Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Rus texnikası öz manqalında “bişirilir” – TƏHLİL

Rus texnikası öz manqalında “bişirilir” – TƏHLİL

Azərbaycan Ordusunun Vətən Müharibəsində nümayiş etdirdiyi nailiyyətlər 18 aydır ki, beynəlxalq ictimaiyyətin və mətbuatın diqqət mərkəzindədir. Silahlı Qüvvələrimizin 44 günlük müharibədəki peşəkarlığı, döyüş qabiliyyəti, malik olduğu müasir silahlar və onlardan istifadə təcrübəsi barədə həm yerli, həm də xarici KİV-də geniş analizlər dərc olunmaqda davam edir. Son günlərdə belə analizlərdən biri ABŞ-ın məşhur “Vaşinqton Post”, digəri isə “Vice” nəşrində dərc olunub.Tarixin ilk tank “qırğını”

Bu məqalələrdə Ukraynadakı müharibənin fonunda Azərbaycanın Vətən Müharibəsində “Spike” tipli tank əleyhinə vasitələrin, zərbə tipli “Bayraktar TB2” və “Harop” pilotsuz uçuş aparatlarının tətbiqi ilə Ermənistan ordusunun ağır texnikalarına qarşı yeni mübarizə metodlarından effektiv istifadəsinə xüsusi yer ayrılıb.

“Vaşinqton Post” qəzetinin əməkdaşı Maks But qeyd edir ki, Türkiyə istehsalı olan “Bayraktar” TB2 pilotsuz uçuş aparatları və İsrail istehsallı silahlar Azərbaycanın 2020-ci ildə qazandığı qələbədə mühüm rol oynayıb. Onun sözlərinə görə, İkinci Qarabağ savaşı zamanı Ermənistanın hərbi texnikasının 47 faizi məhv edilib və ya zədələnib. Bununla tam razılaşa bilmərik, çünki Ermənistanın müharibədəki ağır texnika itkiləri 80 faizdən çox olub. Onun Vətən Müharibəsində orta hesabla hər gün 8-9 tank olmaqla, ümumilikdə 366 ədəd tank itirməsi bir çox mütəxəssislər tərəfindən dünyada tank erasının bitməsi kimi də dəyərləndirildi.

2020-ci ildə cəmi 716 milyon dollar hərbi büdcəsi olan Ermənistan üçün yalnız tanklarda 1 milyard dollarlıq itkiyə məruz qalması digər itkilər olmadan belə ordusunun darmadağın edilməsinin göstəricisi idi. Burada Avropada Adi Silahlara Nəzarət Komissiyasının hesabatlarında ermənilərin 220 tanka malik olmasına dair verilən rəsmi məlumatları ilə məhv edilən və ya qənimət götürülən 366 tank arasındakı fərqin hansı səbəbdən yarandığını soruşmaq da yerinə düşür.

Nəzərə almaq lazımdır ki, Ermənistanda müəyyən sayda tanklar hələ də mövcuddur. Belə olan halda Avropada Adi Silahlara Nəzarət Komissiyasının hər il Ermənistanda yoxlama keçirməsi ən yaxşı halda formal xarakter daşıyıb, ən pis halda isə tərəflər “əl əli yuyar, əl də üzü” prinsiplərinə əsaslanan bazar münasibətləri qurmağa nail olublar. Özünü dünyaya həqiqət və ədalət carçısı kimi sırıyan Qərbə aid bir insitutun 25 il ərazində Ermənistan ərazisindəki tankların sayını ən azı 2 dəfə azaltmaqla aktlaşdırması faktdır.

Qəfəs tanka çarə deyil

Azərbaycan Ordusunun Ermənistanın tanklarının 80 faizini məhv etməsindən sonra Rusiyanın zirehli vasitələrini aktiv qorunma sistemləri ilə təchiz edəcəyi gözlənilirdi. Amma bu hələ də baş verməyib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tanklarına qarşı istifadə etdiyi PUA-lar, idarəolunan raketlər və ya onların analoqları ilə indi də Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın zirehli texnikalarını məhv etməkdədir.


Rusiya istehsalçıları tanklarının PUA zərbələrindən qorumaq üçün aktiv və passiv mühafizə kompleksləri ilə təmin olunduğunu iddia etsələr də, nə Qarabağda, nə də Ukraynada buna rast gəldik. Rusiya istehsalçısının “Relikt” və “Kontakt-5” mühafizə sistemləri barədə səsləndirdiyi iddialar da özünü doğrultmadı. Rus tankları Qarabağdan fərqli olaraq, Ukraynada əcayib yeniliklə yadda qaldılar. Müasir istehsalçılar elektron optik sensorlara malik olan və yaxınlaşan təhdidi avtomatik rejimdə zərərsizləşdirən AKKOR (Türkiyə), “Trophy” (israil), “Zaslon” (Ukrayna) kimi aktiv sistemlərdən istifadə etdikləri halda, rus tanklarının üzərində kvadratşəkilli böyük kabab manqalına bənzər “qəfəslər” müşahidə etdik.


Rusiya texnikalarında bu “qəfəslər”ə ilk dəfə 2021-ci ilin noyabrında Krıma yerləşdirilən tank hissələrində rast gəlindi. Rusiyalı mühəndislər bu “qəfəslər”in ilk raket zərbəsini özünə qəbul etməklə kumulyativ və ya zirehdələn başlığın tankın korpusuna nüfuz etməsinin qarşısını alacağına əmin idilər, lakin döyüş əməliyyatları bunun əksini nümayiş etdirdi. Maraqlıdır ki, onillərlə tank istehsal və ixrac edən Rusiyada dəfələrlə aktiv mühafizə sistemləri barədə rəsmi məlumatlar dərc edilib. Amma ruslar Qərbin və potensial rəqiblərinin istifadə etdiyi TƏİRK-dən atəş açmaqla bu “qəfəsləri” ya sınaqdan keçirməyiblər, ya rəqib raketlərinin imkanları barədə məlumata malik olmayıblar, ya da keçirilən sınaqların nəticələri saxtalaşdırılıb. İstənilən halda bataqlıq ərazidə özünü pis tərəfdən göstərən rus tankları Ukraynada olan-qalan nüfuzunu da itirdi.

Qorxulu rəqəmlər

Rusiyanın hərbi sənaye kompleksi 5-10 ədəd armaturu tank qülləsinə qaynaq etməklə zirehli vasitələri “Bayraktar” PUA-larından və digər tank əleyhinə idarəolunan raketlərdən qorumağı düşünsə də, bu “dahiyanə” metod nəinki effekt verməyib, əksinə, hərbi dairələrdə Rusiya tanklarını və ölkənin müdafiə sənayesini gülüş hədəfinə çevrib. Ukrayna Müdafiə Nazirliyinin son məlumatlarına görə, Rusiya bugünə qədər müxtəlif tipli 1500-ə yaxın zirehli texnikasını itirib. Müstəqil analitiklər bu rəqəmin təxminən 800 olduğunu düşünürlər. İstənilən halda hər iki rəqəm 1 ay üçün böyük itkidir. Texniki nasazlıqdan sıradan çıxan ağır vasitələri də nəzərə alsaq, rəqəm 2000-dən az olmayacaq. Bu isə aktiv istifadədə 2840, saxlanma bazalarında 10300 tanka malik olan Rusiya üçün böyük rəqəmdir.


Digər tərəfdən, Rusiyanın Ukraynada “T-80” tanklarından istifadə etməsi bir çox qərb mütəxəssislərin diqqətindən kənarda qalıb. Bu tanklar “T-72” ilə müqayisədə yeni olsa da, Rusiya onları saxlama bazalarında yerləşdirmişdi. Əgər onlardan artıq döyüş əməliyyatlarında istifadə edilirsə, deməli, Rusiyanın aktiv istifadə olunan 2840 ədəd “T-72” və “T-90” tankları arasında itkilərin miqyası kifayət qədər böyükdür. Tank ekipajlarının hazırlanması da asan həll ediləcək məsələ deyil, bunun üçün minimum 3 aylıq hazırlıq müddəti tələb olunur.

Başqa sözlə desək, Azərbaycan Silahlı Qüvvələrinin müasir müharibələrdə tankların aktiv mühafizə sistemləri olmadan tətbiqinin səmərəsizliyinə dair yeni konsepsiyası artıq Ukrayna müharibəsində təsdiqini tapır və bu, bir çox KİV-lər, mütəxəssislər və hərbi elmi mərkəzlər tərəfindən açıq şəkildə etiraf edilir.


Odur ki, Qarabağda və Ukraynada ağır tankların dəfələrlə uçuz sursatlar tərəfindən zəmanətlə məhv edilməsi fonunda Qərb hərbi dairələrinin gələcək müharibələrlə bağlı müzakirələrdə 80 illik tank erasının başa çatdığına dair fikirlər səsləndirməsi tamamilə anlaşılandır. Digər tərəfdən isə tank əleyhinə yüngül və daşınan vasitələrin atəş məsafəsinin tankın atəş məsafəsindən çox olması bu duelin qalibini əvvəlcədən təyin etməyə imkan verir.


Azərbaycan Ordusunun zabiti, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı mayor Mirdamət Bağıyev hazırda dünyada real “Tank – Spike dueli”nin ən mükəmməl ustası kimi tanınır.

İkiüzlülər üçün xatırlatma

Təəssüf ki, Qərb mətbuatı “Bayraktar”, “Harop” və s. Ukraynada işinə yarayanda onu “ümid silahı”, Qarabağda Azərbaycanın tarixi ərazilərinin azad edilməsində istifadə olunanda isə “qətl silahı” kimi təqdim etməkdən çəkinmir. Əgər Türkiyə istehsalı olan PUA hazırda Qərb üçün “ümid silahı”dırsa, o zaman 44 günlük müharibə zamanı “Bayraktar” üçün optik sistemlərin Ankaraya ixracından imtina edən bəzi ölkə rəhbərləri ən azından üzr istəməlidir.

Azərbaycan məhz bu PUA-ların və digər vasitələrin köməyi ilə BMT qətnamələrini minimal mülki əhali itkisi ilə (cəmi 1.7 faiz) həyata keçirən tək ölkədir. Adətən müharibələrdə mülki əhali ilə hərbçilərin itkiləri arasında fərq ya az olur, ya da mülkilərin itkiləri üstünlük təşkil edir. Qərb mediasının bu faktı nəzərə alması da pis olmazdı.

Nəticə

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın bütün siniflərdən olan zirehli vasitələrini “cərrah dəqiqliyi” ilə ilk atəşdən məhv etməsi indiyə qədər baş verən müharibələrdə rast gəlinməyən bir hadisə idi. Ümumilikdə götürsək, Azərbaycan Ordusu ilk 5-ci nəsil müharibənin müəllifi kimi tarixə düşdü. Azərbaycan Silahlı Qüvvələrinin TƏİRK-lərə lazerlə hədəf göstərilməsi, lazerlə idarə olunan aviasiya bombalarından “nöqtə atışları”nı icra etməsi, “An-2” təyyarələrini avtopilot ilə təmin edib, düşmən HHM sistemlərinin üzərinə göndərməsi, aktiv rejimə keçən düşmən hava hücümundan müdafiə sistemlərini kütləvi şəkildə sıradan çıxarması, müxtəlif PUA-ların və pilotlu vasitələrin qarşılıqlı əlaqəsini təşkil etməsi kimi yeniliklər hazırda dünyanın bir çox hərbi akademiyalarında öyrənilir.

Bu akademiyaların müəllim-professor heyətinin Azərbaycan Silahlı Qüvvələrindən öyrənə biləcəyi başqa bir məqam da var ki, buna da əvvəllər heç bir orduda, heç bir müharibədə rast gəlinməyib. Bu İsrail və Türkiyə istehsalı olan zərbə və kəşfiyyat PUA-larının qarşılıqlı əlaqədə paralel tətbiqi, ağır zirehli texnikalarla qorunan qalanın texnikadan istifadə etmədən, fərdi silahlarla azad edilməsidir. Bu faktları da Qərb mediası və hərbi mərkəzlər diqqətə almalı, Azərbaycan Silahlı Qüvvələrinin imkanlarını obyektiv dəyərləndirməlidirlər.

Ədalət Verdiyev, hərbi ekspert

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …