Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Qaradağdakı karxanalar: Kiminə milyon qazandırır, kiminə ölüm gətirir…

Qaradağdakı karxanalar: Kiminə milyon qazandırır, kiminə ölüm gətirir…

Qaradağ rayonundakı daş karxanalarında dözülməz şəraitin olduğuna dair ölkə mətbuatında dəfələrlə müxtəlif xarakterli materiallar dərc olunub. Bu müəssisələrdə çalışan fəhlələrin əzab-əziyyətlə pul qazanmlarına rəğmən, onların təhlükəsizliyinin təmin olunmaması, karxanalarda tez-tez bədbəxt hadisələrin baş verməsi və insanların burada çalışarkən daim qorxu altında olması günün aktual problemlərindən biridir. Qeyd edək ki, bu karxanalarda işləyən fəhlələrin arasında ölkənin bütün bölgələrindən olan vətəndaşlara rast gəlmək olur. Onların hüquqlarının müdafiəsi isə, hələ də lazımi səviyyədə təşkil edilməyib.Redaksiyamıza yeni daxil olan materiallarda isə, rayonun Qızıldaş qəsəbəsi yaxınlığında, Qızılqaya adlanan ərazidə yerıəşən, Yaşar və Eldar adlı iki şəxsə məxsus olduğu iddia olunan karxanada ötən il baş vermiş bir ölüm hadisəsi və hazırda müşahidə edilən bir çox qanun pozuntuları barədə açıqlamalar təqdim olunub. İlk növbədə məlumatları təqdim edən mənbə bildirir ki, sözügedən karxana şərti olaraq iki sahəyə bölünüb. Bunlardan birini Elnur, digərini isə, Arif adlı şəxslər idarə edirlər. Sahələrdə işə ümumi nəzarətin isə, Camal adlı bir nəfər tərəfindən həyata keçirildiyi qeyd olunur. Mənbənin iddiasına görə keçən il, Şəki rayonundan olan Məmməd adlı şəxs idarə etdiyi konla (karxanada istismar olunan, ərazinin təmizlənməsi və maşınların yüklənməsi üçün nəzərdə tutulmuş ağır texnika) burada işləyən fəhlələrdən birini əzərək onun ölümünə səbəb olmuşdur. Lakin bu hadisəyə görə indinin özünədək heç kəs məsuliyyətə cəlb olunmayıb. Məsələ bundadır ki, karxanada işləyən fəhlələr heç bir əmək müqaviləsi imzalanmadan, tamamilə qeyri-rəsmi şəkildə işə götürülürlər. Təbii ki, bu zaman onların hər-hansı hüquqlarından danışmaq belə yersizdir. Bədbəxt hadisələr baş verdikdə isə, karxananı işlədənlər sadəcə olaraq cəsədi ərazidən uzaqlaşdırmaqla, məsuliyyəti də öz üzərlərindən kənar edirlər. Cəzasızlıqlarına olan bu arxayınlıq isə, onları ən primitiv təhlükəsizlik qaydalarına belə etinasız yanaşmağa sövq edir. Mənbə bildirir ki, hətta mühərrikləri “üç fazalı” rejimdə çalışan elektrik dəzgahlarını qidalandıran kabellərin belə əksəriyyəti tam izolyasiya olunmamış şəkildə, karxananın bütün ərazisi boyunca uzanmaqdadır. Həmçinin iddiaya görə karxananın fəaliyyəti hazırda ərazinin yaxınlığından keçən iri diametrli qaz borusu üçün də əsil təhlükə mənbəyinə çevrilmişdir. Belə ki, mənbə karxanada əmələ gələn daş və qum tullantılarının məhz bu qaz borusunun üzərinə atıdığını bildirir. Daha sonra məlumatda qeyd olunur ki, hazırda “Qızılqaya” karxanasının istismarı mütəxəssislər tərəfindən deyil, bütün məqamları yalnız şəxsi gəlir baxımından dəyərləndirən mülkiyyətçilər tərəfindən həyata keçirilir. Onların qəbul etdikləri qərarlar isə, təbii ki, çox zaman müvafiq təlimatlara zidd olur. Məsələn, mənbə bildirir ki, karxana sahiblərindən birinin, Yaşarın oğlu olan Elmirin göstərişi ilə hazırda burada daş kəsiminin “divar” üsulu tətbiq olunur. Bu isə, mənbənin deməyinə görə ekoloji qanunlara tamamilə ziddir. Digər tərəfdən isə, məlumatlarda bu karxanada vergidən yayınma hallarının da gen-bol yer aldığı vurğulanır. Bu xüsusda bildirilir ki, bütün il boyu karxanada üç ədəd daşkəsən kombayn istismar olunsa da, hazırda Vergilər Nazirliyi tərəfindən keçirilən yoxlamalarla əlaqədar, karxana sahibləri bu maşınlardan ikisini gizlədiblər. Hətta məlumatda kombaynların gizlədildiyi yerin dəqiq koordinatları da təqdim edilib. Mənbənin iddiasına görə, bu maşınlar Bayram adlı şəxsin işlətdiyi yeməkxananın aşağı hissəsində torpağa basdırılıblar…

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın