Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Qərbi Azərbaycan adı ilə fəaliyyət göstərən təşkilatlar niyə birləşmir?

Qərbi Azərbaycan adı ilə fəaliyyət göstərən təşkilatlar niyə birləşmir?

Ölkədə Qərbi Azərbaycan adı ilə fəaliyyət göstərən çoxlu sayda təşkilat var. Başa düşürük ki, Qərbi Azərbaycan mövzusu da bizim yaralı yerimizdir və həmin istiqamətdə fəaliyyət mütləq mənada olmalıdır. Ancaq bu adla fəaliyyət göstərən təşkilatların məqsəd və məramları ilə tanış olanda məlum olur ki, əksəriyyəti bir-birini təkrar edir.

Onların arasında, hətta bir neçə mühacir hökuməti adına iddia edənlər də mövcuddur. Bu cür ağır missiyanı birləşərək daha effektiv aparmaq yaxşı olardı, yoxsa pərakəndə şəkildə?

Irəvan Türk Cümhüriyyəti adlı qurumun Mətbuat Xidmətinin rəhbəri Təbriz Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu çox gözəl mövzudur: “Qərbi Azərbaycanla bağlı çoxsaylı təşkilatların fəaliyyətinə normal baxmışam. Mən həmin təşkilatların hər birinin fəaliyyətinə dəstək vermişəm. Çünki bizim apardığımız mübarizə düşmənə yönəlib. Mühacir hökumətlərin bir-birini təkrarlamasına isə münasibətim fərqlidir. Bir il əvvəl mənə də müraciət edildi ki, belə bir mühacir hökuməti yaradılır. Bu təklifə çox sevindim. Düşündüm ki,  Qərbi Azərbaycanla bağlı təşkilatların hamısı məsələyə eyni cür yanaşacaq. Qərbi Azərbaycan Mühacir Hökumətinin (QAMH)  yaradılmasına bir çox təşkilatlar dəstək verdi. Bir müddət sonra bəzi təşkilatlar QAMH-dakı fəaliyyətini dayandırdı. Həmin təşkilatlardan biri özünü respublika elan etdi. Mühacir dövləti qurmaq çox çətindir. Biz bir ildir ki, strukturu qura bilmirik. Bəzi adamlar elə bilir yalnız adı elan etməklə iş bitir. Elə mühacir hökumətlər var ki, elan olunan kimi bütün dövlətin strukturlarını bəyan edirlər. Belə sürətli gedişlə elə zənn etdim ki, tezliklə adlarında yazılan əraziləri də azad edəcəklər. Bunu nə vaxt yaratdılar, harada formalaşdırdılar? Biz o torpaqlara bütöv şəkildə iddialıyıq. Mühacirətdə ola-ola oranı da parçalamaq doğru deyil. Bütün bunların bizim mübarizəmizə heç bir  təsiri ola bilməyəcək. Hesab edirəm, Qərbi Azərbaycanla bağlı effektiv fəaliyyət göstərən  bir mühacir hökuməti var, o da bizim yaratdığımızdır. Yaxşı olar ki, bu mübarizəyə qoşulanlar bizimlə birlikdə olsunlar”.

Göyçə-Zəngəzur Respublikasının prezidenti Rizvan Talıbov isə qəzetimizə açıqlamasında bildirdi ki, əvvəl QAQB kimi 16 ildir fəaliyyət göstərirlər: “Bu illər ərzində səmərəli və effektiv mübarizə aparırıq. Biz həmin ərazilərdən qovulan soydaşlarımızın hüquqlarının bərpasına nail olmağa çalışırıq. Bu istiqamətdə fəaliyyət göstərən digər təşkilatların da fəaliyyətinə normal yanaşırıq və onların da mübarizəsini təqdir edirik. Ordumuzun şanlı qələbəsindən sonra biz hesab etdik ki, qarşımıza qoyduğumuz qələbəmizə çatmaq üçün yeni fazaya keçməliyik. 2018-ci il 30 iyun tarixində  bizim Birliyin 2-ci qurultayı keçirilib. Qurultayın qərarında Göyçə-Zəngəzur Respulikasının yaradılması öz əksini tapıb. Bizim Respublika bütün Ermənistan ərazisini əhatə edir.  Qısa müddət keçməsinə baxmayaraq, səmərəli fəaliyyətimizi qururuq.  Yaxın zamanda Respublikanın parlament rəhbərliyini formalaşdıracağıq. Ermənistandan qovulan vətəndaşlarımızın doğma yurdlarına qayıtması istiqamətində ciddi fəaliyyət ortaya qoyacağıq. Müxtəlif mühacir hökumətləri olsa da, biz onların səmərəli fəaliyyətini görməmişik. Bir il əvvəl Türkiyədə elan olunmuş qurum da öz legetimliyini təsdiq etməyib. Biz Ermənistandan qovulan azərbaycanlıların hüquqları uğrunda istənilən təşkilatla əməkdaşlığa razıyıq. Bunun ümumi işimizə xeyri olar. Təəssüf ki, biz əməkdaşlığa maraq hiss etmirik. Belə istək olarsa, onu məmnuniyyətlə dəyərləndirə bilərik”. (Bakı-Xəbər)

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …