Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Qarabağ məsələsi Ukraynadakı böhranın girovuna çevrilir

Qarabağ məsələsi Ukraynadakı böhranın girovuna çevrilir

2015 nizamlama prosesi tarixinə ən passiv il kimi düşə bilər; danışıqlardakı durğunluq təkcə Rusiya-Qərb “soyuq savaşı” iləmi bağlıdır?..
2015-ci ilin tam 5 ayı arxada qaldı. Lakin hələ ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bu il simvolik və ənənəvi hərəkətliliklə də yadda qalmayıb. Ötən ilin 27 oktyabrından bu yana nəinki Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində, heç iki ölkənin xarici işlər nazirləri səviyyəsində belə düz-əməlli görüş olmayıb. Yada salaq ki, prezidentlərin – İlham Əliyev və Serj Sərkisyanın növbəti təması payızda – BMT Baş Məclisinin sessiyası çərçivəsində planlaşdırılır.

Söz yox ki, Ukraynaya görə ikinci ildir gedən Rusiya-Qərb “soyuq savaşı” Qarabağ konfliktinin də həll perspektivinə öz neqativ təsirini göstərir. Postsovet məkanı uğrunda mübarizədə isə Dağlıq Qarabağ probleminin Kreml üçün önəmi xüsusilə artıb. Moskva bu münaqişənin həllinə indi heç vaxt olmadığı qədər Qərbin maraqları kontekstində baxır. Yəni belə hesab edir ki, Qarabağ probleminin yoluna qoyulması Rusiyanın Güney Qafqazdan birdəfəlik əl çəkməsinə gətirə bilər.

Elə ABŞ və Avropanın timsalında Qərbin özü də Qarabağ məsələsinə yanaşmada əvvəlki dönəmlərdəki kimi həvəsli və təşəbbüskar görünmür. Bir səbəbə toxunuldu – Qərb daha bir konfliktli zonada Rusiya ilə tezliklə toqquşmaq istəmir və nəzərə alır ki, Ukrayna böhranının yaranması ilə Güney Qafqazın Kremldən ötrü önəmi, dəyəri bir neçə dəfə artıb.
Həm Moskvada, həm də Vaşinqtonda və Brüsseldə, şübhəsiz, onu da ciddiyə alırlar ki, Güney Qafqazın problemlərinə (Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya) qayıtmaq üçün ən əlverişli dövr, məqam Ukrayna böhranını tarixin arxivinə verəndən sonra başlaya bilər. Ukraynadakı böhran isə, belə görünür, hələ çox çəkəcək.
Bir sözlə, Dağlıq Qarabağ hazırda xeyli dərəcədə Ukraynadakı böhranın girovuna çevrilmiş kimi görünür.
*****
Ötən 5 ayda işğalçı Ermənistan qorxusundan daha güclü şəkildə Rusiyaya sığınıb ki, bu da nizamlama prosesini tormozlayan başqa bir səbəb kimi qeyd oluna bilər. Məsələn, yanvarın 15-dən Ermənistan rəsmi olaraq Putinin Avrasiya İttifaqına üzv olub. Bu da öz növbəsində onsuz da söz sahibliyi olmayan rəsmi İrəvanı Qarabağ məsələsində daha hüquqsuz duruma yuvarladıb.

Rusiyanın Qarabağ məsələsində passivliyinin motivi bəllidir. Əlində unikal imkan və rıçaqlar ola-ola, gerçək budur ki, Moskva 25 ildir münaqişəni həll etməyə maraq göstərmir. Qərbin, özəlliklə Avropa Birliyinin imkanları nisbətən az olsa da, o da işlək deyil. İşğalçı Ermənistana, Azərbaycana münasibətdə ikili standartlar özünü göstərir.

Mövcud şərtlər fonunda Qarabağ münaqişəsinin həll perspektivlərindən danışan ABŞ-Azərbaycan İnkişafa Dəstək Fondunun baş eksperti Aleksey Sinitsin hesab edir ki, “Azərbaycan heç kimə arxayın olmamalı və özünün maraqları kontekstində başa düşməlidir ki, nə Avropa Birliyi, nə də NATO Dağlıq Qarabağ konfliktinin həllində öz üzərilərinə hətta minimal təşəbbüsü belə götürə bilməz” (vesti.az).

Yaranmış vəziyyətdə, əlbəttə ki, Azərbaycanın öz hərbi qüdrətini günbəgün artırmaqdan savayı yolu qalmır. Döyüş qüdrətimizin artırılması isə həm də NATO üzvü, qardaş Türkiyə ilə hərbi quruculuq sahəsində iki və çoxtərəfli əməkdaşlığı dərinləşdirməkdən keçir. O sırada son vaxtlar keçirilən birgə hərbi təlimlərin önəmi əvəzedilməzdir.

Belə təlimlər həmçinin Rusiyanın Dağlıq Qarabağ konfliktini istənilən an öz maraqları naminə qızışdırmaq planları qarşısında da effektli çəkindirici amil sayılır. Son vaxtlar Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığının genişlənməsi və keçirilən ortaq təlimlər də bu kontekstdə az əhəmiyyət kəsb eləmir və bölgədə Kremlin də ciddiyə almalı olacağı yeni güc faktorunun formalaşmasına aparır.

Yeri gəlmişkən, dünən Türkiyə, Azərbaycan və Gürcüstanın “Qafqaz qartalı” adlı birgə hərbi təlimləri başlayıb. Bu barədə Türkiyənin Baş Qərargahının rəsmi saytında məlumat verilib. Məlumata görə, birgə təlimlər Türkiyədə mayın 31-dən iyunun 10-na kimi davam edəcək.

*****
Ermənilər isə Ukrayna böhranı ilə başlayan yeni situasiyada da düşmən axtarışındadır. Özü də bu düşməni o, xaricdə axtarır. Düşdükləri ağır iqtisadi durumun gerçək səbəbini özləri üçün araşdırmaq, Rusiya girovluğundan qurtulub öz qonşuları ilə münasibətləri normallaşdırmaq əvəzinə, Ermənistan Kremlin forpostu rolu oynamaqda davam edir, Azərbaycanı, Türkiyəni əsas xarici düşmənlər qismində görür, öz xalqına bu çürük və yalnız qaranlıq gələcək vəd edən ideologiyanı aşılayır.

“Əlbəttə ki, bu gün xarici təhdidlərlə bağlı təhlükə var. Ancaq biz hər şeyi edirik ki, dövlətimiz təhlükəsiz olsun, xalqımız təhlükəsiz yaşasın. Təhlükə isə bizim xarici düşmənlərimizdən gəlir”. Musavat.com-un məlumatına görə, bu sözləri Ermənistan prezidentinin baş hərbi müfəttişi Mikael Arutunyan erməni jurnalistləri ilə söhbətində deyib.

Onun bu fikrinə 1in.am saytı kinayəli bir reaksiya verib. “Arutunyan əmindir ki, daxili təhlükələr yoxdur və təhlükəsizlik məsələlərində həm iqtidar, həm də müxalifət yekdildir. Onun, yəqin, xəbəri yoxdur ki, son 4-5 ildə Ermənistanı geridönməz şəkildə hər il 40-50 min adam tərk edib. Bu, ölkəmizin təhlükəsizliyini hədələmir ki?” – sual edib nəşr.

“Mən istəməzdim ki, ermənilərdən kimsə ölkəni tərk eləsin. Mən Ermənistana gəlmişəm və istəyirəm ki, hamı qayıtsın” – bildirib baş hərbi müfəttiş. “Ancaq Arutunyan bilmir ki, Ermənistanda iftar varlılar var, bir də ifrat kasıblar, bilmir ki, məmurlar varlıdır, sıravi vətəndaşlar isə – kasıb”, – deyə nəşr ona iradını bildirib. Baş müfəttiş isə “Mən bilmirəm bu informasiya sizdə haradandır” deməklə haqlı iradlardan canını qurtarıb.

Bu kiçik dialoq bir daha işğalçı ölkədə məmur təbəqəsi ilə, daha dəqiqi, Ermənistan rəhbərliyi ilə erməni xalqı arasında nə boyda uçurum olduğunu və cəmiyyətin aparılan xarici siyasətdən nə dərəcədə narazı qaldığını əyani göstərir. Nə yazıq ki, bu narazılıq hələ ki, yalnız passiv formadadır. Hələ ki…

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın