Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Ramil Hüseynov: “Yeni Yol Partiyası iqtidarı YAP-dan təhvil almağa hazırdır”

Ramil Hüseynov: “Yeni Yol Partiyası iqtidarı YAP-dan təhvil almağa hazırdır”

Martın 28-də Yeni Yol Partiyasının (YYP) təsis qurultayı keçirilib.

Onlayn formada keçirilən toplantıda 142 qurultay nümayəndəsindən 111 nəfəri iştirak edib.  Qurultayda YYP-nin Məramnamə və Nizamnaməsi qəbul olunub. YYP Təşkilat Komitəsinin sədri Ramil Hüseynov qurultayda yekdilliklə partiyanın sədri seçilib.

Ramil Hüseynov qurultayda geniş məruzə ilə çıxış edib. Partiya sədri deyib ki, ölkədə siyasi münasibətlərin yeni fazaya qədəm qoyduğu hazırkı vaxtda fərqli düşüncə və enerji ilə meydana çıxan siyasi təşkilata rəhbərlik etmək böyük məsuliyyətdir. R.Hüseynov qurultay nümayəndələrinə ona göstərilən etimada görə təşəkkürünü bildirib və bu etimadı doğruldacağını bildirib. YYP rəhbəri ölkədənin ictimai-siyasi həyatı və qarşıda dayanan vəzifələr barədə fikirlərini bölüşüb. O, var gücləri ilə parlament partiyasına çevirilməyə səy göstərəcəklərini bəyan edib. Ramil Hüseynov bildirib ki, vətəndaşların YYP-ə olan marağı onların gözlədiyindən daha böyük olub. Qısa müddət ərzində YYP-yə üzvlük üçün muraciət edənlərin sayı cəmiyyətdə bu partiyaya olan etimadı göstərir: “Hazırkı pandemiya şərtlərində ölkənin 30-dan çox regionunda təşkilatlanmağı həyata keçirmək və 2500-dən çox şəxsi sıralarında birləşdirmək hesab edirəm ki, YYP üçün böyük uğurdur. Biz YYP olaraq ölkənin siyasi həyatında mütəşəkkil şəkildə iştirak etməklə, qanunvericilik çərçivəsində aktiv fəaliyyətimizlə  partiyamızı ilk olaraq parlament, daha sonra isə hakimiyyət partiyasına çevirməliyik. Buna cəmiyyətdə böyük sosial və siyasi sifariş var. Biz potensialımızı real dəyərləndiririk və buna görə də cəmiyyətin bütün kəsimləri ilə sıx surətdə işləyəcəyik. Bu gün qurultayda inamla bəyan etmək istəyirəm ki, Yeni Yol Partiyası seçkilərdə iqtidarı YAP-dan təhvil almağa hazırdır! Biz liberal bazar iqtisadiyyatının inkişafı üçün effektiv proqramların qəbulunu və icrasını, milli dəyərlərin ciddi şəkildə qorunmasını, korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasını və vətəndaşların rifah halının yüksəldilməsinin dövlətin ali məqsədi kimi daim diqqətdə saxlanılmasının vacib olduğunu bildiririk. Azərbaycan cəmiyyəti yalnız müasir sivil dünyaya inteqrasiya etməklə, intellektual inkişafa nail olmaqla, insan kapitalının gücləndirilməsinə çalışmaqla yeni dövrün çağırışlarına cavab verə bilər. Biz Yeni Yol Partiyası olaraq qanunvericiliyin məqbul saydığı fəaliyyət formaları çərçivəsində çalışaraq cəmiyyətin, xalqın etimadını qazanmağı başlıca vəzifəmiz hesab edirik. Siyasi munasibətlər sistemini yalnız dövlətimizin və xalqımızın maraqları çərçivəsində inkişaf etdirməli və Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da möhkəmləndirməliyik”. Qurultayda YYP Təşkilat Komitəsi üzvlərinin çıxışlarından sonra seçki keçirilərək 40 nəfərdən ibarət Mərkəzi İdarəetmə Qurumu (MİQ) və 5 nəfərlik Nəzarət-Təftiş  Komissiyası (NTK) formalaşdırılıb. Qurultay müvafiq sənədlərin hazırlanaraq partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edilməsi ilə bağlı işlərin aparılması məqsədi ilə partiyanın rəhbərliyinə səlahiyyət verib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …