Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ramin Hacılı evinin necə yanmasından danışdı – Fotolar

Ramin Hacılı evinin necə yanmasından danışdı – Fotolar

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının Nizami rayonu 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdıqları vaqon-evində yanğın olub. 

Yanğın gecə saat 2 radələrində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunsa da, yanğın nəticəsində mənzildə olan əşyalar yanaraq yararsız vəziyyətə düşüb.

Yanğınla bağlı xəbəri aldıqdan sonra hadisə baş verən yerə yollandıq. Biz ora çatdığımız zaman Ramin Hacılı və yaxınlıqda yaşayan qonşular yanan evin qarşısında idilər.

Hadisə ilə bağlı musavat.com-a danışan Ramin Hacılı yanğının qəsdən törədildiyini iddia etdi:

“1995-ci ildən məcbur köçkün kimi bura köçmüşük. Burada qaldığımız 20 ildən çox müddət ərzində hər hansı bir problem olmamışdı. İlk gəldiyimizdə vaqonda məskunlaşmışdıq. Lakin 2000-ci ildən etibarən, vaqonun qarşısında artırma edib, hamam, otaq düzəltmişdik. Dünən gecə saat 2 radələrində evdə yanğın baş verdi. Təbii ki, bu, şübhələrə səbəb oldu. Çünki 20 ildir bura yanmır, ancaq birdən-birə bu cür hadisə baş verdi. Xüsusilə də gözlənilən bir zamanda. Mən hadisə baş verməzdən öncə mətbuata evin yandırılacağı ilə bağlı açıqlama vermişdim. Çünki iki bina aralıda da oxşar hadisə olmuşdu. Adətən bir şəxs hər hansı bir ərazini aldığı zaman həmin əraziyə sahib çıxmaq üçün qarşısında maneə kimi bir ev varsa, onu yandırmaqla problemini həll edir. Düşünürdüm ki, eyni hadisə burada da baş verəcək. Görünür, bunu edən adamlar heç mənim videomüraciətimə baxmayıblar. Çünki baxsaydılar, bunu etməzdilər”.

R.Hacılı bildirib ki, kommunal xətlərdə heç bir problem olmayıb:

“Evdə hər şey qaydasında olub. Qazımız da gəlib, işığımız da yanıb. Yəni heç bir kommunal xətlərdə problem olmayıb. Burada əvvəllər 15 ailə yaşayırdı. Sonradan bina tikildikdən sonra həmin ailələri köçürsələr də bizə dəymədilər. Ümumilikdə, taxtadan bir otaq, mətbəx kimi artırma, 3 otaqlı da vaqon yanıb. Yanğın baş verdikdən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər, lakin göründüyü kimi, çox ciddi uğur əldə edə bilməyiblər. Alov birdən-birə qalxmışdı. Bunun özü də şübhə çəkir. Qonşuların sözlərinə görə, yanğın artırmadan başlayıb. Yanğının başladığı tərəfdə isə nə elektrik xətti var, nə də qaz xətti. Yaxşı bəs bu necə olub? Bütün bunların hamısı deməyə əsas verir ki, ev yandırılıb. Hadisə ilə bağlı müvafiq orqanlara şikayətimi bildirmişəm. Bu gün səhər saatlarında Nizami Rayon İcra Hakimiyyətindən, ərazinin Mənzil İstismar Sahəsindən gəlib, qeydiyyat apardılar. Hamısı da dedi ki, bu məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məşğul olmalıdır. Lakin hələ də həmin idarədən kimsə gəlməyib”.

R. Hacılı bildirdi ki, ev əşyalarının hamısı yanıb:

“Hər şey bir yana, burada iki xalça var idi ki, onları nənəm atamın adına toxumuşdu. Həmin xalçaların və kitablarımın yanması məni çox təəssüfləndirdi. Ümumilikdə seçki təbliğatımı əks etdirən plakatlar və digər sənədlərim də yanaraq, kül olub. Bir otağı ayırıb, onların hamısını burada saxlayırdım. Bir növ öz arxivimi yaratmışdım. Uşaqlıqdan burada yaşamışam. Sadəcə olaraq ailə həyatı qurduqdan sonra başqa yerdə kirayə yaşamağa məcbur oldum. Çünki bura həm balaca idi, həm də qış aylarında soyuq olurdu. Lakin anam burada yaşayırdı. Astma xəstəsi olduğu üçün soyuq havada o da burada qalmaqda çətinlik çəkirdi. Yanğın baş verən gecə anam xalamgildə qalıb. Hər şey üst-üstə düşür. Evdə heç kimin olmamasından istifadə edilərək, evin yandırıldığını düşünürəm”.

Yaxınlıqdakı qonşular bildirdilər ki, gecə səs-küyə ayılıblar:

“Yanğın nəticəsində dam örtüyü partlayırdı. Onun səsinə ayılıb, pəncərədən baxdıq ki, ev yanır. Alov göyə yüksəlmişdi. Lakin kiminsə yandırmasını söyləyə bilmərik. Çünki heç kimi görməmişik. Hələ ev yiyəsi gəlməmişdən öncə qonşular hamısı düşdülər aşağı, yanğının qarşısını almağa çalışdılar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vaxtında gəldilər. Ancaq alovun qarşısını ala bilmədilər. Bəlkə də qəsdən yandırıblar. Biz bunu söyləyə bilmərik. Ramingil çox yaxşı qonşu olublar. Burada hər kəs onların xətrini çox istəyir”.
Məsələ ilə bağlı Nizami Rayon Polis İdarəsi ilə də əlaqə saxladıq. İdarədən bildirdilər ki, şikayət edilibsə lazımı tədbirlər görüləcək.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın