Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Rusiya Laçında kimin yanındadır – bəs Laçından sonra?

Rusiya Laçında kimin yanındadır – bəs Laçından sonra?

Rusiya Azərbaycanın Laçın dəhlizini, şəhərini və dəhliz boyunca yerləşən yaşayış məntəqələrini qaytarmağa mane olmur. Obyektiv təhlil bunu deməyə əsas verir. Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasında antiterror (‘’Qisas’’) əməliyyatı keçirməsi prosesini dərindən müşahidə etdikdə də belə bir nəticəyə gəlmək mümkündür.

Görünən budur ki, Rusiyanın ən böyük yaxşılığı etmədiyi pislikdir. Buradan da əminliklə belə bir nəticə çıxır –  Rusiyanın Azərbaycana növbəti dəfə dözümlü və obyektiv yanaşması səbəbindən Laçın dəhlizini, şəhərini və dəhliz boyunca yerləşən yaşayış məntəqələrini 10-15 gün sonra təhvil almaq realdır, olacaq.

Bəs sonra? Təbii ki, Azərbaycanın hədəfləri yalnız Laçınla məhdudlaşmır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, özünə məxsus olan ərazilərin hər bir nöqtəsində suveren hüquqlarını və nəzarətini qəti və birmənalı tətbiq edəcək!

Mövzu ilə bağlı onu da bildirək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi artıq yekunlaşıb.

AAYDA məlumat yayıb ki, layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi quraşdırılıb.

Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.

Bu o deməkdir ki, Azərbaycan 10 noyabr üçtərəfli bəyanatın 6-cı bəndində üzərinə düşən öhdəliyi tam yerinə yetirib. Bunun ardınca təbii ki, ermənilər ənənəvi Laçın dəhlizi boyunca işğal dövründə məskunlaşdıqları əraziləri tezliklə tərk etməlidirlər. Ermənistan tərəfdən gələn məlumatlardan belə görünür ki, proses artıq başlayıb, onun bitməsi üçün ermənilərə avqustun sonunadək vaxt verilib. Bir neçə gündür haylar Laçın şəhərini və Zabuxu aktiv şəkildə tərk edirlər. Eyni zamanda onlar haray da salırlar ki, bizi zorla qovurlar, Rusiya sülhməramlıları da bir söz demir.

Rusiya artıq bu məsələyə dair mövqeyini ortaya qoyub. Faktiki olaraq Rusiya bəyan edib ki, Laçının mərkəzinin, Zabuxun boşaldılması üçtərəfli bəyanatın 6-cı bəndinin tələbidir.

“Laçın dəhlizi ətrafında məsələ 2020-ci il 10 noyabrda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən həll olunmalıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.

“Üçtərəfli bəyanatın 6-cı bəndində tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xəttinin çəkilməsi nəzərdə tutulub. Regiondakı vəziyyət hələ də Moskvanın diqqət mərkəzindədir. Bütün məsələlər, o cümlədən Laçın dəhlizi ilə bağlı məqam üçtərəfli razılaşma əsasında həll edilməlidir”, – o bildirib.

İ.Neçayev xatırladıb ki, Rusiya tərəflərlə daim təmasdadır.

Musavat.com-a görə, faktiki olaraq Rusiya bu mərhələdə öz məsuliyyəti üzrə pozitiv bir mövqedədir. Azərbaycan nəzərdə tutulan “3 il ərzində” müddətin 1 il 9 ayının tamamında yeni alternativ yolu çəkdi və məsələni bitirdi.

Buradan bir nikbinlik, əminlik də yaranır ki, Qarabağda həllini gözləyən digər məsələlər də bu cür ardıcıllıqla həyata keçiriləcək. Rusiyanın Xankəndi, digər ərazilərdə də Azərbaycanın idarəçiliyinin tətbiq olunmasında, digər bütün proseslərdə mövqeyi bu cür davam edəcəkmi?

Asif Nərimanlı: "O başqa məsələ ki, İran Azərbaycanı yox, Ermənistanı sevir"

Asif Nərimanlı: “Rusiya bu məsələlərin mərhələli şəkildə, maksimum hissə-hissə həll olunmasına çalışacaq”

Siyasi analitik Asif Nərimanlının fikrincə, Rusiyanın Laçın dəhlizi məsələsində mövqeyi daha çox proseslərin inkişafına uyğun dəyişdi: “Fikrimcə, Moskva Laçın dəhlizinin köçürülməsindən Bakıya qarşı son ana qədər istifadə etmək, xüsusilə üçtərəfli razılaşmaların irəliləyişi olaraq göstərmək istəyirdi və prosesin uzanmasında maraqlı idi. Lakin geosiyasi hadisələr Türkiyə və Azərbaycanın əhəmiyyətini Rusiya üçün daha da artırır və bu, rusları regionda vəziyyətin nəzarətdən çıxmasına imkan verməməyə sövq edir. Ən mühüm məqam isə Rusiyanın Cənubi Qafqazı Qərblə paylaşmamaq istəyi, ən azı öz təsir imkanlarını qoruyub saxlamaq refleksidir. Bunun üçün Moskva Ankara ilə əməkdaşlığa önəm verir və bu əməkdaşlıq razılaşmaların icrasını da aktuallaşdırır. Və nəhayət, Rusiyanın Cənubi Qafqaz strategiyası özünün vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların icrasını tələb edir. Laçın məsələsində seyrçi mövqedə dayanması bundan qaynaqlanırdı, bu həm də Bakı və Ankaranın istəklərindən ən azı birinin icra edilməsinin lazım olduğu zərurətindən irəli gəlir. Fikrimcə, Laçın dəhlizinin alternativ marşruta köçürülməsindən sonra erməni qoşunların çıxarılması, separatçı-terrorçuların tərk-silah edilməsi məsələsi prioritet olacaq. Rusiya bunu istəməsə belə, proseslərin strateji inkişafı bunu zəruri edir, çünki hədəf 3+3 formatıdırsa, buna gedən yolda sərhədin müəyyənləşməsi, kommunikasiyanın açılması kimi məsələlər həll olunmalıdır. Azərbaycan da Rusiyadan özünün vasitəçilik etdiyi razılaşmaların icrasını istəyir. Digər tərəfdən, Qərbin bölgəyə müdaxilə cəhdləri Moskvanı addımlarını sürətləndirməyə sövq edir. Xankəndi və digər ərazilərdə Azərbaycanın suverenliyinin təmin edilməsi məsələsi daha ağrılı proses olacaq, amma mütləq olacaq. Bunu təkcə məsələnin hüquqi tərəfi yox, həm də geosiyasi və regional şərtlər tələb edir. Rusiya bu məsələlərin mərhələli şəkildə, maksimum hissə-hissə həll olunmasına çalışacaq və bundan həm regiondakı maraqları üçün, həm də Bakı və Ankaraya qarşı manevr olaraq istifadə edəcək”.

İlyas Hüseynov: Dövlət başçısının sərəncamı diqqət və qayğının bariz  nümunəsidir - "İki sahil"

İlyas Hüseynov: “Qərbin bölgəyə müdaxilə cəhdləri Moskvanı addımlarını sürətləndirməyə sövq edir”

Politoloq İlyas Hüseynov isə düşünür ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli birgə bəyanata uyğun addımlar atır və bəyanatdan irəli gələn vəzifələrin həllində maraqlıdır: “3 il ərzində Laçın dəhlizinə alternativ yolun çəkilməsi ilə bağlı proses icra olunsa da Azərbaycan bunu cəmi 1.5 ilə həll etdi. Artıq Laçın dəhlizinə alternativ yolun çəkilişi başa çatıb. Bu o deməkdir ki, Laçın şəhəri də tam boşaldılmalı və Azərbaycanın nəzarətinə verilməlidir. Burada digər önəmli məqam Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycan dəhlizlər məsələsində vahid hüquqi yanaşmanın tərəfdarıdır və hüquqi rejimlər eynilik təşkil etməlidir. Digər tərəfdən, Laçın dəhlizinə alternativ yolun çəkilməsi Zəngəzur dəhlizinin açılmasını, regional kommunikasiyaların və nəqliyyat arteriyaların isə başlamasını sürətləndirəcək. Ermənistan prosesə mənfi təsir göstərməyə cəhdlər göstərsə də Azərbaycan siyasi iradə nümayiş etdirir və qarşısına qoyduğu məqsədlərə qətiyyətlə çatır. ”Qisas” antiterror əməliyyatı da öz praktiki nəticələrini verməkdədir. Regiona müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrin fəaliyyət dövrü də bitəndə regionu tərk edəcəklər. Bunun üçün birgəyaşayış qaydalarının ilkin konturları formalaşdırılmalı və bu siyasət təlqin olunmalıdır. Ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası da öz axarında gedir. Ermənilərin Azərbaycanın ali rəhbərliyinə çoxsaylı müraciətləri də bunu deməyə əsas verir”.

Ağdamda görüşərik- Kənan Novruzov yazır

Kənan Novruzov: “Rusiya regionda “suların durulmasını” istəmir”

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bildirdi ki, Rusiya tərəfindən verilən son açıqlamalar, o cümlədən İvan Neçayevin dedikləri Azərbaycanın maraqlarına uyğundur: “Bir müddət əvvəl ermənilərin Laçından çıxacaqlarını demişdim və gördüyünüz kimi, bu, artıq olur. Bəli, Kreml hələ ki proseslərə səssizdir. Amma bu, heç də Moskvanın humanist yanaşması kimi qiymətləndirilməməlidir. Moskva ədalət tərəfdarı olsa idi, ötən otuz ildə çoxdan məsələni həll edərdi. Məsələ ondan ibarətdir ki, Rusiya Avropa İttifaqının Cənubi Qafqazda artan fəallığından, İrəvan tərəfindən verilən konstruktiv bəyanatlardan, Azərbaycan və Ermənistan arasında ehtimal edilən konsensusun əldə olunmasından narahatdır. Rusiya regionda ”suların durulmasını” istəmir. Amma regiondakı təsir gücünü qorumaq üçün bəzi məsələlərdə səssiz qalmağa, hətta hansısa “düyünlərin açılmasına” razıdır. Lakin bu, bizim və ya regionun maraqlarını yox, öz imperiya maraqlarını nəzərə aldığına görədir. Əvvəllər də demişəm ki, regionda Qərb və Kreml arasında mübarizə gedir. Biz bu toqquşmadan istifadə etməli, manevr imkanlarını qorumalıyıq. Bu halda proseslər maraqlarımıza uyğun olaraq inkişaf edəcək”. Musavat.com

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …