Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / “Ramiz Mehdiyev bizi gözləyən vacib kadr və struktur islahatlarının anonsunu verib”

“Ramiz Mehdiyev bizi gözləyən vacib kadr və struktur islahatlarının anonsunu verib”

Prezident İlham Əliyev tərəfindən ölkənin inkişafı baxımından müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət edilməsi tələb olunur.
Komanda prinsipi heç də hər bir dövlət məmurunun eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini səfərbər etmələrini nəzərdə tutur. Bu tezislər Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı geniş məqaləsində yer alır. R.Mehdiyev bildirir ki, Prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Prezident Administrasiyasının rəhbəri İlham Əliyevin müsahibələrindən birindən aşağıdakı sitatı gətirir: “Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrıseçkilik etmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.
Məqalədə deyilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur.

R.Mehdiyevin məqaləsində dövlət vəsaitlərinin israf edilməməsi, onlardan qənaətlə istifadə edilməsi ilə də bağlı tövsiyələr var. Göründüyü kimi, akademikin məqaləsində kadrlarla bağlı tələblərə, bir-birini təkrar edən dövlət qurumlarında islahatların vacibliyinə və dövlət vəsaitindən qənaətlə istifadəyə xüsusi diqqət yetirilir. Bu cür problemlərin olmasına dair fikirlərin yüksək vəzifə sahibi səviyyəsində səsləndirilməsi yaxın gələcək üçün nə vəd edir?

Politoloq Qabil Hüseynli qəzetimizə bildirdi ki, R.Mehdiyevin məqaləsində göstərilən detallar Azərbaycan üçün zəruri olan oriyentirləri özündə cəm edir: “Mən həmişə demişəm, R.Mehdiyev Azərbaycan dövlətinin bel sütunudur. Onun təcrübəsi, dünyagörüşü, problemlərə bələdliliyi uzun illərdən bəri formalaşıb. O həm Heydər Əliyevin, həm də İlham Əliyevin zamanında dövlətçiliyimizin möhkəmlənib inkişaf etməsində əvəzedilməz rol oynayıb. Ramiz müəllim çox təcrübəli adamdır. O, uzun müddətdir ki, idarəetmə sistemində çalışır. R.Mehdiyev həm də çox böyük alimdir. Bunları deməkdə məqsədim odur ki, belə insanlardakı potensialı oxuculara düzgün çatdıra bilim. Bu kateqoriya adamlarda elmi dünyagörüşlə, praktiki siyasi fəaliyyət bir araya gələndə çox gözəl nəticələr əldə olunur. Ramiz müəllim elmlə praktikanı uzlaşdırmağı bacarıb və bu təcrübəni dövlətin idarə olunmasına sərf edib. Onun dövlətçiliyin təkmilləşdirilməsilə bağlı irəli sürdüyü təkliflərin hamısı reallığı əks etdirir. Bəli, kadr məsələsi hər şeyi həll edir. Bu, dövlətin idarə olunmasında ən vacib məsələdir. Kadr məsələsini ön plana çəkməklə o, daha peşəkar komandanın formalaşdırılmasına ehtiyacın yarandığını deyir. Komandanın formalaşdırılması üçün ali meyarların əsas götürülməsi olduqca vacibdir. Çünki yalnız peşəkar kadrlarla Azərbaycan xalqının qarşısında duran ən ümdə məsələləri həll etmək mümkündür. Bu gün ölkənin struktur islahatına da ehtiyacı var. Hələ də Sovet dönəmindən qalan idarələr və idarəetmə metodları mövcuddur. Bəzən belə təsəvvür yaranır ki, biz hələ keçmişdə qalmışıq və müstəqilliyin verdiyi imkanlardan qədərincə bəhrələnə bilməmişik. Ramiz müəllim müstəqillik dövrünün tələblərinə cavab verən dövlət qurumlarının formalaşmasında maraqlı olduğunu bildirib. Təbii ki, bura bir-birini təkrar edən qurumların ləğvi də aiddir. Dövlət vəsaitindən qənaətlə xərclənməsi də dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Gəlin etiraf edək ki, bu gün dövlət büdcəsindən oğurluq halları az baş vermir. İsraf isə gözümüzün qabağında olur. Bəzən görürsən ki, bir yol çəkilir, növbəti ildə asfaltı qaşıyıb yenidən vururlar. Bir dövlət idarəsinin binasının biz niyə hər il üzlüyünü dəyişməliyik? Bizim valyutamızın çox olmağı heç də o anlama gəlmir ki, ondan necə gəldi istifadə etməliyik. Pulları daha vacib istiqamətlərə sərf edə bilərik. Bu baxımdan da hesab edirəm ki, cənab R.Mehdiyev bizi gözləyən vacib kadr və struktur islahatlarının anonsunu vermiş olub”. (Bakı-Xəbər)

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …