Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rəsul Quliyevin “Elçibəy saxtakarlıqla prezident seçilib” iddiasına sərt reaksiyalar

Rəsul Quliyevin “Elçibəy saxtakarlıqla prezident seçilib” iddiasına sərt reaksiyalar

Sabiq prezidentin köməkçisi: “Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul”

Hazırda ABŞ-da yaşayan Milli Məclisin sabiq sədri Rəsul Quliyev bu günlərdə verdiyi müsahibədə milli azadlıq hərəkatının lideri, sabiq prezident Əbülfəz Elçibəyin seçildiyi 7 iyun 1992-ci il prezident seçkisini şübhə altına alıb, seçkinin 50 faiz saxtalaşdırıldığını deyib.

Əbülfəz Elçibəyin prezident seçildiyi dövrdə dövlət katibi işləyən AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, seçkilərdən sonra namizədlərdən birinin seçkilərlə bağlı bu cür əsassız iddiası olmuşdu. Lakin o dövrlərdə hətta Xalq Cəbhəsinin və Elçibəyin opponentləri, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini istəməyən xarici və daxili qüvvələr də seçkinin Azərbaycanda ilk demokratik seçki olduğunu bəyan ediblər: “Seçkinin nəticələri də, ictimai rəy də həmin seçkinin müstəqillik əldə olunandan sonra ilk demokratik seçki olduğunu göstərirdi. Rəsul Quliyev də həmin seçkinin demokratik keçirildiyini bilməmiş deyildi. Sözün doğrusu, mən güman eləmirəm ki, Rəsul Quliyev ”Əbülfəz Elçibəy saxtalaşdırılmış seçkilərlə prezident seçilmişdi” kimi sərsəm açıqlama versin. Əgər həqiqətən də o cür açıqlama veribsə, bu, yalnız Rəsul Quliyevin hansısa ruhi vəziyyətindən xəbər verə bilər”.

Əbülfəz Elçibəyin köməkçisi işləmiş Oqtay Qasımov isə cebhe.info-ya açıqlamasında  Rəsul Quliyevin səsləndirdiyi fikirləri cəfəngiyyat adlandırıb: “Rəsul Quliyev oturub Amerikada ağlına gələni danışmaqda davam edir. İndi də guya Azərbaycanda siyasi hakimiyyətə gəlmək iddiasını ortaya qoyub. Hakimiyyətə iddialı olan şəxs isə təkcə keçmiş haqqında danışmamalı, gələcəklə bağlı proqramlarla çıxış etməlidir. Amma Rəsul Quliyev köhnə palan içi tökməklə, guya köhnə səhvləri, yanlışları deməklə özünü meydanda, gündəmdə tutmağa çalışır. Ümumiyyətlə, 30 ildə gedən proseslərdə iştirak edən, yaxından izləyən hər kəs bilir ki, Azərbaycanda keçirilən ən demokratik seçki 1992-ci ilin prezident seçkisi olub. O vaxt seçkilərə 7 namizəd qatılmışdı. Doğrudur, onlardan bir neçəsi sonradan Elçibəyin xeyrinə namizədliklərini geri götürüblər. Seçki prosesində isə imzatoplama kampaniyasından səsvermə gününə qədər heç bir namizədə əngəl yaradılmayıb. Rəsul Quliyevin də daxil olduğu və dəstəklədiyi cinah, Rusiyanın, İranın və həm də Ermənistanın dəstəklədiyi namizəd Nizami Süleymanov idi. Rəsul Quliyev və adamları da həmin düşərgəyə daxil idi. Nizami Süleymanov ətrafında birləşən koalisiyaya baxmayaraq 33 faiz səs toplayıb. Əbülfəz Elçibəy isə 59.4 faiz səslə prezident seçilib. Bəzi bölgələr var idi ki, Nizami Süleymanovun həmin yerlərdə yığdığı səs faizi kifayət qədər ciddi olub. Amma bu, heç bir halda Əbülfəz Elçibəyə qalib gələcək dərəcədə və mahiyyətdə olmayıb. Çünki Əbülfəz Elçibəy üçün imzatoplama kampaniyası başlayanda Azərbaycanın bütün ictimai-siyasi qurumları, məşhur aydınları Əbülfəz Elçibəyi müdafiə edirdi. Yəni Elmlər Akademiyasından tutmuş ali məktəblərə, sənaye və istehsal müəssisələrinə, zavod və fabriklərə qədər”.

Oqtay Qasımov ile ilgili görsel sonucu

Oqtay Qasımov hesab edir ki, Rəsul Quliyevin dedikləri psixoloji problemlərindən irəli gəlir: “O zaman Əbülfəz Elçibəyin namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına verdiyi imzaların sayı 600 mindən çox idi. Artıq seçki prosesi başlayanda AXC-nin, milli-demokratik qüvvələrin namizədi Əbülfəz Elçibəyin qalib gələcəyinə heç bir şübhə yox idi. Keçirilən demokratik seçkinin nəticəsi olaraq dünyanın qabaqcıl dövlətləri ABŞ, Türkiyə və ümumiyyətlə, Qərb və Avropa Əbülfəz Elçibəyin seçildiyi seçkilərin demokratik olduğunu bəyan edib, legitimliyini tanıyıb. Yəni burada heç bir şübhəli, mübahisəli məqam yoxdur və ola da bilməz. Əgər Rəsul Quliyevin beynində bu məsələlər indi qalxıbsa, bu, artıq onun psixoloji problemidir. Rəsul Quliyev əgər həmin seçkiləri saxta hesab edirsə, onda bu suallara cavab versin: Əbülfəz Elçibəyin seçildiyi seçkilər saxta idisə, prezidentliyi legitim deyildisə, hansı haqla, hansı mənəvi dəyərlərə söykənib Elçibəyin o zamankı komandasında yer almışdın? Dövlət Neft Şirkətinin prezidenti və sonradan baş nazirin birinci müavini vəzifələrini niyə qəbul etmişdin?  Rəsul Quliyev özündə olan mənəvi keyfiyyətlərin göstəricisi ilə bu sualların cavabını versin”.

O.Qasımov Elçibəyin Rəsul Quliyev haqqında dediklərini xatırladıb, diqqəti onun dövlətdən oğurladığı milyonlara yönəldib: “Rəsul Quliyev bu cür sərsəm iddialarla xal qazanmaq istəyirsə də, onun Azərbaycana dönüşü və ya hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ola bilər ki, Rəsul Quliyev ömrünün qürub çağında yenidən doğulduğu Azərbaycana gəlsin. Amma Əbülfəz Elçibəyə çamur atmaqla bunu etmək mümkün deyil. Əksinə, Rəsul Quliyev dövlətdən oğurladıqlarını gətirib təhvil versə, bəlkə o zaman bu hakimiyyətin ona rəhmi gələr və onun geri qayıtmasına icazə verər. Rəsul Quliyev Əbülfəz Elçibəyə çamur atmaqla öz aləmində qisas aldığını düşünür. Çünki 1990-cı ildə Rəsul Quliyevə açılmış cinayət işi rəhbərlik etdiyi Neft Emalı Zavodunda  yol verdiyi yeyintilərlə bağlı idi. Bu yeyinti o zaman aparılan ilkin araşdırmalara görə, 52 milyon dollar idi. Əbülfəz Elçibəyin 1998-ci ilin sonlarında bir ifadəsi var idi. Elçibəy deyirdi ki, məni sənin pulların yıxdı, Rəsul”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …