Ana səhifə / Siyasət / Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10 min nəfərdən çoxdur”

Ramil Məmmədli: “Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10 min nəfərdən çoxdur”

Ermənistanın Qarabağda verdiyi itkilərin real sayını gizlətməsi heç kəsdə şübhə doğurmur. Erməni mediası yazır ki, hakimiyyət hər vasitə ilə itkilərin real sayını gizlədir. Bu arada ölüm faktı gizlədilən daha 120 hərbçinin adı mətbuata sızıb. Müxtəlif qoşun növlərində xidmət edən hərbi çağırışçı, könüllü və ehtiyatda olan hərbçilərdən ibarət siyahıda fotolar və təvəllüd də göstərilib.

Sözügedən məsələ ilə bağlı bir sıra məqamlar qabardılıb: “Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Qarabağda ölən hərbçilərin sayının 4 mini keçməyəcəyini söyləsə də, əslində, ölü sayı azı 5 min nəfərdən çoxdur. Bəzi məlumatlara görə, ölən əsgərlərin sayı 7 min nəfərə yaxındır”.

Hakimiyyətin hər vəchlə ölü sayını gizlətməsi iqtidarın xalqın qəzəbindən qorxması ilə əlaqələndirilir. Yeri gəlmişkən onu da qeyd edək ki, ermənilər Ermənistan və Dağlıq Qarabağ erməniləri üzrə statistikanı ayrıca verirlər. Bunda məqsəd odur ki, itkilərin sayını azaltsınlar. Dağlıq Qarabağdakı qondarma qurumun qondarma “müdafiə naziri”nin dediyinə görə, onlarda 2400 həlak olmuş əsgər var. Həmçinin, separatçılar elan ediblər ki, itkin düşənlərlə bağlı qeydiyyat aparılır və bu günə kimi təqribən 2500 meyit axtaran valideyn var. Bundan başqa, döyüşlərdə yaralı erməni sayının 12 min nəfərdən çox olduğu deyilir. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, ermənilərin real itkiləri qat-qat böyükdür.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, erməni tərəfinin real əsgəri itkiləri 10 min nəfərdən çoxdur: “Müharibə başlayandan sonra Azərbaycan Ordusunun artilleriya və aviasiya vasitələri ilə erməni ordusuna endirdiyi zərbələrin bir hissəsi nümayiş olundu. Orta hesabla erməni silahlı qüvvələrinin əsgər itkisi 10 min nəfərdən çoxdur. Söhbət məhv edilən erməni əsgərlərindən gedir. Bununla yanaşı, müharibədən sonra şahidlər də etiraf edirlər ki, erməni tərəfinin itkiləri böyük olub. Ermənistan isə bu məsələyə başqa don geydirərək real itkilərin sayını gizlədir. Ermənistanın və separatçıların itkilərini ayrı cür təqdim etməklə real rəqəmləri gizlətmək istəyirlər. Bütün bunlar absurddur. Çünki onların hamısı bir mərkəzdən idarə olunub və Ermənistan silahlı qüvvələrinin tərkib hissəsi sayılır. Sadəcə, ictimai qəzəbdən yayınmaq üçün bu cür spekulyasiyalarla məşğuldurlar”.

Hərbi ekspert onu da qeyd etdi ki, humanitar atəşkəs dövründə Ermənistanın cəsədlərə sahib çıxmaqdan imtina etməsi onların itkilərinin yetərincə çox olmasının sübutu idi.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …