Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qiyam Türkiyənin hərbi gücünə necə təsir etdi? – ŞƏRH

Qiyam Türkiyənin hərbi gücünə necə təsir etdi? – ŞƏRH

15 iyul 2016-cı ildə baş verən qiyam cəhdindən sonra Türkiyə ordusunda təmizləmələr hələ də davam edir. Qiyam cəhdində birbaşa iştirak edən, eləcə də daha əvvəl FETÖ ilə bağlantıları olan və hərbi məktəblərə camaat xətti ilə daxil olan şəxslərin ordudan davamlı olaraq təmizlənməsi prosesi gedir. Bundan başqa camaatla bağlantısı olan NATO və Türkiyənin xarici ölkələrindəki səfirliklərində çalışan hərbi attaşelər Avropa ölkələrinə sığınaraq sığınacaq tələb ediblər.

Məhz bu səbəbdən Türkiyə ordusunda qiyamdan sonra zabit və general heyətində ciddi şəkildə azalma baş verib. Bundan başqa kütləvi həbslər və ixtisarlar ordudakı peşəkar kadr heyətinin azalmasına səbəb olub, digər tərəfdən ordunun idarəçiliyi daha əvvəl mövcud olmuş Baş Qərargah modelli mərkəzləşdirilmiş sistemdən daha çox mülki kadrların cəlb olunduğu və Müdafiə Nazirliyinin səlahiyyətlərinin çox olduğu bir sistemə keçib. Bu isə Qərbdə Türkiyə ordusunun əvvəlki gücü itirməsi ilə bağlı şərhlərə səbəb olub. Bir sıra Qərb media orqanları Türkiyə ordusunun əvvəlki ilə müqayisədə əməliyyat gücünü itirdiyini yazır. Doğrudanmı bu, belədir? Türkiyə ordusu 15 iyuldan sonra zəifləyibmi?

Qeyd edək ki, bu mövzuda birmənalı fikir olmasa da, ortada real faktlar var. Məsələn. Türkiyə ordusu baş verən neqativ proseslərə rəğmən, 15 iyul qiyamından 40 gün sonra, avqustun 24-də Suriya ərazilərində “Fırat Kalkanı” əməliyyatı başlatdı. 5 ay davam edən bu əməliyyat nəticəsində Türkiyə ordusu bir neçə şəhəri, o cümlədən 2 min kv.km ərazini İŞİD terror təşkilatından azad etdi. Bu əməliyyat, eləcə də sonrakı aylarda İraq ərazisində PKK terror təşkilatına qarşı keçirilən hərbi əməliyyat ordunun sahədə döyüş imkanlarını qoruyub saxladığını göstərirdi, ancaq qərargahlarda vəziyyət heç də cəbhədəki kimi olmur.

Siyasi şərhçi Şahin Cəfərli deyir ki, ortada hansısa rəqəmlər olmasa da, son illərdə Türkiyə ordusu zərbə alıb: “Türkiyə Silahlı Qüvvələrinin son durumu və döyüş qabiliyyəti barədə dəqiq, birmənalı fikir söyləmək çətindir. Bu barədə istinad edə biləcəyimiz hər hansı ciddi hərbi ekspert rəyi yoxdur (Bəlkə də var, amma mən rast gəlməmişəm). Ona görə də bu mövzuda yalnız bildiyimiz faktlar, hadisələr əsasında təxmin yürüdə bilərik. Bildiyimiz isə odur ki, türk ordusu son illər daxildə çox ciddi zərbələrə məruz qalıb. Türkiyə Silahlı Qüvvələri ötən müddətdə faktiki olaraq xarici düşmənlə mübarizədən çox, ölkə daxilindən gələn ardıcıl hücumları dəf etməklə məşğul olub, bəzən isə ona heç müdafiə olunmaq imkanı da verilməyib. Mən ilk növbədə 15 iyul hərbi çevriliş cəhdinə qədər olan çoxsaylı istintaq proseslərini nəzərdə tuturam. Bu istintaq işlərinin ən böyükləri və hər kəsə məlum olanları “Ergenekon” və “Balyoz” idi. Bundan başqa, “Ayışığı”, “Sarıkız”, “Yakamoz”, “Eldiven” adlı nisbətən kiçik miqyaslı cinayət işləri, eləcə də bəzi vilayətlərdə, məsələn, İzmirdə aparılan hərbi casusluq iddiası üzrə lokal təhqiqatlar da var idi”.

Ş.Cəfərli deyir ki, hələ 15 iyula qədər baş verən proseslərdə yüzlərlə yüksək rütbəli zabit istintaqa cəlb edilib, həbsə atılıb, ordudan uzaqlaşdırılıb, rütbəsini itirib. Ekspertə görə, bu proseslər Türkiyə ordusuna təsirsiz ötüşməyib:“İttihamları özünə layiq bilməyib, intihar edənlər oldu. Ötən illər ərzində haqsızlıqlara etiraz əlaməti kimi könüllü istefaya gedən zabitlərin sayı da az deyil. Yəni qeyd etdiyim cinayət işləri türk ordusunu sözün əsl mənasında silkələdi, sarsıtdı. 2013-cü ilin dekabrında hökumətlə fətullahçılar arasında baş verən konfliktdən sonra siyasi iqtidarın həmin cinayət işlərinə münasibəti dəyişdi. Onlar etiraf etməyə başladılar ki, orduya qarşı cinayət işləri qurama imiş və bildirdilər ki, bu əməlləri törədənlər fətullahçı polis, hakim və prokurorlardır. Bütün bunlara əlavə olaraq 2016-cı il 15 iyul faciəsi baş verdi. Ordu komandanlığının bir qisminin qatıldığı hərbi çevriliş cəhdi türk ordusunun tarixində ən ağır günlərdən biridir. Bu hadisə Türkiyə Silahlı Qüvvələrinə növbəti sarsıdıcı zərbə oldu. Çevriliş cəhdində iştirak ittihamı ilə minlərlə əsgər və zabit istintaqa cəlb olundu, həbs edildi. 15 iyuldan sonra ordudakı general və admiralların sayı 326-dan 196-ya düşdü. Xaricdə – NATO strukturlarında və Türkiyə diplomatik nümayəndəliklərində çalışan zabitlərdən bir çoxu ölkəyə dönmədi və Avropa dövlətlərindən sığınacaq istədi. Yunanıstana qaçan zabitlər var. İstintaq və həbslər hələ də davam edir”.
Şahin Cəfərli deyir ki, Silahlı Qüvvələrdə radikal struktur dəyişiklikləri nəticəsində ordu komandanları Baş Qərargah rəisinin tabeçiliyindən çıxarılaraq müdafiə nazirinin tabeliyinə verildi: “Hərbi hospitallar Səhiyyə Nazirliyinin balansına keçdi. Yəni onillər boyu formalaşmış ənənəvi komandanlıq-tabeçilik sistemi və prinsipləri dəyişdi. Digər problem isə türk ordusunun hərbi sirlərinin yayılması məsələsidir. Məşhur “Kozmik oda” əməliyyatını yəqin hər kəs xatırlayar. Guya baş nazirin müavini Bülənt Arınça sui-qəsd hazırlandığı bəhanəsi ilə Baş Qərargahın ən məxfi qurumlarından olan Səfərbərlik İdarəsinə müdaxilə edildi. Oradan sayı-hesabı bilinməyən hərbi sirlərlə dolu sənədlər çıxarılaraq aparıldı. İndi o sənədlərin harada, kimin əlində olduğu konkret bilinməsə də, xarici kəşfiyyat orqanlarının əlində olması dəqiqdir. Digər tərəfdən, yuxarıda qeyd etdiyimiz kimi, xarici ölkələrə sığınan, Yunanıstana qaçan zabitlər də var və onların həmin ölkələrin kəşfiyyatı ilə əməkdaşlıq etmədiyinə heç kim təminat verə bilməz”.

Ekspertin fikrincə, baş verən bu halların Türkiyə silahlı qüvvələrinə təsir etməməsi mümkün deyil: “Ordunun zabit heyətinin böyük qismini əhatə edən bu qədər ciddi hadisələrin, istintaq işlərinin, cinayət təqiblərinin, çevriliş cəhdinin, hərbi sirlərin yayılmasının orduya təsirsiz ötüşməsi mümkündürmü? Bu suala ümumi şəkildə cavab vermək üçün hərbi ekspert olmaq tələb olunmur. Şəxsən məndə şübhə yoxdur ki, bütün bunlar türk ordusunun döyüş qabiliyyətinə, psixoloji durumuna, motivasiyasına neqativ təsir göstərib. Konkret və detallı qiymətləndirmə isə təbii ki, bu sahənin peşəkarlarının işidir”. (Musavat.com)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …