Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Qarşıdakı aylarda ölkənin siyasi cəbhəsində nə gözlənilir? – Arzuxan Əlizadə

Qarşıdakı aylarda ölkənin siyasi cəbhəsində nə gözlənilir? – Arzuxan Əlizadə

“Qarşıdakı aylarda hakimiyyət-müxalifət münasibətlərinin, eləcə də müxalifət partiyalarının öz aralarındakı münasibətlərin daha sivil münasibətlər zəminində inkişafının şahidi olacağıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Sədr qeyd edib ki, pandemiya səbəbi ilə mart ayından etibarən bir sıra qadağaların və məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, ölkənin siyasi gündəmi çox zəngin olaraq qalmaqdadır:
“Hər an istər ölkə daxilində, istərsə də regionda ciddi hadisələrin şahidi ola biləcəyimiz istisna olunmur. Bu ilin əvvəllərindən başlayaraq hakimiyyət və ölkədə fəaliyyət göstərən partiyalar arasında yeni siyasi münasibətlər sisteminin formalaşması istiqamətində atılan addımlar partiyaların ölkənin siyasi həyatında rolunun artacağını şərtləndirir. Bu da hesab edirəm ki, siyasi institutların inkişafına və bununla da ümumilikdə dövlət maraqlarımıza xidmət edən amildir. Sirr deyil ki, hakimiyyət daxilində bu yenilənmə kursuna mane olmağa çalışan “köhnələr”lə yeni siyasi konfiqurasiya tərəfdarları arasında artıq gözlə görünən mübarizə gedir. Ümid edirik ki, yenilənmə tərəfdarları üstünlük əldə edəcək və biz də öz növbəmizdə yeniləşmə tərəfdarlarına dəstək verməyə hazır olduğumuzu açıq bəyan etmişik. Güman edirəm ki, qarşıdakı aylarda bu prosesin sürətlənəcəyi, hakimiyyət-müxalifət münasibətlərinin, eləcə də müxalifət partiyalarının öz aralarındakı münasibətlərin daha sivil münasibətlər zəminində inkişafının şahidi olacağıq. Hər halda buna ümid edirik”.
Arzuxan Əlizadə hesab edir ki, ən vacib hesab edilən məsələ isə Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğaldan azad olunmasıdır:
“Heç şübhəsiz ki, ictimai fikir daha çox bu istiqamətə köklənib. Xüsusilə də iyul ayından başlayaraq, cəbhə bölgəsində ermənilərin həyata keçirdikləri növbəti təxribat xarakterli həmlələr, ordumuzun buna layiqli qarşılıq verməsi, baş verən hadisələr fonunda şimal qonşumuzun sərgilədiyi həmişəki birtərəfli və qərəzli mövqe yalnız ölkə ictimaiyyətinin deyil, ümumilikdə regionda iqtisadi və siyasi marağı olan bütün güclərin diqqətini hər zaman olduğundan daha artıq bu məsələyə yönəldib”. 
Partiya sədrinin fikrincə, proses öz kulminasiya nöqtəsinə yaxınlaşmaqdadır:
“Baş verənlərə cavab olaraq Azərbaycan ordusunun Türkiyə silahlı qüvvələri ilə birgə hərbi təlimlər keçirməsi, düşmənlə təmas xətti boyunca müşahidə olunan hərəkətlilik, xüsusilə də ordumuzda və xalqımızda müşahidə olunan qələbə əzmi bizi tezliklə işğal altında olan torpaqlarımızı azad etmək uğrunda ciddi addımlar atılacağına ümidləndirir”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …