Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Qarabağ zəfəri, mövcud durum və perspektivlər – III HİSSƏ

Qarabağ zəfəri, mövcud durum və perspektivlər – III HİSSƏ

Beləliklə,  regiondan rus qoşunlarının çıxmasında, bütövlükdə Cənubi Qafqazda və xüsusilə Azərbaycanda Rusiya və İranın təsiri və təhdidinin aradan qalxmasında maraqlı olan ABŞ, Britaniya, İsrail və xüsusilə qardaşımız Türkiyə var. Ermənistanda Rusiyanın təsirinin azalması və qoşunlarının çıxarılmasında isə bu dövlətlərə Ermənistan və erməniçiliyə real təsir göstərmək iqtidarında olan Fransanı da əlavə etmək lazımdır. Və ən nəhayət, bütün maraqların da üstündə duran Vətən eşqi, dövlət müstəqiiyi və ərazi bütövlüyümüzün qarantı olan Azərbaycan xalqı. Bir dəfə daha böyük kontingentə malik rus qoşununu artıq ərazimizdən çıxartmaq təcrübəsinə malik, minlərlə şəhid vermiş və yenə də verməyə hazır olan, tək yumruq halında birləşmək qabiliyyətini dəfələrlə nümayiş etdirmiş, 44 günlük müharibənin qalibi və qəhrəmanı olan şərəfli millətimiz!

Bu dövlətlərin Rusiyanın maraqlarına qarşı fəaliyyəti Cənubi Qafqazla kifayətlənmir. Belorusiyada antirusiya qüvvələri dəstəklənir, hətta Lukaşenko belə tədricən Rusiyanın əlindən alınır. Moldovada Amerika yönümlü, Dnestryanı əraziləri qaytarmaq və Rusiya qoşunlarının ölkəsindən çıxartmağı hədəfləyən hakimiyyət formalaşır. Ukrayna Donbas və Krımı qaytarmaq məqsədilə müharibəyə hazırlaşır, ərazisində Türkiyənin hərbi bazalarını yaratmaq istiqamətində fəaliyyətdədir. Rusiya özü iqtisadi sanksiyalara məruz qalıb, büdcəsi hər gün azalır, daxildə çoxsaylı iqtisadi və siyasi problemlərin həllinə çalışsa da, uğursuzluğa duçar olur, hər gün daha da zəifləyir və kasıblayır. Enerji daşıyıcılarının qiymətlərinin kritik səviyyədə ucuzlaşması durumu daha da dramatikləşdirir. Dünyanın müxtəlif yerlərinə səpələnmiş hərbi bazaları saxlamaq, hərbi əməliyyatları və qüdrətli ordunu isə həm də maliyyələşdirmək lazımdır.

Elə mövcud vəziyyətin göstəricisidir ki, iki yüz ildən artıq bir dövrdə Qafqazın mütləq hakimi olan, heç bir şəkildə Türkiyənin və hər hansı başqa dövlətin bu coğrafiyada mövcudluğunu həzm etməyən Rusiya, bu günki reallıqları nəzərə almağa, bütövlükdə regionu Türkiyə ilə bölüşməyə, Azərbaycanın öz təsiri altından çıxması ilə barışmağa məcburdur artıq. Dünən bütövlükdə işğal olunmuş əraziləri əlində saxlayan Rusiya, artıq həmin ərazilərin kiçik bir hissəsi, həm də Türkiyə ilə şəriklikdə əlində saxlamağa çalışır. Həm də Azərbaycanı deyil, Ermənistanı bu vasitə ilə əlində saxlamaq məqsədilə. Bunun özü belə kifayət qədər müəmmalıdır. Bizcə, 10 noyabr bəyanatına dövlət başçısının imza atmağı da elə məhz yuxarıda göstərilən təhlilinnəzərə alınması ilə mümkün olub. Divara dirənməkdə olan Rusiyanı zor müstəvisinə çəkməkdən, açıq konfrontasiyaya getməkdən, həm Qarabağda əldə olunan nəticələri, həm də bütövlükdə ölkəmizi risk altına atmaqdansa, problemin siyasi müstəvidə həllinə, “sülhməramlıların” müddətli olmasına və çıxardılma mexanizminin mövcudluğuna, ən əsası isə Türkiyə dövlətinin də razılaşdırılmış şəkildə sülhməramlı fəaliyyətdə iştirakına, yəni regionda hərbi mövcudluğuna nail olmaq, eləcə də “etnik təmizləmə” və sair buna bənzər ittihamlardan qurtulmağa hesablanmış addım atılmışdır. Hələ nəzərə alsaq ki, yuxarıda sadalandığı kimi, dünyanın əksər qüdrətli dövlətlərinin Rusiyanın bu ərazilərdən qoşunlarını çıxartmaq istiqamətində addımları bizsiz də davam edəcək, zərbəni üzərimizə götürməmək, əksinə, dividentlərdən yararlanmaq istəyimiz təbiidir. Həm də 26 il ərzində mövcud olmuş status kvonun dağıdıldığı, işğal olunmuş ərazilərimizin əksəriyyətinin, o cümlədən Şuşanın əlimizdə olduğu halda.

Bizcə, bütün qonşularla dinc və mehriban münasibətlər saxlamaqla yanaşı, dövlətimizin strateji maraqlarını təmin etmək, İran və Rusiyanın geosiyasi təsirindən qurtulmaq, ərazimizdən Rus qoşunlarının siyasi yolla çıxarılmasına və Qarabağ üzərində tam süverenliyimizin bərpasına nail olmaq və mövcud risklərdən sığortalanmaq məqsədilə dövlət rəhbərliyi və ictimaiyyətimiz bir sıra tədbirlər görməlidir:

  1. Türkiyənin həm Qarabağda, rus qoşunları ilə eyni xəttə, həm də ümumiyyətlə Azərbaycan ərazisində hərbi mövcudluğu təmin edilməli və gücləndirilməlidir.
  2. Rus qoşunlarının Qarabağın mərkəzi hissələrində mövcudluğunu və bu amildən istifadə edərək ölkə daxili situasiyaya təsir etmək imkanı əldə etdiyini nəzərə alaraq, Rusiyanı daxili təsir alətlərindən məhrum etmək məqsədilə, qanunverici və icraedici hakimiyyətində təmsil olunan rus 5-ci kalonunun tutduğu mövqelərindən tamamilə məhrum olunmasına nail olunmalıdır.
  3. 27 sentyabrdan başlayaraq, müharibə fonunda formalaşmış, analoqu olmayan milli birliyin qorunub saxlanmasını, hətta daha da güclənməsi təmin edilməlidir.
  4. Ölkənin iqtisadi qüdrətinin artırılması, biznes mühitinin güclənməsi istiqamətində zəruri addımlar atılmalıdır.
  5. Türkiyə ilə münasibətləri tənzimləyən münasibətlər sistemi dəqiqləşdirilməli və müqavilə ilə möhkəmləndirilməlidr.
  6. Ermənistan və dünya erməniçiliyi ilə münasibətlərdə təmas xətlərinin axtarışlarına başlanmalı, iki xalq arasında düşmənçiliyin əslində regionun iqtisadi, sosial, mədəni tərəqqisində maraqlı olmayan dövlətlərin siyasətinə şərait yaratdığını və bunun qarşısının alınmasında ilk növbədə region ölkələrinin maraqlı olduğu istiqamətində marifçilik işinə başlanmalıdır.
  7. Ermənistan ərazisindən zorla qovulmuş əhalinin dinc yolla, beynəlxalq təşkilatlar və məhkəmələr, eləcə də birbaşa danışıqlar vasitəsilə öz yurdlarına qaytarılması prosesinə start verməyin yollarını araşdırıb yol xəritəsi tərtib edilməlidir.
  8. Dövlətin və cəmiyyətin ictimai- siyasi resurslarını, bu işə Türkiyəni də geniş şəkildə cəlb etməklə cənub istiqamətində dərin milli konsepsiya hazırlanıb həyata keçirilməlidir. İran dövləti ilə münasibətlərin keyfiyyətcə yeni üsulları ilə yanaşı, bu ölkədəki Azərbaycan və ümumiyyətlə türk toplumu, onların istək və arzuları, təşkilat və birlikləri ilə geniş əlaqələrin qurulması, milli şuur və hədəflərin müəyyənləşməsində, iqtisadi güc və imkanlarının artırılmasında önəmli addımlar atılmalıdır.
  9. Bu istiqamətdə mümkün ola biləcək təhlükələrin qarşısının alınması istiqamətində fəaliyyəti gücləndirərək, İsrail dövləti ilə münasibətlərin yüksək səviyyədə saxlanması ilə yanaşı, Pakistanla münasibətləri daha da dərinləşdirmək, strateji müttəfiqlik səviyyəsinə çatdırmaq və Səudiyyə Ərəbistanı ilə əlaqələri daha səmərəli, üstün səviyyəyə yüksəltmək istiqamətində zəruri addımlar atılmalıdır.
  10. Mərkəzi Asiya dövlətləri ilə əlaqələr ən yüksək səviyyəyə qaldırılmalı, xüsusilə Özbəkistan Azərbaycan-Türkiyə birliyinin, əməkdaşlıq və qardaşlığının üçüncü elementinə çevrilməli, Ankara-Bakı-Daşkənd geosiyasi xətti möhkəmlənməli, keyfiyyətcə yeni səviyyəyə yüksəlməlidir.
  11. Mərkəzi Asiyanın digər dövlətləri ilə də xüsusi, yaxın iqtisadi, siyasi, ideoloji əməkdaşlıq münasibətləri qurulmalıdır.
  12. 44 günlük müharibənin qalibi, milli birliyin yaradıcısı və ümumiyyətlə mili dövlətimizin qurucusu və mövcudluğunun qarantı olan Azərbaycan Xalqı və Vətəndaşı dövlətimizin həqiqi sahibi kimi tanınmalı, sosial rifah, ədalətli məhkəmə, halal seçki və sair bu kimi mexanizmlərin təmin olunması məqsədilə islahatlara start verilməli və sürətlə həyata keçirilməlidir.

Bu deyilənlərin təmin edildiyi halda, eləcə də bütövlükdə dünyada və regionda baş verən geosiyasi prosesləri nəzərə alsaq deyə bilərik ki, Rusiya Gürcüstan və Azərbaycanı olduğu kimi, Ermənistanı da itirəcək. Bu isə Rusiyanı bütövlükdə Cənubi Qafqazdan kənarlaşmağa məcbur edəcək.

        Rusiya qarşısında yuxarda göstərilən ssenaridən fərqli nəzəri cəhətdən iki variant mövcuddur:

  1. Genişmiqyaslı, böyük müharibəyə getmək. Qarşıdurmanı artırmaq, hərbi eskalasiyanı son həddə çatdırıb Türkiyə və digər müttəfiqlərlə toqquşmaq.
  2. Türkiyə ilə ən azı situativ müttəfiqliyini davam etdirmək, hətta bir qədər də dərinləşdirib, regionda Azərbaycanın maraqları ilə ziddiyyət təşkil etməyən siyasi xətt yeritmək.

      Yuxarda göstərilənlərdən məlum olur ki, birinci variant yaxın gələcəkdə Rusiya üçün mümkün omayacaq.

      İkinci variant da şübhəli olsa da, bütün hallarda Azəbaycan ərazisindən rus qoşunlarının dinc yolla çıxması ilə nəticələnəcək.

Moldova, Ukrayna, Belorus, Suriya və Liviyada baş verən və verəcəyi proqnozlaşdırılan hadisələri, eləcə də Rusiyanın daxilindəki iqtisadi, sosial, siyasi situasiyanı da əlavə etsək deyə bilərik ki, Rusiya burada əslində məğlubiyyətə məhkumdur. Sovet İmperiyasının dağılması Qarabağdan başladığı kimi, Rusiyanın da çöküşü buradan başlanır. Bu isə Azərbaycanımızı Türkiyəmizlə birlikdə bütövlükdə regionun ən əhəmiyyətli güc və cazibə mərkəzinə çevirəcəkdir.Belə də olmalıdır. “Artıq tamah baş yarar” deyiblər. Rus millətinin faciəsi dövlətinin yürütdüyü imperialist siyasətdədir. Əslində dünyanın ən böyük ərazisinə malik, hər cür faydalı qazıntılarla zəngin, intellektual səviyyəsi yüksək və bu imkanları qarşısında olduqca  az saylı əhaliyə malik olan Rusiyanın vətəndaşları əbədi olaraq dünyanın ən zəngin və xoşbəxt insanları olmalı idilər. Lakin yarandığı gündən bəri bu dövlətin insanlarının əksəriyyəti yoxsulluq və səfalət içində yaşayır, üsyanlar və müharibələrlə məhv olur.

Əlbəttə ki, konkret sözü gedən “tələyə salma” (çöküşə məhkum etmə) əməliyyatında Rusiyanın “artıq tamahına” qida verən, tələyə pendir qoyan dövlətlər də var. Və onların fəaliyyəti bizcə əhəmiyyətli oldu. Bu dövlətlərin içində iki qardaşın duruşu xüsusilə möhtəşəm görsənir.

P.S. 1 dekabr 2020- ci ildə dünya agentliklərinin verdiyi məlumata görə, Türkiyənin Milli İstihbarat Təşkilatı ilə İsrailin Mossad (Milli Kəşfiyyat Xidməti) sıx əməkdaşlıq barədə saziş imzalayıb. Və bü saziş Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin vasitəçiliyi ilə baş tutub. MİT, Mossad və Mİ-6 sıx əməkdaşlığı, yəni Türkiyə, İsrail və İngiltərə strateji əməkdaşlığı! Həm də, və bəlkə də ilk növədə Cənubi Qafqazda! Və Qarabağda!

Paşa Həsənli

Azərbaycan Milli ElmlərAkademiyası

Tarix İnstitutunun əməkdaşı

BAO Mərkəzi Şurasının sədri

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …