Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Prokuror Yunuslara 20 il həbs cəzası istədi

Prokuror Yunuslara 20 il həbs cəzası istədi

Dövlət ittihamçısı Leyla Yunusun 11, Arif Yunusun isə 9 il azadlıqdan məhrum edilməsini tələb edir; müttəhimlərin vəkilləri onların bəraət almasına nail olmaq niyyətindədirlər; “Human Rights Watch”: “Onlar dərhal azadlığa buraxılmalıdır”

Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla və Arif Yunusların məhkəməsi davam edib. “Turan”ın xəbərinə görə, prosesi bu dəfə də yarımqapalı şəraitdə keçirilib. Belə ki, məhkəməni izləməyə gələn jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri zala buraxılmayıb.

 
Vəkillər məlumat veriblər ki, proses zamanı Arif Yunusun vəziyyəti yenidən pisləşib. O, məhkəmə zalına gətirilərkən durumu yaxşı olmayıb. Bu səbədən iclas başlayan kimi Leyla Yunus həyat yoldaşının vəziyyətinin agır olduğunu, ona təcili şəkildə tibbi yardim göstərilməli olduğunu bildirib. O, Arif Yunusun infarkt həddində olduğunu deyib. 
Arif Yunus salındıqları şüşə kabinədə otura bilmədiyi üçün oradakı skamyanın üstünə uzadılıb. Vəziyyətin gərgin olduğunu görən hakimlər prosesdə fasilə elan ediblər, məhkəmyə həkim cağırılıb.
Fasilədən sonra dövlət ittihamçısı çıxış edib və ittihamların təsdiqini tapdığını deyib. Prokuror Leyla Yunusa 11, Arif Yunusa 9 il azadlıqdan məhrumetmə cəzası istəyib.
Vəkil: “Bunun nəyi cinayətdir?” 
“Arif Yunusun 9 il müddətinə həbs olunması barədə prokurorun təklifi tamamilə əsassızdır”. Bunu A.Yunusun vəkili Əfqan Məmmədov deyib. O, jurnalistlərlə söhbətində bildirib ki, dövlət ittihamçısının yekun çıxışında yeni heç nə olmayıb, prokuror mahiyyətcə ittihamnaməni təkrar edib və A.Yunusun cinayətinin nədən ibarət olduğunu açıqlamayıb. Belə ki, onu dələduzluqda ittiham edərkən istintaq A.Yunus kimin vəsaitini mənimsədiyini, kimin etibarından sui-istifadə edərək onu aldatdığını açıqlamayıb. “İttihamın bütün mahiyyəti ondan ibarət olub ki, A.Yunus pullarını özünün bir hesabından başqa bir hesabına köçürüb. Digər bir cinayət isə odur ki, Arif Yunusun xaricdə yaşayan qardaşı onun mənzil alması üçün pul verib. Bunun nəyi cinayətdir?” deyə, vəkil qeyd edib.
O deyib ki, 24 şahidin heç biri A.Yunusun əleyhinə ifadə verməyib.
 
L.Yunusun vəkili Ramiz Məmmədov prokurorun çıxışı ilə razı olmadığını bildirib. Onun sözlərinə görə, müdafiə tərəfi yekun çıxışın hazırlanması üçün 10 gün vaxt istəyib, lakin məhkəmə cəmi 3 gün vaxt verib.
Müttəhimlərin vəkilləri onların bəraət   almasına nail olmaq niyyətindədir. Proses avqustun 10-da davam etdiriləcək. Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin  178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilirlər. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub. “Amnesty International” təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.
“Human Rights Watch”: “Bu, məhkəmənin siyasi sifarişli proses olduğunu təsdiqləyir”
 
“Azərbaycan hakimiyyəti ağır vəziyyətdə olan yaşlı hüquq müdafiəçiləri Leyla və Arif Yunuslara qarşı təqiblərə son qoymalı, onları dərhal azad etməlidir”. 
“Human Rights Watch” təşkilatının yaydığı bəyanatda belə deyilir.  “Leyla və Arif Yunusların təqib olunması və həbsi ədalət mühakiməsinin parodiyasına çevirlib, onların səhhətinin pis olduğunu nəzərə alsaq bu cür məhkəmə prosesi yalnız qınaq doğurur”, – HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hyu Uilyamson bildirib. “Bu yaşlı adam nə dərəcədə xəstədir ki, hətta otura da bilmir. Bu, məhkəmənin oyunbazlıq, siyasi sifarişli proses olduğunu təsdiqləyir” deyə, o qeyd edib.
“Leyla və Arif Yunusların tibbi yardıma ehtiyacı var. Azərbaycanın beynəlxalq tərəfdaşları qətiyyətlə və yekdilliklə bu məhkəmə prosesini pisləməlidirlər” – Hyu Uilyamson bəyanının sonunda vurğulayıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın