Ana səhifə / Siyasət / “Qərar Rusiyanın razılığı ilə verilib”

“Qərar Rusiyanın razılığı ilə verilib”

Qarabağın Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində rus dili “ikinci rəsmi dil” elan olunub. Separatçıların oyuncaq parlamenti “dil haqqında qanun”a bu barədə əlavə edib. Müvafiq “qanun layihəsi” bu gün “parlament”də təsdiqlənib.

Sənədə əsasən yazışmalar erməni dili ilə yanaşı, ehtiyac olarsa, rus dilində də aparılacaq, iki dildə çap məhsullarının, dərsliklərin, arayış kitabçalarının, müxtəlif ədəbiyyatın nəşri təşviq ediləcək.

“Artsaxda Rusiya sülhməramlılarının uzunmüddətli mövcudiyyəti, çoxsaylı sosial və kommunikasiya problemlərinin birgə həllinin vacibliyi, tikinti, səhiyyə, elm və təhsil sahələrində əməkdaşlıq rus dilinin rolunun yenidən qiymətləndirilməsini zəruri edir” – deyə, “sənəd”də qeyd olunur.

Azərbaycan Xarici İşlər Nazirliyi hələlik separatçıların bu qanunsuz adımına reaksiya verməyib.

Xatırladaq ki, prezident İlham Əliyevin bir ay əvvəl – fevralın 26-da bildirib ki, Qarabağda rus dili rəsmi dil ola bilməz.

“Azərbaycanın bir rəsmi dili var! Xarici əsgərlərin Azərbaycan ərazisində fəaliyyət göstərməsi müvəqqəti xarakter daşıyır. Bu, hərbi baza anlamına gəlmir. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə, onların fəaliyyətinə son veriləcək! Xocalıya da biz qayıdacağıq. Ermənistan tərəfi bunu anlamalıdır! “Arsax” dövləti olmayıb və olmayacaqda! Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!”- deyə, Prezident vurğulayıb.

“Oyuncaq qurumdur, onun qəbul etdiyi qərarın legitimliyi, hüquqi qüvvəsi ola bilməz”

Vəkil Fuad Ağayev hadisəni şərh edərkən “pressklub.az” satytına bildirib ki, “Dağlıq Qarabağ Respublikası” adlı dövlət olmadığına görə onun parlament kimi təqdim etdiyi qurumun qərarının da hüquqi qüvvəsi ola bilməz: “Belə bir dövlət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Qondarma dövlətin parlamenti də oyuncaq qurumdur, onun qəbul etdiyi qərarın legitimliyi, hüquqi qüvvəsi ola bilməz. Hüquqi baxımdan əhəmiyyətsiz qərardır. Ad qoymaqla deyil axı. Kimsə kiməsə “əjdaha” adı verməklə, o, əjdahaya çevrilmir”.

Vəkil bu qərarı ermənilərin siyasi oyunu – Rusiyaya yarınmaq cəhdi hesab edir: “Primitiv siyasi oyundur. Niyyət də budur ki, gələcəkdə də Rusiyanın köməyi ilə o əraziləri nəzarətdə saxlaya bilsinlər. Bu da həmin məqsədə xidmət edən bir jestdir”.

F. Ağayev hesab edir ki, Azərbaycan parlamenti hələ də işğal altında olan ərazilərdəki idarəçiliklə bağlı qanun qəbul etməlidir: “Həmin ərazilər tədricən Azərbaycan qanunvericiliyi əsasında idarə olunmalı, orada bizim dövlət orqanlarının fəaliyyəti bərpa edilməlidir. Bizim parlament bu haqda qanun qəbul etməlidir”.

“Artıq bu məsələdə baş verənlərə görə məsul sayacağı tərəf Ermənistan deyil”

Siyasi şərhçi Şahin Cəfərli də bildirir ki, qərarın hər hansı hüquqi qüvvəsi yoxdur və ola da bilməz – bu, bizim üçün mübahisəsiz məsələdir.

“Amma hadisəni Ermənistanın növbəti qeyri-konstruktiv addımı və yaxud Qarabağdakı bir ovuc separatçının yığışıb, verdiyi əhəmiyyətsiz qərar kimi qiymətləndirmək səthi yanaşma olardı”- deyə, təhlilçi qeyd edib.

Ekspert vurğulayır ki, Rusiya tərəfindən sülhməramlı əməliyyatın keçirildiyi Azərbaycan ərazisində, yəni faktiki olaraq, Rusiya dövlətinin cavabdeh olduğu zonada Azərbaycan dövlətinin suverenliyinə zidd addımlar atılır, Bakının iradəsindən kənar proseslər cərəyan edir, bu, narahatlıq doğuran əsas məqamdır: “Təkcə oyuncaq “parlamentin” toplaşıb, hansısa qərarlar qəbul etməsi faktının özü artıq ciddi siqnaldır. Bu, bir daha göstərir ki, separatçı rejim və onun qurumları fəaliyyətini davam etdirir. 

Rusiyanın icazəsi olmadan isə bu, mümkün deyil. Sülhməramlıların komandanlığı şərait yaratmasa, yaxud göz yummasa, Xankəndində 10 adam bir yerə toplaşa bilməz, nəinki özünü “parlament” və ya “hökumət” adlandıran qanunsuz qurumlar. Artıq bu məsələdə Azərbaycanın ittiham edəcəyi, baş verənlərə görə məsul sayacağı tərəf Ermənistan deyil. 

Ermənistanın Qarabağdakı separatçılar üzərində təsiri ola bilsin ki, hələ davam edir, hərçənd, Paşinyanın şəxsi düşməni Vitali Balasanyan “Təhlükəsizlik Şurasının sədri” kimi separatçıların arasında əsas söz sahibinə çevrildikdən sonra onun Ermənistan hökumətinin təlimatı ilə hərəkət etdiyini söyləməyə əsas yoxdur. Amma bununla yanaşı, Ermənistandakı bəzi qüvvələrin, konkretləşdirsək, qarabağlı keçmiş prezidentlər Koçaryan və Sarkisyanın separatçılar üzərində təsirini istisna etmək olmaz”.

Ş. Cəfərli hesab edir ki, hətta belə bir təsir olsa belə, yenə də biz sülhməramlı əməliyyat zonasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təhdid mahiyyəti daşıyan əməllərdə Rusiya amilinin rolunu gözardı edə bilmərik.

“Bu səbəblə, Azərbaycan dövləti öz qınaqlarını, narazılıqlarını Rusiyaya ünvanlamalı, suallarına Moskvadan cavab istəməlidir”,-ekspert qeyd edib.

Siyasi şərhçi dil məsələsinin ötən il 44 günlük müharibənin yekununda imzalanmış 10 noyabr Bəyanatından qısa müddət sonra gündəmə gətirilməsini xatırladır: “Bu barədə yayılan xəbərlərə Rusiya tərəfinin rəsmi mövqeyi, yumşaq desək, xoşagələn olmamışdı. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2 dekabr, 2020-ci il tarixində jurnalistlərin mövzuya dair sualına cavab olaraq demişdi ki, Moskva başqa ölkələrdə rus dilinin istifadə olunmasını alqışlayır, lakin bu dilə rəsmi status vermək həmin ölkələrin daxili işidir: “Əlbətə, biz bunu hər vəchlə alqışlayırıq və bundan sonra da rus dilinin yayılmasına və öyrənilməsinə dəstək verməyə hazırıq, bunu öz vəzifəmiz sayırıq”.

O, əlavə etmişdi ki, Qarabağda rus dilinə rəsmi dil statusu verilməsi məsələsi danışıqların mövzusu deyil, bu, de-fakto situasiyadır. Putinin sözçüsünə Qarabağda rus dilinə xüsusi status verilməsi barədə sual ünvanlanır, o isə bunu ölkələrin daxili işi adlandırır. Hansı ölkə? Axı Peskov yaxşı bilirdi ki, söhbət Bakıda – Azərbaycan parlamentində irəli sürülmüş təklifdən getmir. Onun verdiyi mesaj bu idi ki, Moskva bu “de-fakto situasiya”ya isti baxır, çünki rus dilinin yayılması, populyarlaşdırılması Rusiyanın dövlət siyasətidir”.

Ekspertin sözlərinə görə, sirr deyil ki, rus dili Moskvanın öz təsirini yaymaq, nüfuzunu genişləndirmək, möhkəmləndirmək üçün istifadə etdiyi əsas “yumşaq güc” vasitələrindən biridir: “Xüsusən də “yaxın xaric” adlandırdıqları keçmiş SSRİ məkanı bu baxımdan Rusiya üçün çox önəmli, həyati əhəmiyyətli coğrafiyadır. Moskva geosiyasi rəqiblərinin bu coğrafiyaya nüfuz etmək cəhdlərinə çox ağrılı yanaşır, hətta bunu birbaşa Rusiya əleyhinə yönəlmiş qəsd kimi qəbul edir. Gürcüstan, Ukrayna və Moldova nümunələri hər kəsin məlumudur. 

Moskva vaxtilə Abxaziya, Cənubi Osetiya və Dnestrdə sülhməramlı əməliyyata başladıqdan bir müddət sonra yerli əhaliyə Rusiya pasportları paylamağa başlamış, 2008-ci ildə Gürcüstan ordusu Cənubi Osetiyada hərbi əməliyyata başlayanda bunu Rusiya vətəndaşlarına hücum kimi qiymətləndirərək hərbi müdaxilə etmişdi. Moldovanın Dnestr ərazisində, eləcə də Ukraynanın Donetsk və Luqansk regionlarının işğal olunmuş hissəsində də yerli əhalinin önəmli qismi Rusiya pasportu daşıyır. Bu amil Moldova və Ukrayna dövlətlərinin həmin ərazilərdə öz suverenliyini təmin etməsini xeyli çətinləşdirir. Məsələn, Ukrayna sabah itirdiyi əraziləri hərbi yolla geri qaytarmaq istəsə, qarşısında Rusiya Federasiyası Silahlı Qüvvələrini görəcək. Qarabağda erməni separatçılarının rus dili ilə bağlı qərarı da buna xidmət edir, onlar bu tip addımlarla özlərini sığortalamağı hədəfləyir, Rusiya isə öz növbəsində problemin qəti, birdəfəlik həllini istəmədiyi üçün “gec partlayan mina”ların basdırılmasında maraqlıdır ki, gələcəkdə ehtiyac duyanda onlardan istifadə etsin.

Yəni demək istədiyimiz odur ki, Rusiyanın indiyədək postsovet məkanında keçirdiyi sülhməramlı əməliyyatlar mərkəzi hökumətlərin nəzarəti itirdikləri ərazilər üzərində öz suverenliyini bərpa etməsi ilə nəticələnməyib”.

Ş. Cəfərli vurğulayır ki, əlbəttə, bu, heç də o demək deyil ki, Qarabağda da eynisi baş verəcək və Rusiya burada Abxaziya və C.Osetiya, ya da Dnestr, Donbas modellərindən birini tətbiq edəcək.

“Azərbaycan rəhbərliyi bütün bu neqativ təcrübələrdən yaxşı xəbərdardır və şübhə yoxdur ki, bundan sonra da Rusiya ilə ikitərəfli əlaqələrini mümkün qədər isti saxlamağa çalışacaq, şimal ayısının aqressivləşməsinə əsas yaradacaq addımlar atmayacaq. Amma reallıq budur ki, biz öz qərarlarımızda, seçimlərimizdə, siyasətimizdə Rusiya amilini əvvəllər əgər bir dəfə düşünürdüksə, indi iki dəfə düşünmək zorundayıq. Çünki gələcəkdə Moskvanın Qarabağda hansısa təhlükəli ssenarini işə salmayacağına yüzdə yüz təminat yoxdur”,- deyə siyasi şərhçi vurğulayıb.

“Separatçı rejimin rəsmi dil qərarı da Moskvanın razılığı ilə verilib”

Siyasi şərhçi Rauf Mirqədirov isə bildirir ki, ermənilərin bu adımının ilk səbəbi Rusiyaya xoş gəlmək cəhdi kimi görünür, amma başqa səbəb də var: “Hazırda Azərbaycanın o ərazilərində iki paralel hakimiyyət var – qondarma rejim və Rusiya administrasiyası. Başqa sözlə, Rusiyanın müxtəlif dövlət orqanlarının yerli təmsilçiləri – fövqəladə hallar, təhsil, nəqliyyat və s. Bu paralel strukturlar arasında müəyyən kommunikasiya olur. Onların əlaqəsi üçün ən optimal variant rus dilidir. İndiyədək Dağlıq Qarabağda kommunikasiyalar Yerevana bağlı idi. Erməni dili bunun üçün yetərli idi. Ermənistanda rus dili əvvəl də o qədər populyar olmayıb.

İşğal dövründə Dağlıq Qarabağ erməniləri arasında rus dili öz zərurətini, tətbiq imkanlarını bir qədər də itirib. İndi isə belə bir zərurət yaranıb. Ruslarla kommunikasiyada erməni dilindən istifadə oluna bilməz. Bunun üçün gərək oradakı ruslara erməni dili öyrədilsin. Bu isə həm də Azərbaycan tərəfindən etirazlara səbəb ola bilər. Kommunikasiya üçün ən uyğun variantı rus dilinin ikinci rəsmi dil elan olunmasını görüblər. Praktik səbəb budur. 

Düzdür, bəziləri düşünə bilər ki, bu addımdan sonra oradakı ermənilərə Rusiya vətəndaşlığı verilməsi prosesi başlaya bilər. Rus dili rəsmi dil elan edilməsə də, bu risk var. Yəni bu qərarın vətəndaşlıq riski ilə birbaşa bağlılığı olduğunu düşünmürəm. Rusiya istəsə, həmin ərazilərdə yaşayan ermənilərə öz vətəndaşlığını verə bilər. Bunun üçün rəsmi dil proseduruna ehtiyac yox idi”.

Mirqədirov hesab edir ki, separatçı rejimin rəsmi dil qərarı da Moskvanın razılığı ilə verilib. 

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağdakı ermənilər Rusiya administrasiyası ilə razılaşdırılmamış heç bir ciddi addım atmır, ata da bilməz: “On noyabr bəyanatında sülhməramlı adlandıralan qüvvələr təmas xəttində ayırıcı qüvvə kimi fəaliyyət göstərməli, məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etməliydilər. Amma faktiki orada yeni, paralel administrasiya fəaliyyət göstərir. Bütün sahələrə təsir göstərir, yeni strukturlar yaradılır… Məhz bu səbəbdən mən onları “sülhməramlı” adlandırmıram. 

Problemin həlli üçün ilk növbədə sülhməramlıların tərkibi dəyişdirilməli, “onlar nəyi edə bilər, nəyi edə bilməz” kimi məsələlərə aydınlıq gətirilməlidir. Hətta humanitar yardımların edilməsi üçün də Azərbaycanın razılığı olmalıdır. Orada tikinti işləri aparılması üçün ruslar inşaat materialları gətirəndə Azərbaycana xəbər verilibmi? Xeyr. Şəxsən mənim üçün o ərazilərin ermənilərin, yoxsa rusların nəzarətində olmasının heç bir fərqi yoxdur. Hətta rusların nəzarətinin riski daha çoxdur”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …