Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Professor Vaqif Abdullayev: “Ermənistan və onun havadarları cənab Prezidentin bu sərt xəbərdarlığından düzgün nəticə çıxarmalıdır”

Professor Vaqif Abdullayev: “Ermənistan və onun havadarları cənab Prezidentin bu sərt xəbərdarlığından düzgün nəticə çıxarmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində bir daha deyib ki, Dağlıq Qarabağ yoxdur,  Qarabağ   və  Şərqi Zəngəzur iqtisadi rayonu var: “Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər”.

Göründüyü kimi, Prezident bir daha ermənilərə və onların havadarlarına sərt xəbərdarlıq edib ki, çeynənmiş status söhbətlərini kənara qoysunlar. Bu xəbərdarlıqdan ermənilər və onların havadarları hansı nəticəni hasil etməlidir?

“Ermənistan və onun havadarları cənab Prezidentin bu sərt xəbərdarlığından düzgün nəticə çıxarmalıdır”

Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev “Bakı-Xəbər”ə bildirdi ki, 2020-ci il sentyabrın 27-dən başlayan və noyabrın 10-da Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq və şərəfli səhifəsidir: “Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi və dünyaya əsl hərb qüdrətini nümayiş etdirdi.

İlham Əliyev Azərbaycanın zəngin dövlətçilik tarixinə itirilmiş torpaqları geri qaytaran qalib sərkərdə kimi daxil oldu. Azərbaycan həm də indiyə qədər tam qoruya bilmədiyi sərhədlərinin mühafizəsini bərpa etdi. Sovetlər Birliyindən əvvəl də, İttifaqın tərkibində olanda da sərhədlərimizi başqaları, sovet sərhədçiləri qorumuş, son 30 ildə Ermənistanla müharibə sərhədçilərimizin öz ərazilərində keşik çəkməsinə imkan verməmişdi. Nəhayət, 200 ildən sonra müstəqil Azərbaycan dövlətinin öz əsgəri öz sərhədində keşik çəkir. Bu zəfər bütün dünyada böyük əks-səda doğurdu, dünyanın bir çox ölkələri 44 gün ərzində çətin iqlim şəraitində, ağır relyefdə Azərbaycan hərbçilərinin bu qədər sürətlə və peşəkarlıqla böyük bir ərazini düşməndən azad etməsini yaxşı mənada heyrətlə qarşıladılar.

Azərbaycan həm də dünya siyasi tarixinə ilk yenilik gətirən hadisəyə imza atdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin yarandığı vaxtdan indiyə qədər dünyada ilk haldır. Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır.  Prezident İlham Əliyev ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı da bəyan etdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ancaq Ermənistan və onun havadarı olan bəzi ölkələr Azərbaycanın  yaratdığı bu reallıqlarla barışmaq istəmir. Yenidən Minsk Qrupunu dirildib, status məsələsini gündəmə gətirməklə bağlı uğursuz cəhdlər edirlər. Hesab edirəm ki, Ermənistan və onun havadarları cənab Prezidentin bu sərt xəbərdarlığından düzgün nəticə çıxramalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …