Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Rəhim Qazıyevin İsa Qəmbərə hücumuna keçmiş nazirdən reaksiya

Rəhim Qazıyevin İsa Qəmbərə hücumuna keçmiş nazirdən reaksiya

İsgəndər Həmidov: “Kəlbəcərin işğalında özümüzünküləri günahlandırmaq Ermənistanın xeyrinədir”

Keçmiş müdafiə naziri Rəhim Qazıyev ölkə.az saytına  açıqlamasında Milli Məclisin keçmiş sədri İsa Qəmbərin və keçmiş müdafiə naziri Dadaş Rzayevin haqqında ağır ittiham irəli sürüb. Eks-spiker Rəsul Quliyevin prezidentliyə namizəd olmasını dəstəkləyən R.Qazıyev R.Quliyevi xeyli tərifləyib və Əbülfəz Elçibəy iqtidarının adıçəkilən təmsilçiləri ilə müqayisə edən zaman onları Kəlbəcərin işğalının günahkarı adlandırıb: “Rəsul Quliyevi müxalifətin gözü götürmür… Onlardan fərqli olaraq, Rəsul Quliyevin ağlı, savadı, bacarığı var. İsa Qəmbər, Arif Hacılı və digər müxalifət liderləri arasında təkcə Rəsul Quliyevin normal prezident olmaq şansına inanıram.

Əgər Azərbaycanda prezident seçkilərinə Rəsul Quliyev, İsa Qəmbər, Arif Hacılı və digər şəxslər namizədliyini irəli sürsə, mən yalnız Rəsul Quliyevə səs verərəm, onu dəstəkləyərəm. Bunu da konkret əsaslandıraram. Ona görə də müxalifətin Rəsul Quliyevi nədəsə ittiham etməyə və ələ salmağa əsası yoxdur. Baxmayaraq ki, mən 1993-cü ilin avqust ayından sonra Rəsul Quliyevi görməmişəm. Ancaq onun 1990-cı illərə qədər gördüyü yaxşı işləri gizlədə bilmərəm.

İsa Qəmbərin bir illik hakimiyyətdən savayı heç bir idarəetmə vəzifəsi olmayıb… Ona görə də İsa Qəmbər Rəsul Quliyev kimi kənd təsərrüfatını, sənayeni, iqtisadiyyatı yaxşı bilə bilməz. Bizim üçün İsa Qəmbər deyil, belə adamlar lazımdır. AXC-Müsavat hakimiyyətində təmsil olunmuş şəxslər mənim gördüyüm işlərin bir faizini belə görməyiblər. Əgər həmin müxalifət liderləri gəlib sübut etsə ki, mən müdafiə naziri olduğum dövrdə gördüyüm işlərin bir faizini görə biliblər, qulağımı kəsərəm. Mən AXC-Müsavat hakimiyyətindən öncə müdafiə naziri olmuşam.

Nazir olanda da qeyrətli oğullarımızla bərabər Azərbaycanın dağılmış Müdafiə Nazirliyini yaratmışam. Bunu konkret sənədlərlə sübut da edə bilərəm. Mənim nazir olduğum dövrdə Dağlıq Qarabağın 52 faizi işğaldan azad olunub və Milli Ordu yaranmağa başlayıb. Mən Müdafiə Nazirliyinin yaradılması üçün protokolları hazırlayanda AXC-Müsavat üzvləri meydanlarda hakimiyyətə gəlmək üçün mübarizə aparırdılar. Hətta 1992-ci il iyunun 17-də Əbülfəz Elçibəy ilk dəfə prezident səlahiyyətlərinə başlayanda mən ona etiraz edərək dedim ki, sizin rəhbərlik etdiyiniz bu komanda ilə işləmək istəmirəm.

Əbülfəz Elçibəy isə buna qəti şəkildə etiraz edib. Mən də məcbur olub 10 gün sonra istefa ərizəmi yazmışam. 1992-ci ilin oktyabrında ikinci dəfə istefa ərizəmlə müraciət etmişəm. Nəhayət, 1993-cü il fevralın 17-də üçüncü istefa ərizəmi verib, nazir vəzifəsindən getmişəm. Ayın 20-də isə istefa ərizəmi qəbul ediblər. Mən üçüncü dəfə istefa verib vəzifədən gedən gün Milli Ordumuz Xankəndinin 8-12 kilometrliyində idilər, Kəlbəcər tərəfdən 55, Laçın tərəfdən isə 12 yaşayış məntəqəsini işğaldan azad etmişdik. Dar dəhliz qalmışdı, onu da almaq üzrə idik. Mən hərbçi deyildim, adi müəllim ola-ola bunları etmişdim. Ancaq İsa Qəmbər məndən sonra Dadaş Rzayevi nazir təyin etdi və Kəlbəcər yenidən ermənilər tərəfindən işğal olundu. Dalınca da digər rayonlar işğal edildi. Ona görə də Kəlbəcər və digər rayonların işğalına görə birbaşa İsa Qəmbər, Dadaş Rzayev və digər şəxslər məsuliyyət daşıyır”.

Əbülfəz Elçibəy hakimiyyətinin daxili işlər naziri vəzifəsində çalışmış İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında Rəhim Qazıyevin işğalda ermənilərin adını deyil, azərbaycanlıların adını günahkar kimi çəkməsinin yanlış olduğunu bildirdi: “Kəlbəcərin işğalında günahkar birbaşa Ermənistan silahlı qüvvələridir, erməni terror qruplarıdır, Rusiyadır, Kəlbəcərin işğalı əməliyyatlarına rəhbərlik edən rus generallarıdır. Sübutlar var ki, Kəlbəcərə bir neçə istiqamətdən məhz erməni və rus hərbçiləri hücum etmişdilər. Bu hücum da işğalla nəticələnmişdi. Kəlbəcərə Qara qaya yüksəkliyindən raket yağdıran İsa Qəmbər, Arif Hacılı deyildi, erməni və rus hərbçiləri idi. İkincisi, Rəhim Qazıyev özü də hər halda unutmayıb ki, İsa Qəmbər hərbi vəzifə daşımırdı. İsa Qəmbər Milli Məclisin sədri idi. Onun hərbi işə aidiyyəti yox idi. Dadaş Rzayev isə müdafiə naziriydi, polkovnik Əzizağa Qənizadə isə həmin dövrdə Kəlbəcərdə briqada komandiri olub. Kəlbəcərin işğalı ilə bağlı açılan cinayət işinin istintaqı nəticəsində Əzizağa Qənizadə həbs olundu. Kəlbəcərin işğalında erməniləri və rusları deyil, özümüzünküləri günahkar elan etmək, Ermənistanın xeyrinədir”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …