Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Rasim Əliyevin ölümündə təqsirləndirilənin atası müraciət yaydı

Rasim Əliyevin ölümündə təqsirləndirilənin atası müraciət yaydı

Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərdən biri – Samir Mustafayevin atası Şakir Mustafayev və vəkili Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət edib.
Vəkil B. Hacıyevin APA-ya verdiyi məlumata görə, müraciətdə bildirilir ki, R. Əliyevin ölümündə S. Mustafayevin təqsiri yoxdur: “Rasim Əliyevin ölümü ilə əlaqədar dərin təəssüf hissimizi bildiririk. İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, Samir Mustafayev Rasim Əliyevin döyülməsi prosesində iştirak etməyib. Bu hal hadisə yeri olan “Bayıl market” mağazasının qarşısında quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən qeydə alınmış videogörüntülər vasitəsilə birbaşa sübut edilir. Samir Mustafayevin hadisəni törədən şəxslərlə yeganə əlaqəsi onlardan bəzilərini şəxsən tanıması olub. Samir Mustafayev özünü bu cinayət işi üzrə təqsirli saymır və tezliklə ədalətin bərqərar olacağına inanır”.
Qeyd edək ki, R. Əliyevin  ölümü ilə bağlı cinayət işi üzrə istintaq tamamlanıb. İş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyev isə həmin məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilir.
Cinayət işinin materiallarından digər təqsirləndirilən Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın