Ana səhifə / Siyasət / Rayon maşınları qadağasının ilk günü: “Öz paytaxtıma niyə gedə bilmərəm?!”

Rayon maşınları qadağasının ilk günü: “Öz paytaxtıma niyə gedə bilmərəm?!”

Rayon qeydiyyatında olan maşınların Bakıya buraxılmaması qadağası bu gündən etibarən qüvvəyə mindi.

Xəbər verdiyimiz kimi, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifovun qərarına əsasən sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan axşam saat 24:00-a qədər paytaxta buraxılmayacaq.

Həmin avtomobillər şəhərin cənub və şimal girişindəki duracaqlarda saxlanılacaq. Bu məqsədlə şəhərin cənub girişində – Bakı-Ələt yolunda və şimal girişində – Bakı-Quba yolunda avtomobillər üçün dayanacaqlar tikilib.

Virtualaz.org saytının əməkdaşları Bakı-Ələt yolunun 14-cü kilometrliyində yerləşən dayanacaqda olub və maşınların şəhərə buraxılmaması prosesi ilə maraqlanıblar.

İlk təəssüratımız ümumi şəkildə budur: rayondan gələn sürücülərin əksəriyyəti bu qərardan xəbərdar və narazıdır.

Bakıya rayondan müştəri gətirdiyini deyən taksi sürücüsü Mehdi Abdullayev bildirir ki, 20 ilə yaxındır bu işlə məşğuldur, indi isə çörəkpulu əlindən çıxır: “Əvvəldən məlumatım var idi, amma taksi sürücüsüyəm də, nə edə bilərəm… Müştərilər də qalıb burada. Heç olmasa taksi sürücülərini nəzərə alsınlar. Məcburam ki, maşının qeydiyyatını dəyişim, başqa yolum yoxdur”.

Biləsuvar rayonundan “Sədərək” ticarət mərkəzinə alış-veriş üçün gəldiyini deyən Adəm Bayramzadə də yeni qaydadan narazıdır.

A.Bayramzadə deyir ki, hamı Azərbaycan vətəndaşıdır və onların şəhərə girməyinə maneə olmamalıdır: “Camaatın xəstəsi var, öləni var, itəni var, çörək qazananı var. Belə olmaz axı. Yeni qərardan məlumatımız var idi. Amma bu nə deməkdir? Biz Azərbaycan vətəndaşı deyilik? Mən 4 il Qarabağda can qoymuşam. İndi Azərbaycanıma, onun paytaxtına, öz torpağıma girə bilmərəm? Bu qadağanın heç bir məntiqi izahı yoxdur. Ümumiyyətlə, burada məntiq yoxdur. Bu, vətəndaşlar arasında ayrı-seçkilikdir”.

Şəhərə buraxılmayan, buna görə də geri qayıtmaq istəyən maşınların sahibləri burada daha bir problemlə qarşılaşır – onlara maşını dayanacaqda saxlamağa icazə verilmir. Belə ki, rayona geri qayıtmaq istəyən sürücülər üçün dayanacağın yaxınlığında heç bir döngə yoxdur. Bunun üçün sürücülər təxminən 1 kilometr aralıda yerləşən yerüstü keçiddən dönməlidir. Bəs onlar həmin keçidə necə buraxılır?

Adının açıqlanmasını istəməyən polis əməkdaşı bunu virtualaz.org saytına belə izah etdi ki, maşını dayanacaqda saxlamayıb geri qayıtmaq istəyən sürücülərin sənədləri alınır, onlar həmin yerüstü keçiddən dönüb qayıdır və buradan sənədlərini alıb gedirlər.

Polis əməkdaşı yaxınlıqda döngənin niyə yaradılmamasına isə belə aydınlıq gətirdi: “Çünki yolun digər hissəsindən maşınlar yüksək sürətlə hərəkət edir. Əgər burada döngə qoyulsa, qəza şəraiti yarana bilər”.

Halbuki yolun digər tərəfində maşından düşüb sənədi almaq üçün polis məmurunun yanına gələn sürücülərin də həyatı üçün təhlükə var. Belə ki, onlar sənədlərini almaq üçün hərəkətin intensiv olduğu yolun o tayına keçməyə məcburdurlar.

Başqa bir polis əməkdaşının sürücü ilə mübahisəsini eşidirik.

Avtomobilini dayanacaqda saxlayıb taksi ilə şəhərə yola düşməyə hazırlaşan sürücü avtomobilindən nigaran qalır: “Siz mənə heç bir kağız, sənəd vermədiniz ki, maşınım buradadır. Birdən oğurlandı. Onda necə olacaq?”

Bu suala sıravi polis əməkdaşından tutarlı biz də cavab ala bilmədik.

Amma alay komandiri, polis polkovniki Balakişi Əhmədov izah etdi ki, dayanacaqda xüsusi işçilər və təhlükəsizlik kameraları var: “Bütün ərazi kameralarla müşahidə olunur. Həmçinin burada nəzarət edən işçilər də var. Heç bir problem yoxdur”.

Dayanacağın yaxınlığında şəhərə gedən avtobuslarla yanaşı yolda qalanları şəhərə aparmağı təklif edən taksilər də var. Adıçəkilən yerə ən yaxın metro stansiyası “İçərişəhər”dir. Şəhər taksiləri rayonluları metroya qədər 10 manata apara biləcəklərini deyir. Amma təbii ki, məsafəyə görə qiymət də dəyişir.

Və əsas məsələ – dayanacaq…

Dayanacağın ərazisində xeyli sayda sərnişin və yük maşını var. Maşınlar xüsusi nəzarətçilərin köməyi ilə dayanacaqlarda yerləşdirilir. Qarşı tərəfdə isə gözləmə zalı, “Ana və uşaq otağı”, kafe, tualet var. Və ən maraqlısı da budur ki, onların heç birinin tikintisi tam başa çatmayıb, hazırda tamamlanma işləri gedir. Yəni istifadəyə yaramırlar.

Burada bir detal da diqqəti çəkir. Dayanacaqda saxlanmış maşınların, deməli, həm də onların sürücü və sərnişinlərinin sayını təsəvvür edəndə gözləmə zalı da, kafe də çox kiçikdir. Başqa sözlə, qışın soyuğunda, yayın qızmarında burada sürücü və sərnişinlərin uzağı 10-20 faizi daldalana bilər. Bəs qalanları necə olacaq? Bu sual da hələ ki, açıq qalır.

Bu obyektlərin yaxınlığında isə 3 təcili yardım maşını var. Onlar növbə çəkir ki, halı pisləşən, vəziyyəti ağır olan xəstələrə əlavə problem yaranmasın.

Təcili yardımın əməkdaşlarına yaxınlaşıb ümumi vəziyyətlə maraqlanır, indiyə qədər kiminsə onlara müraciət edib-etmədiyini soruşuruq. Maraqlıdır ki, təcili yardım əməkdaşlarından biri ilk olaraq bir neçə nəfərin müraciət etdiyini desə də 19 saylı təcili yardım stansiyasının həkimi Kamil Həsənov sonradan onun dediyini inkar etdi, bildirdi ki, hələ sakitlikdir…

Polislərin maşınları saxlayıb yoxladığı yerdə, dayanacaqda xeyli sayda adam əllərində yük, qucağında uşaq o baş-bu başa gedirdi. Bir qismi isə dayanacağın yanında dayanıb gözləyirdi.

…Bu qadağanın tətbiqində məqsədin şəhərdəki sıxlığı aradan qaldırmaq olduğu bildirilsə də sürücülər bir sualı dönə-dönə verir: “Rayonda yaşayan Azərbaycan vətəndaşı öz ölkəsinin paytaxtına niyə öz maşını ilə buraxılmamalıdır?”

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın