Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Qafqaz və Təfəkkürün ardınca, digər lazım olmayan universitetlər də bağlanmalıdır”

“Qafqaz və Təfəkkürün ardınca, digər lazım olmayan universitetlər də bağlanmalıdır”

Özəl ali məktəb olan Təfəkkür Universitetinin ardınca, Qafqaz Universitetinin də fəaliyyətinə xitam verilməsi ümumilikdə ali təhsil sistemi ilə bağlı müxtəlif sualların yaranmasına yol açmaqdadır.
Hər iki universitetin Təsisçilər Şurası maliyyə məsələlərini qabartsalar da, gerçəklik fərqli situasiyanı ortaya qoyur.
Üstəlik, xeyli sayda müəllim və tələbə kontingentinin ilin-günün bu vaxtında üzləşdiyi çətinliklər onların əhvalına təsirsiz ötüşməyib.
Ümumilikdə, Təfəkkür və  Qafqaz Universitetlərinin fəaliyyətlərinin dayandırılması digər özəl və ali məktəblərə nə deyir?
 
Müəllim heyətinin işsizlik problemi necə yoluna qoyulmalıdır?
Təhsil eksperti Etibar Əliyev mövzuya aydınlıq gətirib. O  bildirib ki, lazım olmayan ixtisasların, ali məktəblərin fəaliyyəti dayandırılmalıdır.
“Akkreditasiya şöbəsi öz işini təkmilləşdirməlidir”
“Təhsil Nazirliyinin nəzdində Akkreditasiya şöbəsi fəaliyyət göstərir. Akkreditsiya  şöbəsi ali məktəblərdə təhsilin keyfiyyətini qiymətləndirir. Şübhəsiz ki, komissiyanın müəyyənləşdirdiyi kriteriyalara əməl olunmayacaqsa, hətta, dövlət universitetlərində belə, bir neçə ixtisasların qapadılması məsələsinə baxıla bilər. Bütün dünyada bunun sivil üsulu budur. Təfəkkür Universiteti bağlanarkən belə əsaslandırıldı ki, 2016-ci ildə  akkreditasiya müddəti bitib. Bu da əsas götürülüb. Əslində, akkreditasiya şöbəsi öz işini təkmilləşdirməli və çox yüksək səviyyədə qurmalıdır. Həmçinin, bu gün ölkə üçün lazım olmayan, böyük xərclər tələb edən həm dövlət vəsaitini, həm də əhalinin gəlirlərinin səmərəli xərclənilməməsinə gətirib çıxaran ixtisaslar, yaxud da ali məktəblər dayandırılmalıdır”.
Təhsil eksperti, Qafqaz  Universitetinin fəaliyyətinin dayandırılmasından danışarkən, yeni universitetin yaranacağını da istisna etməyib.
“Qafqaz Universiteti Türkiyənin proyekti olub”
“Qafqaz Universiteti təhsilin keyfiyyəti ucbatından bağlanmadı. Fəaliyyətinin dayandırılmasının əsas xətlərindən biri Türkiyə tərəfindən diplomların tanınmaması olub. Diplomların tanınmaması məsələsi önəmli rol oynayır. Çünki Qafqaz Universiteti Türkiyə tərəfinin proyekti olub. Bu universitetin bağlanması üçün həmin qərar əsaslı rol oynadı. İkincisi, Qafqaz Universitetinin bazasında Mühəndislik Universiteti formalaşacaq. Bu, ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Mühəndislik məktəblərinin Qərb ölkələrində, xüsusilə, Türkiyədə geniş şəbəkəsi var. Ölkənin inkişafı, insan kapitalının formalaşması  üçün həmin universitetlərin rolu olacaq. Bu proyekti Mühəndislik Universiteti tamamlayacaq.
Universitetlərin bağlanması faktı onu göstərdi ki, istər dövlət ali məktəbləri, istərsə də özəl ali məktəblər öz fəaliyyətlərini korrektə etməlidirlər. Həmçinin, akkreditasiya prosesinə yaxşı hazırlaşmalıdırlar”.
“Müəllimlər, mütləq işlə təmin olunmalıdır”
Etibar Əliyevin sözlərinə görə, fəaliyyəti dayandırılan universitet müəllimləri işsiz qala bilməz:
“Müəllimlərin başqa universitetlərə yerləşdirilməsi mütləq təmin olunmalıdır. Müəllimlər işlə təmin olunmalıdırlar. Şübhəsiz ki, həmin tələbə kontingenti digər ali məktəbələrə köçürüləcəksə, tələbələrin sayında mütləq dəyişiklik olacaq. Tələbə sayında dəyişiklik olduğuna görə həmin  müəllimləri indiki şəraitdə işsiz saxlamaq olmaz. Etiraf etmək lazımdır ki, Qafqaz Universitetinin müəllimləri həm təcrübəli, həm də  yüksək elmi potensiala malik olan müəllimlərdir. İstər Təhsil Nazirliyi, istərsə də  digər qurumlar müəllimlərin işlə təmin olunmasına şərait yaratmalıdırlar”.(modern.az)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın