Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Qələbəmizdən sonra diplomatik korpusumuzun fəaliyyəti elə də qənaətbəxş görünmür” – Arzuxan Əlizadə

“Qələbəmizdən sonra diplomatik korpusumuzun fəaliyyəti elə də qənaətbəxş görünmür” – Arzuxan Əlizadə

Erməni lobbisi ABŞ Konqresində yenidən fəallaşıb. ABŞ konqresmeni, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Kris Smit Dağlıq Qarabağ üçün maliyyə yardımı ayrılmasını təklif edib. Kris Smit Qarabağdakı separatçılara 50 milyon dollar verilməsini istəyib.

 Bu barədə ABŞ-ın “Hay Data” erməni komitəsi məlumat yayıb.

Nümayəndələr Palatası Alt Komitəsinin rəhbərlərinə göndərilən məktubda Smit 2020-ci ilin sentyabrında “Azərbaycanın başlatdığı müharibə nəticəsində Türkiyənin Dağlıq Qarabağda geniş dəstəyi ilə minlərlə insanın öldüyünü və yaralandığını, insanların evsiz qaldığını və həyati infrastrukturların məhv edildiyini” qeyd edib.

Daha sonra o, məktubun davamında bunları yazıb: “Qarabağın təhlükəsizliyi, mənzil, tibbi yardım və infrastrukturun bərpası üçün ən azı 50 milyon dollar məbləğində humanitar yardım verilməlidir”.

Görünən odur ki, erməni lobbisi yerində sakit dayanmaq fikrində deyil. Hər vasitə ilə separatçı tör-töküntüləri yenidən dirçəltmək istəyir. O baxımdan, Konqresdən gələn bu təhlükələri necə neytrallaşdırmaq olar?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadə bununla bağlı bir sıra məqamlara toxundu: “ABŞ konqresmeni Kris Smitin Dağlıq Qarabağ üçün maliyyə ayrılması barədə təklifi bizim üçün təəccüblü deyil. Çünki bu ideyanın müəllifi təkcə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü kimi yox, həm də davamlı olaraq ermənipərəst mövqeyi ilə tanınır. Məsələ burasındadır ki, artıq xristian təəssübkeşliyi beynəlxalq hüququn tamamilə arxa plana keçməsinə şərait yaratmaqdadır. Smit Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyini vurğulayır. Ancaq 1992-ci ildə “Azadlığı Müdafiə Aktı” adı altında Amerikanın Azərbaycana yönəlmiş ədalətsiz qərarını yada salmaq istəmir. Azərbaycan Respublikası bu ədalətsiz “907-ci düzəliş”ə əsasən, Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımdan məhrum edilən yeganə subyekt idi. O zaman bu düzəliş qəbul edilərkən səbəb olaraq guya Azərbaycanın Ermənistanı blokada şəraitində saxlamasını bəhanə gətirirdilər. Bu necə blokada idi ki, ermənilər elə Amerika, Rusiya, Fransadan olan havadarlarının bilavasitə dəstəyilə 20 faiz Azərbaycan torpaqlarını işğal etmiş və otuz ilə yaxın bir müddət ərzində Qarabağın dağlıq hissəsi də daxil olmaqla, ətraf yeddi rayonumuzu işğal altında saxlamışdılar”.

AMİP sədrinin fikrincə, K.Smit indi də Qarabağdakı separatçılara 50 milyon dollar verilməsini istəyir: “Bəs 30 ilə yaxın bir müddət ərzində Azərbaycan vətəndaşları öz dədə-baba yurdlarından didərgin salınaraq çadırlarda, məhrumiyyətlər içərisində yaşayanda, bütün mal və mülkləri ermənilər tərəfindən vəhşicəsinə yağmalananda bu “cənablar” harada idilər? Gözləri kor, qulaqları kar idimi? Əlbəttə ki, yox. Smit və onun kimilər bu torpaqlarda baş verənləri, kimin haqlı, kimin haqsız olduğunu çox yaxşı bilirdilər. Sadəcə, erməni lobbisinin bu siyasətbazların boğazına tökdüyü paralar və ən əsası da xristian təəssübkeşliyi bunların əsas qayəsi olduğu üçün belə mövqe sərgiləyirlər. Elə bu ruhda da davam edəcəklər. Bütün bunların fonunda məlum reallıq bundan ibarətdir ki, Azərbaycan diplomatiyası, xaricdəki diaspor təşkilatlarımız ölkə həqiqətlərini dünyaya çatdırmaq üçün fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırmalıdırlar. Təəssüf ki, qələbəmizdən sonra diplomatik korpusumuzun fəaliyyəti elə də qənaətbəxş görünmür. Başa düşməliyik ki, düşmən yatmır, bizim qələbəmizin fonunda daha da aqressivləşib və bizi istəməyən qüvvələrlə birlikdə ölkəmizə qarşı fəaliyyətini bir qədər də artırıb. Bu səbəbdən də heç bir halda arxayınlaşmaq olmaz. Erməni toplumunu dərindən tanıyan biri kimi deyəcəyim odur ki, millət və dövlət olaraq daha çox çalışmalıyıq”.

Partiya sədri onu da qeyd etdi ki, 44 günlük Vətən savaşı günlərində olduğu kimi, dəmir yumruğumuzu düşmənlərimizin başına birlikdə vurmalıyıq.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …