Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / REAL Partiya ilə AXCP arasında gərginlik – “İt-pişiyinizi yığışdırın!”

REAL Partiya ilə AXCP arasında gərginlik – “İt-pişiyinizi yığışdırın!”

REAL Partiya ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası arasında yenidən gərginlik yaranıb.

Buna səbəb REAL Partiyanın funksioneri Natiq Cəfərlinin dekabrın 1-də Bakının mərkəzində keçirilən aksiya zamanı saxlanılan şəxslərə qarşı zor tətbiq edilməsinə münasibət bildirməsi olub.

N.Cəfərli bildirib ki, Tofiq Yaqubluya qarşı edilən cinayətdir, dövlət adına ləkədir: “Hakimiyyətin ağıllı siyasəti olsa, bunu özü araşdırar, dünənki aksiyanın bütün “kodlarını” açar, cəzasını kəsər, amma etməyəcəklər. Çünki həqiqət üzə çıxsa, çox adamlar şok olar, “poqonlara” bu sərf etməz, hər dəfə səmimi insan olan, amma heç vaxt siyasətçi olmayan Tofiq bəydən, onun mübarizliyindən  istifadə edənlərin də iç üzü açılar. Aksiyanı kim təyin etmişdi? İki gənc – hər ikisi son illərdə “liberal sivil toplum” tərəfindən üstü çizilmiş insanlar (haqlı-haqsız, bunu qoyuram kənara), onların hansısa avtoriteti var idi ki, mitinq təyin etsinlər? Açığını desəm, yox idi. Bəs onlara nə lazım idi?! Bəlli çevrələrdə, xaricdə və daxildə reablitasiya. Onlara kənardan təsir ola bilərdimi?! Mümkündür, amma sübutum yoxdur. Yaxşı, ölkədə belə aksiyalar təşkil ediləndə kim həmişə öndə olur?! Tofiq Yaqublu. Niyə?! Çünki, səmimi və mübariz insandır, aksiya onun üçün yeganə siyasi alətdir. Bunu hakimiyyət bilirdimi?! Təbii, onlar bizim hamımızı özümüzdən yaxşı tanıyır. Hakimiyyət bilirdimi ki, cəmi 50-60 adam olacaq, jurnalist sayı aksiya iştirakçılarından çox olacaq?! Təbii, bilirdi. Bu aksiyanı təhlükə sayırdımı?! Təbii ki, yox, belə aksiya təhlükə ola bilməz. Bəs hakimiyyətə nə lazım idi?! Qorxu-hürkünü artırmaq. Hakimiyyət yekcinsdimi?! Xeyr, bu siyasi, iqtisadi olaraq mümkün deyil, hətta Şimali Koreyada belə mümkün deyil, hətta orda belə ayda bir generalı topa qoyub atırlar (hərfi mənada), çünki hansısa general arada öz oynunu qurmağa çalışır. Bir ildir biz xəbərdarlıq edirdikmi ki, son yaranan siyasi təmaslardan “poqonlar” narahatdır?! Edirdik. Niyə narahatdılar?! Çünki 30 ilə yaxındır ki, müxalifətlə, sivil toplumla onlar işləyir, bu isə onlara əlavə güc, nüfuz, pul gətirir. Onların 30 ildir işlədikləri insanlar da narahat idimi?! Bəli, çünki “poqonlarla” işləmək onlara da sərf edirdi. Bu tipli hadisələr olanda, Tofiq bəyin vəhşilər tərəfindən döyüldüyü fotosunu görəndə insanın ağlına ilk nə gəlir?! Bəli, ilk o gəlir ki,  siyasi təmaslar, dialoq söyləmləri fiksiyadır, immitasiyadır, rədd edilməlidir. Bu kimə lazımdır?! Bəli, “poqonlara” və onların 30 ildir, kurasiyasında olan bəzi insanlara. Yaxşı bəs İlham Əliyev hara baxır?! Hə, əsas sual budur, Prezident Brüssel səfərindən öncə belə təxribat edənləri tapıb cəzalandırmayacaqsa, birdəfəlik “poqonlar siyasətinə” son qoymayacaqsa, deməli, ölkədə sivil dəyişiklik yolu tam qapanmış olacaq, siyasi təmaslar mənasızlaşacaq, ancaq xaotik, hamının, əsas da məmləkətin itirəcəyi yol qalacaq. Brüsseldə nə müzakirə ediləcək?! Bəli, Avropa Birliyi ilə yeni saziş və Azərbaycan-Ermənistan arasında sülh quruculuğu, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəmizə inteqrasiyası. Yaxşı, vətəndaşını vəşhicəsinə döyən ölkə, inteqrasiya etdiklərini nə günə qoyar, sualı çıxa bilərmi?! Bilər. Bəs bu sualın yaranması kimə yararlıdır?! Kremlə, onlar bu inteqrasiyaya və Avropa Birliyi ilə sıx əlaqələrə həmişə mane olacaqlar. Moskvanın keçmiş SSRİ respublikalarında ən çox təsir göstərə bildikləri orqan həmişə hansı olub?! Bəli, “poqonlar”. Nəhayət son sual – xaosda ən çox kim dəbə, hörmətə minir, kim daha çox qazanır?! Bəli, əlində zopa, çiynində “poqon” olanlar…”

Natiq Cəfərlinin bu mövqeyi birmənalı qarşılanmayıb. T.Yaqublu onu “malakeş” adlandırıb.

“Azadlıq” qəzetinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində də N.Cəfərlinin fikirlərini belə təqdim edib: “Tofiq Yaqublu siyasətçi olsaydı, döyülməzdi”.

REAL Partiyanın funksioneri isə AXCP rəhbərliyinə müraciət edib: “Hürdürdüyünüz itlər mənə maraqlı deyil. Niyə yalan maşını kimi çalışırsız?! Niyə yalan uydurub məni söydürürsüz? Nədən bunu edirsiz?! Bu qədər kompleks hardandı sizdə?! Sözünüz var, üzümə deyin, it-pişiyinizi yığışdırın! Son kəs xəbərdarlıq edirəm, ailəmi, anamı söydürəcək qədər alçalmayın! Hüquq-mühafizə orqanlarında 26 dəfə dindiriləndə, azı 15 dəfə deyiblər ki, sizin üstünüzə müxalifətə illərdir, yerləşdirdiyimiz adamları salacağıq, dedilər və edirlər də! Bu gün aydın mətn, sual və cavab şəklində məntiqi ardıcıllıqla status yazmışam, iynənin ucu qədər ağlı olan Əliyevə ünvanladığım sualları görərdi, bir qrup marginal görmədi, çünki onların fikir babaları belə feyk yayan qənimətzahidlərdir. İyrənirəm artıq primitiv, tərbiyyəsiz adamlardan…”

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …