Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Putinə görə təhqir olunan partiya sədri: “Məni başa düşmürlər”

Putinə görə təhqir olunan partiya sədri: “Məni başa düşmürlər”

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə sosial şəbəkələrdə tənqid hədəfinə tuş gəlib. Buna səbəb partiya liderinin Ukraynadakı müharibə ilə bağlı Prezident Volodimir Zelenskinin ünvanına səsləndirdiyi aşağılayıcı fikirlər olub. Belə ki, müharibənin ilk günündən aşkar şəkildə Rusiyanın mövqeyini dəstəkləyən A. Əlizadə Prezident Vladimir Putinin Ukraynaya hücum əmrinin doğru olduğu qənaətindədir. Tənqidlərə, hətta ağır təhqirlərə baxmayaraq, keçmiş deputat mövqeyində qalmaqda israrlıdır.

Modern.az-ın əməkdaşı Araz Əlizadə ilə əlaqə saxlayaraq, geniş kütlə tərəfindən tənqid olunmasına, niyə Rusiyanı dəstəkləməsinə münasibət öyrənməyə çalışıb. Partiya sədri ilə söhbəti təqdim edirik:

– Əvvəlcə, qeyd edim ki, sizin Ukraynadakı müharibə ilə bağlı mövqeyiniz birmənalı qarşılanmır, sosial mediada tənqid olunursunuz. Bununla bağlı fikirlərinizi bilmək istərdik. Tənqidlərə necə baxırsınız?

 – Mənim öz ağlım və öz fikirlərin var. Mən öz düşüncələrimi ifadə edirəm. Sosial mediada fikirlərimi necə qarşılayırlar, bu məni heç maraqlandırmır.

– Azərbaycanda əksər insanlar, hətta bir çox partiya sədrləri, ekspertlər Ukraynanı dəstəkləyir, siz isə tamamilə başqa mövqedəsiniz. Necə deyərlər, əks qütblərdəsiniz. Bəs, siyasətçilərdən Ukraynaya hücum edən ölkənin müdafiəsinə qalxdığınıza görə sizə iradlarını bildirənlər olubmu?

– Vaxtilə ölkədə əksər insanlar Xalq Cəbhəsinin hakimiyyətə gəlməsini istəyirdilər. Mən isə AXCP-nin hakimiyyətə gəlməsini istəmirdim. İndi mən nə edim? İnsanlar vaxtilə məni başa düşməyiblər. İndi də başa düşmürlər. Artıq iradlar mənə maraqlı deyil. Mən öz mövqeyimin doğru olduğunu düşünürəm və buna əminəm.

– Bilmək istərdik, Rusiyanın, o cümlədən Prezident Putinin haqlı olduğunu nə ilə əsaslandırırsızınız? Axı söhbət bir ölkəyə silahlı hücumdan, minlərlə günahsız insanın ölümündən gedir…

– Rusiyaya başqa çıxış yolu buraxmadılar. Rusiyanın ölüm-dirim məsələsi qalmışdı. Əgər Ukrayna NATO üzvü olsaydı, ora yerləşdirilən Amerika raketləri 4 dəqiqə ərzində Moskvanı vura bilərdi. Rusiya bundan müdafiə oluna bilməzdi. Rusiya buna görə də, dekabr ayında ümumi təhlükəsizlik məsələsinin həll edilməsini təklif etdi ki, Ukrayna və Gürcüstanın NATO-ya qəbul olunması məsələsi dayandırılsın. İndi qışqırırlar ki, onsuz da qəbul etməyəcəkdik.

– Ukraynanın NATO-ya qoşulması sizi niyə bu qədər narahat edir?

– Ukraynada parlament tərəfindən NATO-ya daxil omaq haqqında qərar ölkə konstitusiyasına zidd qəbul olunmuşdu. Ancaq bu qərar referendumla qəbul olunmalıydı. Ona görə də, Putin Rusiyanın gələcəyini düşünərək belə addımı atmalı oldu. Doğrudur, müharibənin olmasını istəməzdim, ancaq yeganə çıxış yolu bu idi.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …