2016-cı ilin aprel döyüşlərindən sonra yenidən alovlanan Qarabağ münaqişəsi ilin sonunadək aktivliyini nə qədər qoruyub saxladısa, 2017-ci ildə münaqişənin tənzimlənməsi üzrə danışıqlar bir o qədər hərəkətli şəkil aldı. Münaqişə ətrafında müzakirələr aktiv zonaya keçərək danışıqlardan yayınan Ermənistanın danışıqlar masasına gətirilməsi də 2017-ci ili Qarabağ danışıqlarında diplomatiya ili kimi yadda qalmasına əsas verdi.

Bu ilin fevralında BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edərək tərəfləri tezliklə danışıqları bərpa etməyə çağırdı. O həmçinin vurğuladı ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir.

İl ərzində cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi də diplomatik danışıqların sayəsində mümkün oldu. Müzakirələrin aktivləşməsi Rusiya xarici işlər naziri Sergey Lavrovun səfərlərindən də məlum idi. Razılaşma əldə olunmasa da digər qonşu ölkələrin Rusiya və Türkiyə prezidentlərinin ardıcıl keçirdikləri görüşlərdə də Qarabağ problemi masaya yatırıldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ münaqişəsinin həlli Putinin istəyindən asılıdır” kimi gözlənilməz bəyanatı bu problemin tənzimlənməsi yolunda hər iki ölkənin mövqeyini sərgiləmiş oldu.

Bununla yanaşı, 2017-ci ildə Cocuq Mərcanlıya köç oldu və ”Böyük qayıdış”ın təməli qoyuldu. Bununla da Ermənistan başa düşdü ki, Azərbaycan mövqeyindən dönməyəcək. İşğaldan azad edilən ərazilər dərhal bərpa olunacaq .

Ermənistanın işğalçılıq siyasəti ilə beynəlxalq təşkilatlar iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində dinc sakinlər 2 yaşlı Zəhra və onun nənəsi 50 yaşlı Sahibə Quliyevanın qətlə yetirilməsi ilə əyani tanış oldu. Hadisədən dərhal sonra bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, siyasi xadimlər, nüfuzlu media nümayəndələri bu faktı pisləyərək Serj Sarkisyan rejimini vandallığa, işğala son qoymağa çağırdı. Dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu bildirdilər. Bəyanatlarda qeyd olundu ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərin səylərinin pozulmasına hesablanıb.

Oktyabrın 16-da İsveçrənin Cenevrə şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüş Ermənistanın danışıqlara qayıtması kimi dəyərləndirildi. Görüş nəticəsiz başa çatsa da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatında qeyd olundu ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar”.

Dünya gündəmini məşğul edən İraq Kürd Muxtariyyətinin və Kataloniyanın müstəqillik iddialarının iflasa uğraması, separatizmə qarşı sərt təpki göstərilməsi də Dağlıq Qarabağ probleminin Avropada bir daha xatırlanmasına səbəb oldu. Noyabrın 24-də Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» proqramına daxil olan ölkələrin Brüssel sammitinin bəyannaməsində dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərinin dəstəklənməsinin qeyd edilməsi də münaqişənin tənzimlənməsi istiqamətində Azərbaycanın haqlı mövqeyi ilə bir növ harmoniya təşkil etdi.

Noyabr ayının 20-21 tarixlərində Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri isə uzun müddətdir unudulan “Lavrov planı”nı yenidən yada saldı. Qeyd edək ki, bu plan 2011-ci il iyunun 24-də Kazan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü zamanı müzakirəyə çıxarılmışdı. Həmin sənəd Ermənistanın izolyasiyadan çıxması üçün Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonu Azərbaycana qaytarmasını və bunun müqabilində rəsmi Yerevan üçün bütün kommunikasiya xətlərinin açılmasını nəzərdə tuturdu. Həmin vaxt siyasi iradəsinin zəifliyi Sarkisyana razılaşmanı imzalamağa mane olmuşdu.

Politoloq Mübariz Əhmədoğlunun AzNews.az-a verdiyi məlumata görə, Rusiyanın münaqişənin tənzimlənməsi üzrə aktivliyi ATƏT-in Minsk qrupuna üzv ölkələr içərisində ağırlıq mərkəzinin dəyişməsi ilə bağlı oldu:

“Burada təmsilçi ölkələrdən Rusiya münaqişə üzrə danışıqlarda bir növ monopol mövqe tutmuşdu.Amma Amerika təmsilçisinn aktivliyi ilə vəziyyət dəyişdi. ABŞ təmsilçisi Riçard Hoqland xüsusi olaraq BMT rəhbəri ilə görüş keçirdi. Həmin görüşdən sonra BMT-də müzakirələr xeyli aktivləşdi. Amerikanın mövqeyində əsas aktivlik indiki səfir Endrü Şoferin fəaliyyətə başlamasından sonra baş verdi. Yeni səfir yeni metodologiya ilə işləyir. Amerikanın belə aktivləşməsi Rusiyanı narahat etdi. Baxmayaraq ki, onlar elan etmişdilər ki, Rusiya bu danışıqlar üzrə vasitəçilik etməyəcək. Yəni prezidentlərin görüşünün təşkili ilə məşğul olmayacaq. Bundan sonra Rusiya aktivləşdi. Gördünüz ki, Lavrov da regiona səfər etdi. Avropa İttifaqı sahəsində kifayət qədər ciddi uğurlarımız var. Avropa İttifaqı noyabrın 24-dəki sammitində Şərq tərəfdaşlığı ilə bağlı yekun bəyannamədə birbaşa göstərilib ki,üzv ölkələrin ərazi bütövlüyü dəstəklənir. Eyni zamanda MDB-yə üzv ölkələrdəki münaqişələr üzrə vahid yanaşma ortalığa qoyuldu ki, problemlər ərazi bütövlüyü çərçivəsində tənzimlənməlidir. Avropa İttifaqının yekun bəyanatında Minsk qrupunun adı çəkilmir. Yəni bu Azərbaycanın çox ciddi uğurudur. Azərbaycan dəfələrlə qeyd etmişdi ki, Azərbyacanın ərazi bütövlüyü digər dövlətlərin ərazi bütövlüyü qədər qiymətlidir”.

2018-ci il Azərbaycan və Ermənistan, eləcə də Rusiya üçün mühüm il olacaq. Çünki hər üç ölkədə prezident seçkiləri keçiriləcək. Azərbaycanın da, onun prezidentinin də Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməzdir. Bu, o deməkdir ki, Ermənistana hərbi-siyasi və diplomatik təzyiq davam etdiriləcək. Konkret təkliflər olmayacağı təqdirdə danışıqlara gedilməsi də sual altındadır. Müttəfiq ölkələr olan Ermənistan və Rusiyanın isə 2018-ci ildə hansı gedişatı edəcəyini təxmin etmək o qədər də çətin deyil.