Ana səhifə / Siyasət / Qarabağ: üç ssenari, iki yol! Hansını seçək? – TƏHLİL

Qarabağ: üç ssenari, iki yol! Hansını seçək? – TƏHLİL

Bir çoxu Ermənistanda baş verən hadisələrdə hələ də Rusiya izləri axtarmağa meylli olsalar da, hadisələr daha çox ona dəlalət edir ki, proseslər Kremli də qəfil yaxaladı. Bu ehtimal həm də o səbəbdən inandırıcı görünür ki, Moskva son vaxtlarda müxtəlif istiqamətlərdən o qədər geosiyasi həmlələrə məruz qalır ki, hətta “üzləri üz görmüş” Kreml strateqləri belə hər şeyi hesablamağa və hər şeyi nəzərə almağa macal tapmırlar.

Əvvəlcə V.Putinin S.Sarkisyanı təbrik etməsi, bunun ardınca D.Medvedevin K.Karapetyanla dərhal telefon əlaqəsi saxlaması və daha sonra yenə də V.Putinin iki dəfə Armen Sarkisyanla ölkədəki vəziyyəti müzakirə etməsi göstərirdi ki, Kremlin özündə bir çaşqınlıq vardı.

Neçə gündür davam edən etirazlarda geosiyasi şüarlar səslənməsə də, ğüstəlik, “məxməri inqilab”ın inkişaf trayektoriyası hələ tamam məlum olmasa da (Serj partiya sədrliyindən getdi, daşnaklar isə hakim partiya ilə koalisiyadan çıxdı!) rusiyalı politoloqlar Moskva üçün ən arzuolunmaz ssenariləri də nəzərdən keçirməyi unutmur, bir çoxu hətta birmənalı şəkildə iddia edirdi ki, İrəvan da Qərbə istiqamət götürəcəkdir.

Amma son günlərdən başlayaraq Kremlin davranışında ayılma duyuldu, əlaqələr işə düşdü və hətta hiss olundu ki, məsələ artıq bilavasitə V.Putin cənablarının nəzarətindədir.

Bütün bu proseslər təbii ki, bizim üçün ilk növbədə Dağlıq Qarabağ konteksində maraq doğrurur və indidən sual da yaranır ki, bu müstəvidə hansı yeniliklər yarana bilər?

Diplomatlarımız artıq bildirib ki, Ermənistanda hakimiyyətə gələcək sağlam qüvvələrlə konstruktiv və substantiv (təəssüf, diplomatlarımızın Dağlıq Qarabağ probleminə gətirdiyi yenilik hələki yalnız bu termindən ibarətdir!) danışıqları davam etdirməyə hazırdırlar.

Amma bunun üçün Ermənistanda öncə hakimiyyət məsələsi həllini tapmalıdır. Parlament baş nazir məsələsinə mayın 1-də baxmağı nəzərdə tutur. Fəqət, qısa müddətdə yalnız müvəqqəti hökumət qurula bilər, ümumi sabitliyin bərqərar olması olması üçün isə ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir və yalnız bundan sonra əsl legitim hökumət kabineti formalaşmala bilər. İndi Paşinyan çox iddialı görünür və baş nazir olmaqda israrlıdır. Amma istəmək və bacarmaq bir qədər fərqli anlayışlardır. Elə bu səbəbdən çoxu Nikol Paşinyanın kölgəsindəki oyunçuları görməyə tələsir. Bunlardan birinin hətta Levon Ter-Petrosyan olduğu deyilir. Fəqət, bu xüsusda dəqiq heç nə deyə bilmərik; bəli, Nikol Paşinyan bir vaxt Ter-Petrosyanla çox yaxın olmuşdu, amma bu yaxınlıq indi nə qədər qorunub saxlanır –təəssüf, bu haqda heç nə deyə bilmirik…

Ümumi halda, Dağlıq Qarabağ probleminin evolyusiyası həm də bir mühüm amildən də asılı olacaq – bu, da Ermənistanın gələcək geosiyasi oriyentasiyasıdır. Burada da üç ssenari gerçəkləşə bilər.

Birincisi, Ermənistan Rusiya ilə indiki sıx ittifaqını saxlayır. İkincisi, Ermənistan Rusiyadan məsafə götürür və nisbətən Qərbə, daha müstəqil siyasət aparmağa doğru dreyf edir. Üçüncüsü, Ermənistanda vəziyyətin ümumi stabilləşməsini gözləmədən biz ermənilərə növbəti hərbi həmləni edirik.

Birinci halda ciddi dəyişikliyin baş verəcəyini güman etmirik, çünki bu halda əvvəllərdəki kimi, söz sahibi yenə Kreml olacaq. Qeyd edək ki, bu günlərdə Ermənistanda yaşanan dinamik proseslərə rəğmən belə ehtimal da kiçik deyil.

Etiraz aksiyalarında demək olar ki, geosiyasi çağırışların heç səslənməməsi, əksər müxalif qüvvələrin Dağlıq Qarabağ məsələsində bəzən“qarabağlı həmkarlar”ından da kəskin mövqelər sərgiləməsi, xüsusən də bir çox hallarda hətta ən qərbçi demokratların belə ən azı populizm xatirinə vətənpərvər -millətçilərlə yarışması bir daha diqtə edir ki, bu ssenarini də kənara tullamayaq.

Amma daha maraqlısı, əlbəttə ki, ikinci ssenaridir. Bu halda müəyyən yeniliklərin, hətta Kreml üçün sürprizlərin olması mümkündür. Ən azı ona görə ki, bəzi Qərb analitikləri Bakı ilə İrəvanın münaqişəsini həm də iki ölkənin müxtəlif geosiyasi müstəvilərdə qərar tutması ilə izah edirdilər və elə bu səbəbdən düşünürük ki, belə vəziyyətdə İrəvan fərqli davranış nümayiş etdirə bilər.

Burada Azərbaycanın özünün də iki cür davranışı mümkündür. Ən birincisi, dəfələrlə yazmışıq ki, Qarabağ problemində Bakı üçün ən böyük perspektiv Ermənistan – Rusiya ittifaqında “çat” yaranan zaman meydana çıxacaqdır. Bu səbəbdən hətta adi vətəndaşlarımız da ilk olaraq bunu düşünürlər– Rusiya ilə Ermənistan arasında soyuqluq yaranan kimi dərhal bundan faydalanmaq.

Bəzi rusiyalı politoloqlar da açıq şəkildə buna işarə edir və onların arasında Bakıya simpatiyası ilə seçilənlər Azərbaycan üçün yeni şansın yarana biləcəyini deyirlər. Amma bu ssenarinin də öz risqləri var və bu da ilk növbədə ondan ibarətdir ki, Qərbə dreyf edəcəyi halda Ermənistan yeni ünvandan da müəyyən dəstək alacaq.

Fəqət, düşünürük ki, əsas bu, deyil. Daha uzunmüddətli sülh və sabitlik üçün Rusiyadan məsafə götürən Ermənsitana şans da vermək olar, bəlkə elə doğrudan bunlar otuz ildən sonra nəhayət, adam kimi hərəkət etməyə və düşünməyə başlayacaqlar?

Sözsüz ki, bunlar ehtimallardır. Azərbaycanda ən çox səslənən tezislərdən biri budur ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq onun Dağlıq Qarabağ siyasəti dəyişməyəcəkdir, çünki on illər ərzində bunlar özləri üçün axmaq “böyük Ermənistan doktrinası” uydurublar və onun məntiqilə də hərəkət edirlər.

Bu yanaşmada da həqiqət var, özü də böyük həqiqət. Amma başqa presedent də var axı! Azərbaycan torpaqlarının hamısı L.Ter-Petrosyanın vaxtında işğal olunmuşdu. Amma o, bir gün anladı ki, Bakı ilə dil tapmadan nə Dağlıq Qarabağ probleminin həlli, nə də Ermənistanın bir dövlət kimi inkişafı və tərəqqisi mümkün deyildir…

Ona görə də düşünmək ki, belə hal unikal bir hadisə idi və bir daha heç vaxt Petrosyan presedenti təkrar oluna bilməz – bu, əlbəttə yanlışlıq olardı. Ən əsası isə bilirsinizmi nədir? Azərbaycan artıq Ermənistanın ən pis, murdar sifətini də görübdür və hətta belə bir Ermənistanı da yerində oturtmaq iqtidarında olduğunu göstəribdir.

Ona görə də bizə elə gəlir ki, İrəvanda hakimiyyətə gələcək yeni qüvvələr bütün hallarda koçaryanlardan, sarkisyanlardan konstruktiv və anlaqlı olacaqlar – təbii ki, “məxməri inqilab” öz məntiqi sonluğunadək davam edərsə…

Bütün hallarda unutmaq lazım deyil ki, Kremlin həm Ermənistana, həm də Azərbaycana təsir etmək üçün bir əsas “rıçaq”ı vardır – o, da Qarabağdır və aydın məsələdir ki, bunu Bakıda da gözəl başa düşürlər, İrəvanda da. Elə bu səbəbdən demək olar ki, otuz illik əsəb savaşı birdən –birə enməyəcək və bizə toxtaqlıq verən budur ki, bu savaşda Bakının üstün gəlmək şansları daha böyükdür.

Nəhayət, gələk, üçüncü ssenarinin üzərinə. Yada salaq ki,ermənilər özləri dəfələrlə bizə qarşı belə ediblər –ərazilərimizin çoxu ölkədə dərin siyasi böhranlar yaşanan zamanlar və Bakıda ciddi hakimiyyət boşluğu yaranan vaxt işğal olunubdur.

Başqa detal isə budur ki, Kreml əgər duysa ki, İrəvandakı proseslər ona sərf etməyən məcraya yönəlir, o halda Ermənistanı cəzalandırmaq üçün bizə yaşıl işıq da yandıra bilər…

Amma bu günlərdə bizi ən çox təəccübləndirən Azərbaycanın qeyri–adi ehtiyatkarlığı, tez–tez “Düşmənin cəhbə xəttində təxribatlarının qarşısını almaq üçün bütün tədbirlər görülür!” tipli bəyantaların səslənməsi oldu.

Əslində isə ermənilər bizdən ehtiyat etməlidirlər ki, Azərbaycan nəsə edə bilər, ən azı ona görə ki, bizim torpaqlarımızın böyük hissəsini məhz Bakıda siyasi böhranlar yaşanan zamanlarda işğal etmişdilər ki, bunu bir daha qeyd etmək zorundayıq…

Sonda daha bir detalı qeyd etmək istərdik. Ermənistanın demokratik dövlət kimi imicinin möhkəmlənməsi də bizim üçün problemlər yaradacaq, ona görə ki, bu axmaq ölkənin sərsəm ideoloqlarının ən əsas arqumenti indiyədək bu olub ki, guya erməni xalqı ilə azərbaycanlılar arasında siyasi-psixoloji, hətta mental uyuşmazlıq var, guya “azad xalq” olan ermənilər kölə azərbaycanlılarla birgə yaşaya bilməz.

Son illərdə tolerantlıq və multikulturalizmlə bağlı Bakının apardığı geniş təbliğat İrəvanın qara təbliğatını xeyli dərəcədə sarsıdıb.

Amma bir az əvvəldə səsləndirdiyimiz məqamı da unutmamalıyıq. Bilməliyik ki, Azərbaycan haqda səslənən və möhkəmlənən hər neqativ fikir son nəticədə Ermənistanın xeyrinə yönəlir…

Hüseynbala SƏLİMOV

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …