Ana səhifə / Siyasət / Qarabağ danışıqları sual altına düşə bilər-təhlükəli gəlişmə – ŞƏRH

Qarabağ danışıqları sual altına düşə bilər-təhlükəli gəlişmə – ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti ələ keçirdikdən sonra ilk olaraq Azərbaycan ərazilərinə, işğal atındakı Dağlıq Qarabağa səfər etdi və buradan danışıqların perspektivi barədə absurd iddialar səsləndirdi. Bu mövqe indiyədək müzakirə mövzusudur.

Baş nazirin Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız İrəvanın adından danışmağa hazır olduğunu bildirməsi, separatçı rejimin danışıqlara cəlb olunması zərurətindən danışması danışıqların perspektivini sual altına qoyur. Çünki rəsmi Bakı daim bəyan edib ki, Dağlıq Qarabağ separatçılarını heç zaman tərəf olaraq qəbul etməyəcək, erməni icması Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlar apara bilər. Azərbaycan daim bildirir ki, Qarabağ münaqişəsi üzrə danışıqlar formatının dəyişdirilməsi qeyri-məqbuldur. Paşinyan isə iddia etmişdi ki, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir. Nikol Paşinyanın sözlərinə görə, əgər tərəflər problemi həqiqətən həll etmək niyyətindədirlər, nəzərə almalıdırlar ki, “məsələnin həllinin başlıca komponenti danışıqların düzgün formatda aparılmasıdır”.

N.Paşinyanın “Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər vardır, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax Respublikası (tanınmamış DQR-red.) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır”, – bəyanatı hətta Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın da etirazına səbəb olub. Keçmiş prezident Paşinyanı siyasi səhvə yol verməkdə qınamışdı. Çünki təcrübəli Petrosyan əmindir ki, Bakı ilə diktə dilində danışmaq Ermənistana yaxşı heç nə vəd etmir.

Bəzi ekspertlər isə iddia edir ki, N.Paşinyan Serj Sərkisyanın Qarabağla bağlı kursundan imtina edir və bu da danışıqların taleyini sual altına alır. Bu günlərdə isə Ermənistan XİN-in yeni rəhbəri Zöhrab Mnatsakanyan danışıqların növbəti anonsunu verib. Maraqlıdır ki, erməni nazir bu barədə Rusiya XİN başçısı Sergey Lavrovla telefon danışığından sonra açıqlama verib. Deməli, Ermənistan budəfəki raundla bağlı da Moskvadan təlimat alıb. Yaxın günlərdə isə Minsk Qrupunun həmsədləri İrəvana, “tanışlıq” səfəri edəcəklər.

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Dağlıq Qarabağın ayrıca subyekt kimi danışıqlar prosesində iştirak etməsi mümkün deyil: “Belə bir tələbin imperativ şəkildə irəli sürülməsi Minsk prosesinin tamamilə sıradan çıxması deməkdir. Bu baxımdan əgər Ermənistan xarici işlər naziri danışıqların bərpa olunması barədə bəyanat verirsə, deməli Paşinyan əvvəlki mövqeyindən çəkilib, ya da Dağlıq Qarabağın tərəf kimi prosesə qatılması tələbini danışıqlar zamanı irəli sürəcək. İkinci halda danışıqlar prosesini davam etdirmək mümkün olmayacaq. Bu isə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsini son seçim kimi gündəmə gətirəcək. Paşinyan İrəvanın danışıqlar prosesindən çıxdığı barədə açıq bəyanatla çıxış etmək imkanında deyil. Əksinə, o çalışacaq ki, Azərbaycanı daha çox qıcıqlandırsın və həmsədr dövlətlərlə rəsmi Bakı arasındakı münasibətlərə zərbə vursun”. E.Mirzəbəylinin sözlərinə görə, yaxın bir neçə ərzində biz həm Ermənistanın, həm də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi müstəvisində çoxsağlı manipulyativ manevrlərinin şahidi ola bilərik: “Paşinyan isə bacardığı qədər vaxt udmağa çalışacaq. Moskvanin son günlər sərgilədiyi davranışları nəzərə alsaq, şimal qonşumuzun da bu prosesə ən yaxşı halda, müşahidəçi kimi yanaşacağını söyləmək olar. Rusiya KİV-ləri Ermənistanda baş verən hadisələr və Paşinyan haqqında kəskin mövqe sərgiləsələr də, bütün bunlar Kremlin siyasətində nəzərə çarpmır. Əksinə, Moskva yeni hökuməti özünə bağlamaq üçün daha çox stimullaşdırıcı addımlar atmağa çalışır. Hər halda, göz önündə olan mənzərə belədir. Bu səbəbdən də danışıqlar prosesi və münaqişənin həlli ilə bağlı Rusiyanın konkret mövqeyinin ortaya qoyulmasına çalışmaq lazımdır. Yaranmış vəziyyət və Rusiya mediasının apardığı təbliğat belə düşünməyə əsas verir ki, Kreml Ermənistandakı vəziyyət sabitləşənədək “başımızın altına yastıq qoymaq” niyyətindədir. Buna qətiyyən imkan vermək olmaz”.

“Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq”. “Report”un xəbərinə görə, bu, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alıb. “ATƏT-in Minsk qrupunun həmsədri kimi, Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”, – D.Tramp əlavə edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ABŞ prezidentinin 28 May Cümhuriyyət bayramımızla bağlı Azərbaycan prezidentinə göndərdiyi iki məktubu müqayisə etdiyini bildirib: “Məktublarda eyni cümlələr çoxdur, ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cümlələrdə ciddi fərq var. Donald Trampın 2017-c ilin may ayında İlham Əliyevə göndərdiyi məktubda Dağlıq Qarabağla bağlı yalnız bu cümlə yer alıb: “Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”. Tramp builki təbrik məktubunda isə birincisi, Qarabağla bağlı cümlələrin sayını ikiyə çatdırıb, ikincisi ilk cümləsində nəyəsə işarə edib: “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaq. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Birləşmiş Ştatlar bu münaqişənin sülh yolu ilə dayanıqlı həlli üçün Sizinlə əməkdaşlığı səmimiyyətlə arzulayır”. Görəsən Tramp “qarşıdan gələn aylar” dedikdə nəyi nəzərdə tutur? Bəlkə Ağ Ev administrasiyası Ermənistanda yeni hakimiyyətə ümid bəsləyir və ya özü qollarını çırmalayaraq Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşmaq istəyir? Əgər belə bir istək varsa, il ərzində Tramp Azərbaycan və Ermənistan prezidentərini Ağ Evə dəvət etməlidir. Trampın verdiyi vədlərini -Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina – yerinə yetiriyini müşahidə edirik. Ona görə də Ağ Ev sahibinin İlham Əliyevə göndərdiyi məktubdakı sözlərin də boş mahiyyət daşımadığına inanmaq istərdik”.

E.Şahinoğlu “Yeni Müsavat”a onu da bildirdi ki, bu arada Nikol Paşinyan Azərbaycanla Qarabağ danışıqlarının bərpasında maraqlıdır: “Ancaq bundan əvvəl Paşinyan və onun yeni xarici işlər naziri Minsk Qrupunun həmsədrləri ilə görüşməlidirlər. Bundan sonra həmsədrlər Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllinə baxışlarını rəsmi Bakıya çatdırmalıdırlar. Düşünürəm ki, il ərzində iki ölkənin xarici işlər nazirləri bir araya gələcək. Buna baxmayaraq, hazırki şərtlə daxilində danışıqlardan irəliləyiş gözləmək əbəsdir”. Ekspert bildirdi ki, Ermənistanın yeni hakimiyyətinin mövqeyində dəyişiklik sezilmir: “Naxçıvanda baş verən son hadisə də bundan xəbər verir. Digər tərəfdən Nikol Paşinyan “danışıqlarda mütləq şəkildə Qarabağ təmsilçiləri də iştirak etməlidir” yanaşmasından vaz keçməsə, ümumiyyətlə, gələcək görüşlərin özü sual altına keçə bilər. Ermənistanın keçmiş hakimiyyət nümayəndələri də bu istəklərini keçmiş illərdə dilə gətirmişlər, ancaq heç nəyə nail olmadıqda danışıqların mövcud formatı ilə razılaşmaq məcburiyyətində qalmışlar. Ermənistanın yeni hakimiyyəti də bu formatı qəbul etmək məcburiyyətində qalacaq. Onlara izah edəcəklər ki, bu formatdan imtina cəbhə bölgəsində gərginliyin artmasına gətirib çıxara bilər”.

Ekspertlərimizin dedikləri bir daha onu təsdiqləyir ki, Paşinyanın yeni iddialar irəli sürməsinin arxasında əslində Rusiya planı dayanır. Moskva indi də Qarabağ separatçılarını danışıqlara cəlb etmək cəhdləri ilə status-kvonu saxlamaq istəyir. Elə ötən həftə Rusiya rəsmisinin Abxaziyada Dağlıq Qarabağ separatçıları ilə görüşü də bundan xəbər verir. Rəsmi Bakının bununla bağlı etirazına isə Rusiya XİN rəsmisi əcaib bir reaksiya vermişdi…

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …