Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi geri qaytarılır?..

Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi geri qaytarılır?..

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin rəsmi İrəvan bu günə kimi həmin bəndi yerinə yetirməyib.

Qazaxın 7 kəndinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Görəsən, bir neçə gün öncə Brüsseldə Əliyev və Paşinyan arasındakı danışıqlardan sonra bu məsələ həllini tapa bilərmi?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə gundem.az-a açıqlamasında vurğulayıb ki, sözügedən məsələ Ermənistanın öhdəliyinə daxildir.

Parlamentari qeyd edib ki, Ermənistan dəfələrlə müvafiq sənədləri imzalayaraq bu öhdəlikləri üzərinə götürüb, ona görə də sözügedən kəndlərin qaytarılmasını yerinə yetirməlidir:

“Danışqlar növbəti dəfə Brüsseldə baş tutdu. Ancaq İrəvan bu dəfə də üzərinə düşənlərdən boyun qaçırmağa çalışacaq. Lakin gec-tez İrəvanı məcbur edəcəklər ki, sərhədlərin delimitasiyası və demarkasiyası sonlandırılsın və qalan ərazilər Azərbaycana qaytarılsın”.

Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Paşinyan Brüsseldəki görüşün yekunlarına dair çıxışında Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı danışıb:

“Paşinyan həmin kəndlərin adını çəkmədən bildirmişdi ki, işğal altında saxladıqları Azərbaycan kəndləri ilə bağlı məsələ müzakirə olunacaq və onlar geri qaytarılacaq. Hesab edirəm ki, iki ölkə arasında sülh sazişi imzalanarsa və ərazi bütövlüyünün təmin olunması məsələsi başlıca mövzu olaraq gündəlikdə durarsa, o zaman adıçəkilən kəndlərin Azərbaycana qaytarılması təmin olunacaq. Əks halda sülh sazişi yarımçıq qalar, yaxud da tərəflərdən birinin digərinə qarşı iddiası təmin olunmaz”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …