Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / RUSIYA – AZƏRBAYCAN MÜNASIBƏTLƏRININ XARAKTERİ

RUSIYA – AZƏRBAYCAN MÜNASIBƏTLƏRININ XARAKTERİ

Rusiya – Azərbaycan münasibətləri ilk baxışda yaxşı, hətta çox yaxşıdır. Prezidentlərimiz dostdur, tez-tez görüşür, bir-birini müxtəlif münasibətlərlə təbrik edirlər. Prezident İlham Əliyev tez-tez Rusiyaya səfər edir, orada yüksək səviyyədə qarşılanır. Vladimir Putinin ona xüsusi diqqəti medialarımızın təbliğ etdiyi mövzulardandır. Bir neçə il qabaq vitse-prezident Mehriban Əliyeva da Kremldə yüksək səviyyədə qarşılanmış, Putin onu təltif etmişdi.

Ermənistanla 2020-c ilin payızında baş verən 44 günlük müharibə zamanı Rusiyanın Azərbaycanın tərəfində olduğunu, ən azı bitərəf qaldığını və ermənilərə dəstək vermədiyini Azərbaycandakı Rusiyapərəst qüvvələr həvəslə təbliğ edirlər. Bu məsələdə Rusiyada da onlara həmfikir olan tanınmış şəxslər var. Aleksandr Duqin, Maksim Şevçenko, İqor Korotçenko, Valeri Korovin, mərhum Darya Duqina və digərləri hətta bu döyüşlərdən bir müddət əvvəl Azərbaycanda olmuş, “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda keçirilən konfrans çərçivəsində cəbhə xəttində olmuş, Azərbaycan əsgərləri ilə görüşmüşdülər.

2020-ci il noyabrın 10-da üç ölkənin (Rusiya, Azərbaycan, Ermənistan) dövlət başçıları tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması haqda bəyanat imzaladılar. Həmin bəyanata uyğun olaraq, Rusiya sülhməramlı kontingenti barışdırıcı və təminatçı element olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirildi.

İlham Əliyev Vladimir Putinlə hər görüşündə Azərbaycanda 300-dən artıq rus məktəbinin olmasından fəxrlə danışır. O özü də rus dilini azərbaycan dilindən daha yaxşı bilir.

Bakıda fəaliyyət göstərən “Rus evi” intensiv tədbirlər keçirir və bu haqda elanlar verir.

2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.

Bunlar hamısı ilk baxışda çox gözəldir və ölkələrimizin dost olması haqda xalqlarımızda guya müəyyən təəssürat yaradır. Ancaq yarada bilirmi? Zənnimcə, yox.

Bəs bunu hər iki dövlətin rəhbərləri, siyasətçiləri, ziyalıları görmürmü? Düşünmürəm. Əgər mən görürəmsə, deməli, başqa görənlər də az deyil. Ancaq nədənsə hamı özünü görmürmüş kimi göstərir, yəni görməzdən gəlir. Bu imitasiya nədənsə hamıya sərf edir…

Bu suallara cavab verməzdən əvvəl gəlin, dostluğa, sağlam əməkdaşlığa, sülhə xidmət etməli olan fəaliyyətlərin reallıqda özünü təsdiqləməyən deklarativ mahiyyətinə qısaca nəzər salaq.

1. Prezidentlərimizin dostluğu, müxtəlif qarşılıqlı səfərlər, görüşlər, bəyanatlar xalqlarımızın yaxınlaşmasına, dostlaşmasına, iki xalq arasında münasibətlərin yaxşılaşmasına real kömək edirmi? Bu münasibətlər azərbaycan və rus xalqının iqtisadi durumuna, rifahına hər hansı müsbət təsir göstərirmi?

Məncə, yox. Amma mənim fikrim subyektiv də ola bilər. Daha dəqiq cavabı əhali arasında ictimai rəy sorğusu keçirməklə almaq olar. Kiminsə müsbət cavab verəcəyinə şəxsən mən əmin deyiləm.

Bildiyimiz kimi, azərbaycanlıların xeyli hissəsi uzun illərdir Rusiyada işləyərək çörəkpulu qazanır. Ancaq təəssüflər olsun ki, çox ağır şərtlər altında işləyir və yaşayırlar. Sərhəd keçid məntəqələrində Rusiya gömrükçülərinin və əsgərlərinin azərbaycanlılara qarşı alçaldıсı münasibəti, qeydiyyatla bağlı problemlər, bu sahədə baş alıb gedən rüşvətxorluq, ağır patentlər heç kəsi razı sala bilməz. Ancaq bu haqda heç kim düşünmək, danışmaq istəmir. Son zamanlar bütün bu ağır problemlərə ən dəhşətlisi əlavə olunub: quru sərhədləri bağlanıb və artıq kasıb təbəqə gediş-gəlişdən məhrum olub. Çünki təyyarələrdən istifadə etməyə çoxlarının imkanı yoxdur. Sual olunur: niyə varlılar səyahət etməlidir, ancaq kasıblar yox? Halbuki ikincilərin buna daha çox ehtiyacı var. Onlar kefə yox, işləməyə gedir, yaşamaq uğrunda mübarizə aparırlar. Düşünürəm ki, bu məsələdə hər iki hökümət məsuliyyət daşıyır. Çünki bu problemi həll edə bilmirlər, ya da etmək istəmirlər. Səbəbini özlərindən soruşmaq lazımdır.

2. Rusiya səfirliyinin, “Rus Evi”nin, Rusiyaya bağlı olan digər təşkilat və qurumların fəaliyyəti qətiyyən qənaətbəxş deyil və sanki “plan doldurmaq” xarakteri daşıyır. İnsanları ümumi elanlarla harasa dəvət etmək özünü praktikada doğrultmur. Çünki ev sahibləri adətən belə dəvətləri qəbul edənlərə lazımi diqqət və sayğı göstərmirlər. Bu mənada hesab edirəm ki, Rus Evi səmərəli fəaliyyət göstərmək, hansısa nəticələrə nail olmaq istəyirsə, taktikanı dəyişməli, ünvanlı dəvətnamələr göndərməli, daha məzmunlu müzakirələr təşkil etməlidir. Elə ABŞ, İngiltərə, Fransa səfirliyi ilə müqayisədə çox sönük görünən Rusiya səfirliyi də fəaliyyətini nəzərdən keçirməlidir. Bir neçə il qabaq “Pereseleniye” proqramı ilə bağlı onlara müraciət edərkən vətəndaşlara qarşı laqeyd, hətta aşağılayıcı münasibətə şəxsən şahid olmuşam. Hiss elədim ki, bu proqram sadəcə kağız üzərindədir.

3. Başqa bir ciddi sual: əgər prezidentlərimiz, hökümətlərimiz arasında münasibətlər bu qədər yaxşıdırsa, niyə Azərbaycan bu vaxta qədər Avrasiya Gömrük İttifaqına və KTMT-yə üzv olmayıb? Bunun günahı təkcə Azərbaycandadırmı? Düşünmürəm. Məncə, daha dərin səbəblər var və onlar haqqında danışmağın zamanı çoxdan çatıb.

4. Gəlin, 44 günlük müharibə dövrünə, ondan əvvəlki və sonrakı vəziyyətə qısaca nəzər salaq. Bir qrup rus ziyalısının gəlib bir konfrans keçirməsi, Azərbaycan əsgərləri ilə şəkil çəkdirməsi ölkəmizdə 30 ildə formalaşdırılan anti-Rusiya ovqatını aradan qaldırmağa, rusofob elitanın, ziyalıların rəyini dəyişməyə kifayət edərmi? Mən demirəm ki, buna ehtiyac yox idi, var idi, ancaq bu çox azdır. Daha fundomentlal, geniş miqyaslı işlər görmək, Azərbaycan xalqı, ziyalıları, siyasətçiləri ilə daha yaxın, isti, səmimi münasibətlər qurmaq lazımdır.

5. Nə bu təşəbbüs, nə 44 günlük müharibə zamanı Rusiyanın nümayiş etdirdiyi loyallıq, nə 10 Noyabr sazişi, nə sülhməramlı kontingentin fəaliyyəti Azərbaycan ictimai rəyində müsbət assosiasiyalar doğurmadı. Əksinə, yeni problemlər yarandı. Azərbaycanlıların əksəriyyəti Ukrayna böhranında Rusiyanın yanında olmadılar və bu gün də deyillər. Hətta Maksim Şevçenko çıxışlarının birində buna görə bizi bərk qınadı da. Yəni Maksim kimi ağıllı, təcrübəli, yetkin bir siyasətçi düşünürmüş ki, bir konfrans keçirməklə, bir şəkil çəkdirməklə və vaxtilə alınan, sonradan geri qaytarılan xaraba qalmış ərazilərlə 30 ildə baş verənləri unutdurmaq olar? Bunun üzərinə qərbpərəst müxalifətin (zatən başqası yoxdur), necə deyərlər, vətəndaş cəmiyyətinin, sırf anti-Rusiya ovqatına köklənən KİV-in də total təbliğatını gəlsək, işimizin nə qədər ağır olduğunu təsəvvür edə bilərsiniz. Mən bu haqda yoldaş Şevçenkoya yazdım, ancaq o əhəmiyyət vermədi. Azərbaycanda Rusiyanın qonşuluğunu, strateji tərəfdaş olduğunu, tarixi-mədəni birliyimizi, müştərək taleyimizi, gələcəyimizi obyektiv qiymətləndirən ziyalılar, siyasətçilərlə düzgün münasibətlər qurmadan burada nəyəsə nail olmaq çox çətin olacaq. Təkcə hakim siyasi elitayla deklarativ münasibətlər qurmaqla, bunu nümayiş etdirməklə iş getməz, ictimai rəylə də işləmək lazımdır ki, bunu yerli ziyalılar və siyasətçilər olmadan etmək mümkün deyil. Təəssüflə qeyd etməliyəm ki, bu tip ziyalılar və siyasətçilər artıq çox az qalıb, getdikcə də azalırlar.

6. Hazırda Azərbaycandakı KİV-lə Rusiya sülhməramlıları arasında gərgin mübarizə, hətta soyuq savaş gedir. Və bu KİV-in tezisləri haradan aldığı heç kəsə sirr deyil. Həm Rusiya, həm Azərbaycan hakimiyyətləri belə bir fon yaratmağa çalışırlar ki, guya hər iki ölkədə KİV tamamilə sərbəstdir və onlara nəzarət olunmur. Ancaq hər kəs də bilir ki, iki dövlət məhz onların əliylə bir-birinə güllə atır. Azərbaycan hökümətini açıq dəstəkləyən KİV-lər, hətta dövlət televiziyaları Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatı açıq şəkildə başqa dövlətin ərazisinə qəsd, işğalçılıq adlandırırlar. Bəs informasiya təhlükəsizliyi haqda Saziş necə oldu? Azərbaycanın ən tanınmış yazarları, jurnalistləri, blogerləri sülhməramlıları “erməniməramlılar” adlandırır, rusların Qarabağa məhz erməniləri qorumağa gəldiyini, onlara ev tikdiyini, erməni qızlarla əyləndiklərini, təbii sərvətləri daşıdıqlarını, Azərbaycana öz ərazisi olan Qarabağda suveren hüquqlarını təmin etməyə mane olduqlarını hər gün vurğulayırlar. Rusiya KİV də bir qədər başqa formada analoji anti-Azərbaycan fəaliyyəti ilə məşğuldur. Azərbaycanda Rusiya mediasının “ermənilərə işləməsi” haqda sarsılmaz fikir formalaşdırılıb. Bizim “Rusiyaya Qafqazda sülh lazımdır” kimi məntiqli mövqeyimizə və bəyanatlarımıza beş-on nəfər inanır. Çünki çox böyük bir alyansla mübarizədə səsimiz eşidilmir.

7. Rusiyanın cənubi Qafqazda apardığı siyasətdən həm ermənilər, həm də azərbaycanlılar narazıdır. Onun burada sülhdə maraqlı olmasına çoxları inanmır. Ermənilər deyir ki, Rusiya bizi satdı. Azərbaycanlılar da deyir ki, qələbəni özümüz qazanmışıq, ruslar sadəcə Qərbə meyillənən Paşinyandan qisas almaq üçün erməniləri dəstəkləməyi müvəqqəti dayandırıblar, ancaq gizli yardım davam edir. Əgər Ermənistanda Rusiyapərəst qüvvələr hakimiyyətə gəlsələr, vəziyyət yenidən onların xeyrinə dəyişəcək. Odur ki, təbii olaraq buna hazırlıq görülür.

8. Düşünürəm ki, Rusiyanın Zaqafqaziyada zəifləməsinin, nüfuzdan düşməsinin əsas səbəblərindən biri də Qarabağ münaqişəsi ətrafında gedən proseslərə düzgün yanaşmanın olmaması, boşluğa yol verilməsidir. Məsələ burasındadır ki, bu boşluğu burada Qərb liberal-millətçi qüvvələri daim dəstəkləmək və gücləndriməklə doldurur. Hər iki tərəfdə – həm Ermənistanda, həm də Azərbaycanda müharibə partiyaları həm hakimiyyəti, həm də müxalifəti zəbt ediblər. Mövqelər barışmazdır. Erməni tərəf Dağlıq Qarabağın müstəqilliyində, bunun ardınca Ermənistana birləşdirilməsində israr edir, Azərbaycan isə rəsmi səviyyədə “Qarabağ erməniləri bizim bərabər hüquqlu vətəndaşlarımızdır, onlara normal yaşamaları üçün hər bir şərait yaradılacaq” desə də, KİV-də daim gündəmdə saxlanan və ictimai rəyi yönləndirən təbliğat bu bəyanatların təsir gücünü sıfra yendirir. Ən əsası da odur ki, iki xalq arasında bir-birinə zərrə qədər etimad yoxdur və bunun yaranması üçün heç bir tərəf səmimi addım atmır. Hə iki tərəf bir-birini və Rusiyanı ittiham edir. Rusiya isə bundan düzgün nəticə çıxarmır.

9. Bir çıxış yolu var: hər iki tərəfdə – həm Ermənistanda, həm də Azərbaycanda sülh partiyalarını stimullaşdırmaq. Bu isə ancaq Rusiyanın səmimi təşəbbüsü ilə baş tuta bilər. Bu baş verməsə, Qarabağ problemində irəliləyiş olmayacaq və Qərb, ABŞ da daim bundan öz xeyrinə istifadə edərək, bütün günahı Rusiyanın üzərinə atacaq. Onlar bunu yaxşı bacarırlar.

10. Sülh partiyaları Qarabağ məsələsində konsensusa doğru addımlar atmaqla müharibəyə, hərbi toqquşmalara son qoyaraq, eyni zamanda bölgədə Avrasiyaçılıq ideologiyasının çəkisini artıracaqlar. Bu işi görərkən gerçək konkret faktlara və həqiqi arqumentlərə əsaslanacaqlar. Bu, ümumi Avrasiya Evinin yaranmasını sürətləndirəcək. Sadə insanlara nə lazımdır: övladları müharibədə ölməsin, yaşamağa evləri, işləməyə iş yerləri, yeməyə çörəkləri olsun. Əgər Rusiya bu işdə azərbaycanlılara və ermənilərə kömək edə bilsə, Qafqazda uğur qazanacaq və əlvvəlki nüfuzunu bərpa edəcək.

11. Bəli, biz hazırda Rusiyanın “hər kəsin öz evinə qayıtması”, “münaqişəyə qədərki sərhədlərə qayıdılması” istiqamətində müəyyən səylər göstərdiyini müşahidə edirik. Ancaq əksəriyyət, yəni Qərbdən yönləndirilən, eyni zamanda ekpansionist maraqları olan hakim siyasi elitalar, müharibə partiyaları bunu görmək istəmir. Rusiya özü də kifayət qədər səmimi təsir bağışlamır. Sanki hamı hər şeyi yalandan edir və bu səbəbdən də nəticə yoxdur.

12. Azərbaycanda həqiqətən rus məktəbləri fəaliyyət göstərir. Ancaq o məktəblərdəki tədrisin keyfiyyəti, onlardakı mühit, ab-hava haqqında heç kəs danışmaq istəmir. Mənim uşaqlarım da rus məktəbində oxuyublar. Bir dəfə uşaqlar Yeni İli qeyd etmək üçün tort aldıqlarına görə oğlumun sinif rəhbəri valideynləri məktəbə iclasa dəvət etmişdi. Bilirsinizmi nə dedi: “Yeni il bizim milli bayramımız deyil, rusların bayramıdır. Ruslar bizi 20 Yanvarda və Xocalıda qırıblar, ancaq biz yenə də onların bayramını qeyd edirik”. Bəli, məhz belə dedi. Özü də ən dəhşətlisi budur ki, bütün bunları mükəmməl rus dilində ifadə etdi.

Bəli, bu söhbətlər hamısı ölkəmizdə aparılan birtərəfli təbliğatdan irəli gəlir. Çünki 20 Yanvar və Xocalı faciələrinə hələ də obyektiv hüquqi və siyasi qiymət verilməyib. Ancaq günahkar təkcə Azərbaycan deyil, həm də Rusiyadır, çünki həm Azərbaycan, həm də Rusiya hakimiyyətləri bunda maraqlı görünmürlər.

Əgər obyektiv araşdırmalar aparılsa, həmin hadisələrin əsl mahiyyəti ortaya qoyulsa, konkret cinayətkarların adı çəkilsə, sağ qalanlar mühakimə olunsa, Azərbaycan cəmiyyətində bu ovqat ən azı xeyli zəifləyər, ayrı-ayrı şəxslərin, qrupların, qurumların törətdiyi cinayətlərə görə bütün rus xalqı qınanmaz.

Nadir QOCABƏYLİ

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …