baş nazirin müavini Abbas Abbasov, ardınca 4-cü ordunun komandanı P.N.Popov və b. Gəncədə olan müdafiə naziri R.Qazıyevə telefon açaraq artıq həmin vaxt Rusiya müdafiə naziri olan P.Qraçovun R.Qazıyev gəlməyəcəyi təqdirdə ordunun Azərbaycandan çıxarılması barədə razılaşmaya imza atmayacağını bildirdiyini çatdırırlar. Şuşanın işğal olunduğu və artıq Laçının da təhlükədə olmasına rəğmən R.Qazıyev təcili Daşkəndə uçmalı olur.

Rəhim Qazıyevin Yeltsinlə 2-3 dəqiqəlik söhbəti çox şeyi həll edib…

Bundan sonra Daşkənddə baş verənlərdən məlum olur ki, müdafiə naziri kimi təmsil olunan R.Qazıyevin fasilədə Rusiya prezidenti B.Yeltsinlə iki-üç dəqidəlik söhbəti Şuşa və Laçının da, Azərbaycandakı Rusiya ordusunun da taleyini həll edir. Sabiq müdafiə nazirinin danışdıqlarına uyğun olaraq hadisələrin xronologiyasını davam etdirək:
-15 may 1992-ci ildə səhər yeməyində Daşkənddə RF müdafiə naziri P.Qraçov azərbaycanlı həmkarı R.Qazıyev arasında təxminən aşağıdakı məzminda söhbət olur:
P.Qraçov:
-Rəhim, hesab edirəm ki, sizdə artıq hər şey qaydasındadır. Yəni, Mütəllibov hakimiyyətə gəlib.
Özünün etiraf etdiyi kimi, o dövrdə demokratiya eyforiyasında olan R. Qazıyev təəccüblə belə cavab verir:
-Deyəsən, özünüzdə demokratiya qurursuz, bizə isə köhnə kommunistləri sırıyırsız?
Ciddi görkəm alan rus general isə deyir:
-Rəhim, sən bu barədə Boris Nikolayeviçlə (Yeltsinlə) danışmalısan.
15 may 1992-ci il tarixdə artıq Şuşanın Turşsu qəsəbəsində toplanmış silahlı qüvvələrin Şuşaya hücuma hazırlaşdığı bir məqamda Daşkənddə MDB sammiti davam edir. Üçüncü fasilədə Yeltsinə yanaşmağa nail olan R.Qazıyev özünü təqdim edir:
-Salam, Boris Nikolayeviç. Mən Azərbaycanın müdafiə naziri Rəhim Qazıyevəm.
RF prezidenti cavab verir:
-Nə olsun?
R.Qazıyev:
– Mən AXC İdarə Heyətinin üzvüyəm.
Yeltsin yenə də:
-Nə olsun ki?
R.Qazıyev:
– O olsun ki, Boris Nikolayeviç, 1991-ci ilin avqustundakı “QKÇP” zamanı Mütəllibov “QKÇP”-ni, biz isə demokratik qüvvələri, yəni, sizi dəstəklədik və dərhal bu haqda Moskvaya teleqram vurduq. İkincisi isə sizin RF prezidentliyinə namizədliyiniz irəli sürülən zaman Mütəllibov “Pravda” qəzetinə müsahibəsində sizi tənqid edərək Qorbaçovu dəstəkləmişdi. İndi isə siz o köhnə kommunisti bizə sırıyırsız?
R.Qazıyevin sözlərinə görə, bundan sonra sanki Yeltsində “ayılma” gedir və o, başını döndərərək arxada dayanan Qraçova “ostavit!”(“dayandır!”) komandasını verir.
-Həmin gün Daşkənddəki sammitin plenar iclasında Rusiya və Azərbaycan müdafiə nazirləri arasında 19 may 1992-ci ildən 1 avqust 1994-cü ilədək Azərbaycandakı rus qoşunlarının mərhələ-mərhələ çıxarılması haqda razılaşma imzalanır.
-16 may 1992-ci ildə R.Qazıyev Bakıya, oradan da Gəncəyə uçur. Gəncədə onu polis rəisi Eldar Həsənovla birgə qarşılayan 104-cü diviziyanın komandiri general Şerbak R.Qazıyevi qucaqlayaraq deyir: ”Siz öz xalqınınzı qaçılmaz qırğından xilas etdiniz…” Aydın olur ki, RF prezidentinin Daşkənddə verdiyi “dayandır!” komandası Bakıda 15 may olayları ilə bağlı olub. Belə ki, mayın 15-i gündüz saat 3-4 radələrində general Şerbak parlamentin qarşısındakı AXC tərəfdarlarına qarşı havadan desant tökməli və Mütəllibovun hakimiyyətdə qalmasını təmin etməli imiş. Lakin R.Qazıyevin Yeltsinlə söhbətindən sonra Moskvadan Şerbaka da “dayandır” komandası gəlir. Və nəticədə Şuşa və Laçından da qüvvələr çıxarılmağa başlayır…

İsa Qəmbərin və Abbas Abbasovun da iştirakıyla ordu komandanı yola salınır

-1992-ci il avqustun 24-də Şüvəlandakı kababxanalardan birində o vaxtkı spiker İsa Qənbər, baş nazirin müavini Abbas Abbasovun da iştirakı ilə 4-cü ordunun komandanı general P.Q.Popovu yolasalma “mərasimi” keçirilir. Və nəticədə Gəncədəki 104-cü diviziya və Giləzidəki strateji hərbi sursat arsenalı istisna olmaqla qalan Rusiya hərbi birləşmələrinin ölkədən çıxarılması təmin edilir. Sonradan R.Qazıyevin P.Qraçovla danışıqları nəticəsində 7500 vaqon hərbi sursat olan Giləzi arsenalının da Azərbayacana qalması təmin edilir.
-104-cü diviziya yalnız 1993-cü il mayın 26-da Gəncədən çıxarılır. Lakin həmin diviziyanın əksər texnika və silah-sursatı Rusiyaya daşınır.
Beləliklə, bu gün artıq Qəblə RLS-dəkilər də daxil olmaqla Rusiya ordu hissələri Azərbaycan Respublikası ərazisindən tam çıxarılıb. Ancaq bu gün Ermənistanda qalan rus hərbçiləri işğal altındakı ərazilərimizə sərbəst şəkildə gedib-gələ bilirlər…

Hafta.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın