Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Radikallar “ReAl”ı hakimiyyətə satılmaqda suçlayır, “ReAl” isə 41 min imza ilə qanunlar hazırlayır…

Radikallar “ReAl”ı hakimiyyətə satılmaqda suçlayır, “ReAl” isə 41 min imza ilə qanunlar hazırlayır…

Xəzər Teyyublu: “Tam demokratik prinsiplərə, siyasi mübarizə metodlarına uyğun gələn addımdır”
Elşən Mustafayev: “ReAl” belə məqbul addımlardan birini atıb”

Mərkəzi Seçki Komissiyası “ReAl” siyasi hərəkatının bir sıra qanunların qəbul edilməsi məqsədilə Milli Məslisə təqdim etdiyi imzaların öyrənilməsi üçün işçi qrupu yaradıb. MSK-nın son iclasında bununla bağlı müvafiq qərar qəbul olunub.

Məlumata görə, işçi qrupu “ReAl” siyasi hərəkatının təşəbbüs qrupu tərəfindən parlamentə təqdim edilmiş 41 min 500 imzanın həqiqiliyini və imzaların seçki yaşına çatmış Azərbaycan vətəndaşlarına aidiyyətini yoxlayacaq.

Qrupun tərkibinə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və Daxili İşlər Nazirliyinin mütəxəssisləri daxildir. İşçi qrupunun koordinatoru isə Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev təyin olunub. Prosesin başa çatmasından sonra işçi qrupunun rəyləri və protokollar Milli Məclisə təqdim ediləcək.

Qeyd edək ki, “ReAl” hərəkatı Bakıda mer seçkiləri, bank kreditlərini ödəyən fiziki və hüquqi şəxslərə devalvasiya nəticəsində dəymiş ziyanın kompensasiyası, həmçinin, dövlət tərəfindən ali təhsil haqlarının ödənilməsi haqqında qanunların qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Əslində, bu yanaşma ciddi bir siyasi mədəniyyət formasını ortaya qoyur. Hakimiyyətə qarşı radikal mövqedə dayanan bir müxalif partiya hökumət qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edir, hakimiyyətin isə buna reaksiyası normal olur. Hətta məsələnin araşdırılması üçün müvafiq komissiya da təşkil edilir. Ancaq təəssüflər olsun ki, radikal müxalif düşərgədə təmsil olunan bəzi partiyalar mübarizə metodunu yalnız qaragüruh vasitələrdə görürlər. Ölkədə müəyyən dəyişikliyin, hakimiyyətə hansısa təklif verilməsinin yolunu yalnız mitinq keçirməkdə görürlər. Qəbul edirik ki, mitinq keçirmək də partiyaların konstitusion haqqıdır. Ancaq gəlin qəbul edək ki, özünü müxalifət sayan elə partiyalar var ki, onların heç belə təklifi hazırlamaq resursu və səriştəsi yoxdur. Maraqlıdır, hansı müxalifət partiyası belə metoddan istifadə edib və onlar “ReAl”ın bu addımına necə baxırlar?

Klassik Xalq Cəbhəsi Partiyasının funksioneri Xəzər Teyyublu “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, istənilən partiya bu şəkildə öz təkliflərini hökumətə, parlamentə verə bilər: “Mən burada qeyri-adiliyə səbəb olan nəsə görmürəm. Tam demokratik prinsiplərə, siyasi mübarizə metodlarına uyğun gələn addımdır. Biz partiya olaraq imza toplamamışıq, amma dəfələrlə bənzər məsələlərlə bağlı parlamentə, hökumətə müraciətlər ünvanlamışıq. Nazirlər Kabinetinə enerji daşıyıcılarının qiymətinin aşağı salınması, bank kreditləri ilə bağlı problemin aradan qaldırılması  tələbi ilə müraciətlər göndərmişik. Onlarla belə müraciət etmişik. “ReAl” partiyasına uğur diləyirəm. Yəqin ki, onlar mübarizəni bu üsullarla aparmağı daha məqbul sayırlar”.

Azərbyacan Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “ReAl”, əslində, elə bir qeyri-adi nəsə etməyib:“Partiya kimi üzərinə düşən vəzifəni ortaya qoyub. Bilirsiniz ki, biz Azərbaycanda yaranan ilk siyasi partiyayıq. Bu uzun tarix ərzində hökumətə saysız-hesabsız təklif vermişik. Ancaq onların hansınasa müsbət reaksiya verildiyini görməmişik. Ola bilər ki, həmin təkliflərdən hansınısa hakimiyyət məqbul sayıb və həyata keçirib, amma bunu bizim təşəbbüsümüz əsasında etdiyini deməyib. Hazırda bir sıra ictimailəşən problemlərin həllini görürük. Bu ona görə baş verir ki, həm də hakimiyyət üçün onların həlli məqbuldur. Proporsional seçki sisteminin bərpası ilə bağlı kifayət qədər təklif vermişik. Bu təklifləri həm ictimailəşdirmişik, həm də rəsmi qaydada Prezident Administrasiyasına göndərmişik. Məsələn, uzun illər əvvəl biz sovet dövründən qalan əmanətlərin əhaliyə verilməsini təklif etdik. Qismən problem həll edildi. Amma bizim adımızla bağlı olmadı. Bunlar heç də ona əsas vermir ki, partiyalar belə müraciətlərə son qoysunlar. Əksinə, daha çox olunmalıdır. Bu da siyasi mübarizənin bir üsuludur. “ReAl” da belə məqbul addımlardan birini atıb”

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …