Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Qriboyedovla Karlovun qətlində oxşar izlər…

Qriboyedovla Karlovun qətlində oxşar izlər…

Azər Qismət

1828-ci ilin aprelində Türkmənçay müqaviləsi imzalanandan sonra Aleksandr Qriboyedov Rusiyanın İranda səfiri təyin olunub. Qriboyedovun əsas vəzifəsi həm də bundan ibarət idi ki, şah rejimi müqavilənin şərtlərnə əməl etsin. Əsas məsələ həm də müharibədə uduzmuş İranın buna görə pul ödəməsi idi. O illərin hesablamalarına əsasən belə çıxırdı ki, bütün ölkə uduzmuş tərəf kimi pul ödəməlidir. Bu da adamlar arasında narazılıq yaradıb. 1828-ci ilin oktyabrın 20-də Qriboyedov Rusiya imperiyasının xarici işlər naziri Nesselroda yazıb ki, Abbas Mirzə bizi qızıl-zinyətlə təmin edəcəyinə razılaşdı.

1829-cu ilin yanvarından etibarən Rusiya səfirliyinə ermənilər müraciət etdilər. Onlar müqaviləyə əsasən Rusiya imperiyasının tərkibindəki Şimali Azərbaycan tərəfə keçmək üçün sığınacaq istəmişdilər. Qriboyedov onlara sığınacaq verdi. Onların arasında Allahyar Xan Qacarın qohumları, eləcə də Şah hərəmxanasının erməni qadınları da vardı. Rus tarixçiləri yazır ki, səfirlikdə ermənilərə, daha doğrusu şah hərəmxanasının üzvlərinə sığınacaq verilməsi islam fanatikləri tərəfindən yaxşı qarşılanmayıb. Bununla da bazar və meydanlarda Rusiya əleyhinə antitəbliğat aparılıb.

1829-cu ilin fevraın 11-də Allahyar Xan Qacarın adamları səfirliyə hücum etdilər. O illərin İran tarixçiləri qeyd edir ki, səfirliyin ətrafında 100 min insan kütləsi olub. Sui-qəsdin təşkilatçıları tezliklə onlar üzərində nəzarəti itiriblər. 35 kazak onların qarşısını almaq istəyib. Qriboyedov pilləkənlərlə giriş qapısına enəndə bütün kazaklarla bərabər onu da qətlə yetiriblər. Səfirin meyidi tanınmaz hala salınıb. Səfir mundiri və 1818-ci ildə Yakuboviçlə dueldən aldığı güllə yarası olmasaymış, Qriboyedovu tanımaq mümkün olmayacaqmış. Nəticədə səfirliyi qoruyan 37 və hücum edənlərdən 19 nəfər ölüb. Qriboyedov isə Tiflisdə dəfn edilib. 35 kazak isə Tehran yaxınlığındakı erməni kilsəsinin qəbiristanlığında dəfn olunub.

Tehran səfirliyinə hücum diplomatik qalmaqal doğurub. Rusiya ilə münasibətlərin istiləşməsi üçün şah Abbas Mirzə Sankt-Peterburqa nəvəsi Xosrov Mirzəni göndərib. Xosrov-Mirzə baş vermiş hadisəyə görə Rusiyadan üzr istəməli idi. İranın varlı adamlarından toplanmış qızıl-zinyət əşyaları və almazlar I Nikolaya təqdim edilib. Onların arasında Şah Abbas Mirzənin şəxsi almazı da varmış. Bu hadisə Rusiya ilə İran arasındakı soyuqlaşmanı tezliklə aradan qaldırdı. Qısa müddət ərzində istiləşmə özünü göstərdi.

İllər keçəndən sonra Rusiyanın İrandakı səfirinin öldürülməsi hələ də müzakirə mövzusudur. Düzdür, 1828-ci ildə İran müharibədə uduzmuşdu və müqaviləyə əsasən Araz çayının yuxarı hissəsinin ölkədən alınıb Rusiya imperiyasının tərkibinə qatılması adamlarda narazılıq yaratmışdı. Lakin şah hərəmxanasından bir neçə erməninin Rusiya səfirliyindən sığınacaq alması 100 minlik izdihamın hücumuna rəvac verə bilərdimi? Narazılığın alovlanmasında başqa bir qüvvə də iştirak edib. Rusiya tarixçilərinin araşdırmalarına əsasən ingilis kəşfiyyatı burada mühüm rol oynayıb. Onlar böyük siyasi oyunda Rusiyanın Asiyada möhkəmlənməsini istəməyiblər. Həm də ingilislərin İrandakı mövqelərinin get-gedə zəifləməsi siyasi məğlubiyyət sayılıb. Bununla da Rusiya səfirinin qətlə yetirilməsi qərara alınıb. Qriboyedovu iranlılar öldürüb. Bu, iki ölkə arasında soyuqlaşmağa gətirib çıxarmalı idi. Tezliklə Abbas Mirzə soyuqlaşmış siyasi qalmaqalı yoluna qoymağı bacarıb.

Görəsən, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun sui-qəsdində tarixin izləri təkrarlanmır ki? Aydın məsələdir ki, Karlovun ölümü Rusiya –Tükiyə münasibətlərinə təsir göstərilməsi üçün nəzərdə tutulub. Nəzərə alsaq ki, bu gün Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin birgə görüşü Suriya münaqişəsində vacib addımların atılması ilə nəticələnəkdi, deməli 3-cü qüvvənin bu qətldə əli açıq-aydın görünür. Məvlud Mərd Altıntaşın yaxın keçmişdəki fəaliyyətinin araşdırılması əsl mətləbi üzə çıxaracaq. Sağ qalsaydı, daha böyük sirlər açılardı. Amma bəzən tarix təkrarlanır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın