Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Ramiz Mehdiyevlə bağlı daha bir AÇIQLAMA

Ramiz Mehdiyevlə bağlı daha bir AÇIQLAMA

Paralel idarəçilik… Bu ifadə Azərbaycan siyasətinə də gəldi. Azərbaycan televiziyaları bugünlərdə  mühacirətdə yaşayan Qurban Məmmədovla bağlı reportajlarda ona Bakıda ev, əmlak verənlərin paralel idarəçilər olduğunu dedilər.

 
Qeyd edək ki, bu ifadə 2013-ün dekabrında Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğana qarşı hakimiyyət içindən qurulan məlum əməliyyatlardan sonra meydana çıxmışdı. Məlum olmuşdu ki, qardaş ölkədə hakimiyyət içində paralel hakimiyyət quranlar var və onların lideri ABŞ-da yaşayan Fətullah Güləndir. Məhz bundan sonra Türkiyədə siyasi terminlər sırasına “FETÖ” gəldi.


Azərbaycanda isə Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin nəvəsinin məlum toy qalmaqalından sonra “Azərbaycanın da ”Fətullah Güləni” Ramiz Mehdiyevdir” fikirlərini irəli sürənlər oldu. Bu fikri səsləndirənlərdən olan politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, o, bu iddianı təhlilləri əsasında irəli sürür: “Uzun illər müxtəlif kadrların irəli sürülməsində Ramiz Mehdiyevin müstəsna rolu olub. Böyük ehtimalla müxtəlif vəzifələrə təyin edilən kadrları ilk olaraq o özü qəbul edib, onlara ”öyüd-nəsihətlərini” verib. Akademik bu yolla həm də onlara xatırladıb ki, yeni vəzifəyə təyin edilmələrinə görə kimə minnətdar olmalıdırlar. Faktiki paralel idarəçiliyin də konturları qoyulub. Yəni Prezident iclaslarda dövlətin hədəflərinin tezislərini elan edir, onlar isə Ramiz Mehdiyevdən tapşırıq gözləyirdilər. Bu, uzun müddət davam edib.


Fikrimcə, Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə Ramiz Mehdiyevin paralel idarəçiliyinin sonu gəldi. Prezident Administrasiyasına təyin olunan yeni kadrların Ramiz Mehdiyevə aidiyyəti olmayıb. Ramiz Mehdiyevin özü pensiyaya göndərildikdən sonra onun qalan kadrları da vəzifələrdən uzaqlaşdırılmağa başlandı. Həbs olunan icra başçılarının əksəriyyəti vaxtilə Ramiz Mehdiyevin irəli sürdüyü kadrlardır. Ancaq proses hələ tam yekunlaşmayıb. Hakimiyyətin müxtəlif qollarında, o cümlədən parlamentdə hələ də Ramiz Mehdiyevin vaxtilə irəli sürdüyü kadrlar mövcuddur. Doğrudur, məlum toydan sonra ayağı büdrəyən Ramiz Mehdiyevdən hamısı imtina edib. Ancaq bu o demək deyil ki, həmin kadrlar siyasi və iqtisadi islahatlara, korrupsiya ilə mübarizəyə daxilən dəstək verirlər”.

 
Politoloq qeyd etdi ki, Ramiz Mehdiyev Elmlər Akademiyasına prezident təyin edildikdən sonra paralel idarəçiliyi davam etdirməyə çalışıb. Bəzi nazirlər və komitə sədrləri bir müddət Ramiz Mehdiyevin rəhbərliyi ilə Elmlər Akademiyasında keçirilən iclaslara qatılıblar: “Bunun məntiqi izahı yoxdur. Məgər həmin nazirlər Elmlər Akademiyasının keçmiş rəhbərlərinin iclaslarına qatılırdılar? Digər tərəfdən, Ramiz Mehdiyev nazirləri iclaslarına çağırmaqla işarə edirdi ki, hələ güclüdür. Yəqin elə həmin nazirlər də Ramiz Mehdiyevin güclü olduğunu düşünüblər ki, onun iclaslarına qatılıblar. Ancaq toy əhvalatından sonra hansısa nazirin Ramiz Mehdiyevin iclasına qatılacağını düşünmürəm. Çünki həmin nazirlər də anlayırlar ki, Ramiz Mehdiyev həminki fiqur deyil və onun bütün mövqeləri zəifləyib.

 
Ramiz Mehdiyevi Elmlər Akademiyasından uzaqlaşdırmaq lazımdır. Bundan sonra isə onun və yaxın qohumlarının hansı yollarla böyük mülkiyyətlər əldə etdiyini araşdırmaq gərəkəcək”.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …