Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyevin qardaşının yasında iştirakı üçün müraciət hazırlanır

Rəsul Quliyevin qardaşının yasında iştirakı üçün müraciət hazırlanır

Ayaz Mütəllimov və Rüstəm İbrahimbəyovla bağlı qərar ona da şamil ediləcəkmi; “Hakimiyyətin humanist mövqedən çıxış edəcəyinə ümidlərimiz var”

Amerikada mühacir həyatı yaşayan sabiq spiker Rəsul Quliyevin qardaşı Sabir Quliyevin vəfat etməsi barədə xəbər vermişdik. Mərhum vəfat etdiyi gün dəfn olunub. Ağır itkidən sonra eks-spikerin qardaşının yasında iştirak etməsi üçün ölkəyə qayıdışına icazə verilib-verilməyəcəyi məsələsi müzakirə olunur. 
Buna səbəb də indiyə qədər Azərbaycan praktikasında belə hadisələrin kifayət qədər olmasıdır. Uzun müddət Rusiyada yaşayan eks-prezident Ayaz Mütəllibovun oğlunun ölümü ilə ölkəyə qayıdışına icazə verilməsi, ardınca onun Azərbaycanda qalması, eləcə də, bu ilin martında vəfat edən xalq yazıçısı Maqsud İbrahimbəyovun Rusiyada yaşayan qardaşı, Milli Şuranın fəxri prezidenti Rüstəm İbrahimbəyovun bu hüquqdan yararlanması 20 ildir Azərbaycana gələ bilməyən R.Quliyevin qarşısındakı maneələri önləyir.
İyulun 21-də mərhumun 3-7 mərasimləri verilib. Onun 40 mərasimi avqustun sonlarında keçiriləcək. Sabiq spikerin qardaşının 40-da iştirak etməsi mümkündür.
Bu yaxınlarda İnterpolun axtarış sistemindən adının çıxarılması da onun Azərbaycana gələ biləcəyinə olan inamı artırıb.
Milli Məclisin keçmiş rəhbəri qardaşının vəfatından sonra yas mərasimində iştirakla bağlı müvafiq orqanlara indiyə qədər müraciət etməsə də, qarşıdakı günlərdə bunun olacağı istisna edilmir. Bu barədə “Yeni Müsavat”a danışan Rəsul Quliyevin Azərbaycandakı hüququ nümayəndəsi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bunları dedi: “Hər bir Azərbaycan vətəndaşı kimi Rəsul Quliyevin də qardaşının yas mərasimində iştirak etməsi onun müstəsna hüququdur. Bu hüquqdan istifadəyə təbii ki, cəhd olunacaq. Bu istiqamətdə Rəsul bəylə məsləhətləşmələr gedir. O, zəruri qərarı verdikdən sonra müraciət ediləcək. Onun  yas məclisində iştirakı maneəsiz təşkil olunmalıdır. Eyni zamanda yas mərasimində iştirakının siyasiləşdirilməsinin əleyhinəyik. Bu baş tutsa, bir Azərbaycan vətəndaşının yaxının yas mərasiminə gəlməsi və getməsi çərçivəsində olacaq. Artıq ağsaqqallar, ziyalılar, kifayət qədər tanınmış şəxslər dövlət başçısına müraciət ünvanlanmağa hazır olduqlarını bildiriblər. Amma bu istiqamətdə Rəsul bəy yekun qərarı qəbul etməyib. Ona qarşı açılmış cinayət işi hələ də qalmaqdadır. Siyasi iradənin ortaya qoyulması çox vacibdir. Təcrübəyə əsaslanıb, hökumətin müraciətimizə müsbət cavab verəcəyinə inanırıq. Hakimiyyətin humanist mövqedən çıxış edəcəyinə ümidlərimiz var”.
 
Quliyevin nümayəndəsi onun qardaşının yasında iştirak etmək istədiyini qeyd etdi: “Bunu çox istəyir. Müraciət olacağı halda qeyri-siyasi olacaq. Gəliş də bu tərzdə nəzərdə tutulur. Bunun proqramını müəyyən etməyə çalışırıq. Bəzi şeylərə yaxın günlərdə cavab vermək mümkün olacaq. Yekun qərarımız mütləqdir. Hansı müvafiq orqana, yaxud şəxsə müraciət edilməsinin məqsədəuyğunluğunu analiz edirik. Gələn həftənin ilk günləri qərar qəbul ediləcək. Həmin qərarla hər kəsi tanış edəcəyik. Rəsul bəyin qardaşının qırx mərasiminə qatılmasına çalışırıq. Çünki 21 iyulda artıq 3-7 mərasimi birlikdə oldu. Avqustun 27-si qırx mərasimi olacaq. Nəticəsi olacaq qərar qəbul etmək istəyirik. Belə humanist addımların ölkəmizdə daha çox olmasını istəyirəm. Rəsul bəyin qardaşının 40 mərasimində ölkə başçısının bu günə qədər atdığı humanist addımı davam etdirəcəyinə ümid edirik”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın